Mehman Hüseynovun Azərbaycandan çıxışına qadağa qoyulub

“Biletimi alıb, çantalarımı qaytardılar”

Source: Meydan TV
Mehman Hüseynov ölkədən buraxılmadı


“Biletimi alıb, çantalarımı qaytardılar”

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri, bloger Mehman Hüseynov ona ölkəni tərk etmək qadağasının qoyulduğunu bildirib.

Məlumatı Mehman Hüseynov “Facebook” səhifəsində yayıb.

O bildirib ki, aprelin 9-da “AZAL”-ın Bakı-Berlin reysinə gedərkən sərhəd nəzarət məntəqəsində bildiriblər ki, onun ölkədən çıxmasına Azərbaycan Baş Prokurorluğu tərəfindən qadağa tətbiq edilib.

Mehman Hüseynov deyib ki, ölkədən çıxışının qadağan edilməsi üçün heç bir hüquqi əsas yoxdur:

“Çünki iki illik həbs cəzasını tam şəkildə çəkib və azad edildikdən sonra xarici pasport almışam. Həbsdən çıxan kimi ilk növbədə fikiləşdim ki, bütün sənədlərimi bərpa edim, özümü əsl Azərbaycan vətəndaşı olaraq hiss edim. Növbəti addım fəaliyyətimi, sağlamlığımı bərpa etdirmək idi. Bu ay mənim xarici ölkələrdə çox mühüm görüşlərim – beynəlxalq təşkilatların numayəndələri ilə görüşlərim, Avropa Şurasında, Avropa parlamentində, ATƏT kimi qurumlarda Azərbaycan haqda çıxışlarım olmalı idi. Ən əsası mən xaricə gedib səhhətimdə olan çox ciddi problemləri həll etməli, muayinədən keçib cərrahi əməliyyat olunmalı idim. Səbəb odur ki mən Azərbaycan səhiyyəsinə inanmıram, bu səhiyyənin altında ölmək istəmirəm!”

Mehman Hüseynov yazıb ki, gömrük işçisi pasportuna baxaraq, dərhal telefonu götürüb və harasa zəng vurub:

“Polislər yaxınlaşır və gömrük işçiləri bildirirlər ki, ölkədən çıxışınıza qadağa qoyulub. Şoka düşdüm bir anlıq. Pasportumu qaytarıb, biletimi əlimdən alıb, çantalarımı qaytarıb məni oradan uzaqlaşdırdılar. Daha dəqiq desək qovdular. Mənə qarşı haqsızlıq edəcəkdinizsə, niyə bu sənədləri vermişdiniz? Bu xarici pasportun heç bir əhəmiyyəti yoxdursa, nə edirəm onu? Lazımsız adi kağız parçasıdır. Məni guya həbsdən azad edib, diri-diri öldürmək istəyirsizsə edin, mənim artıq bütün səbrim gücüm yavaş-yavaş tükənir!”.

Bloger AŞPA-nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin QHT-lərlə bağlı konfransında iştirak etmək üçün Berlindən Strasburqa getməli idi.

Aprelin 10-da M.Hüseynovun İFEX-in – RATİ-nin üzvü olduğu Beynəlxalq Jurnalist Təşkilatları Şəbəkəsinin illik konfransında iştirakı planlaşdırılırdı.

Aprelin 12-də isə bloger AŞPA-nın yaz sessiyası çərçivəsində korrupsiyaya qarşı mübarizə məsələlərinə və təşkilatçılarından biri RATİ olan “Azərbaycan landromatı” araşdırmasına həsr olunmuş “parallel müzakirələrdə” iştirak üçün Strasburqa qayıtmalı idi.

Eyni zamanda, onun Vyanada ATƏT-in KİV azadlığı üzrə sədri Arlem Dezirin təşkil etdiyi jurnalistlərin təhlükəsizliyi məsələlərinə həsr olunmuş konfransda iştirakı planlaşdırılırdı.

Mehman Hüseynov 2017-ci ilin martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. Bloger məhkəmə zalında həbs edilib. Mehman Hüseynov Cinayət Məcəlləsinin 147.2 maddəylə ittiham olunub.

Ötən ilin dekabrında onun haqqında Cinayət Məcəlləsinin 317.2-ci maddəsi (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşına qarşı həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) ilə cinayət işi başlandı. Cinayət işinə etiraz olaraq M.Hüseynov aclıq aksiyasına başladı. 10 gündən çox davam edən aksiyaya yerli və xarici təşkilatlatrdan dəstək oldu. Eyni zamanda, həbsxanada aksiyaya qoulanlar da vardı. Yanvar ayında prezidentin müdaxiləsindən sonra cinayət işi ləğv edildi. Martın 2-də isə M.Hüseynov müddəti bitdiyi üçün azad olundu.

Ana səhifəXəbərlərMehman Hüseynovun Azərbaycandan çıxışına qadağa qoyulub