“Məhkəmədə döyməklə ürəkləri soyumadı…”

Məhbuslar məhkəmə zalında döyüldüklərini deyirlər

Foto: Meydan TV

Məhbuslar məhkəmə zalında döyüldüklərini deyirlər

İŞİD-lə əlaqədə suçlanaraq məhkum edilən azərbaycanlılara hökm oxunandan sonra onların döyüldüyü bildirilir. Bu barədə Meydan TV-yə məhkum edilən şəxslərin yaxınları məlumat verərək bildirib ki, hökm elan olunarkən onlar onun ədalətsizliyinə etiraz olaraq, səs-küy salıblar. Bu zaman Penitensiar Xidmətin əməkdaşları – konvoy xidməti təqsirləndirilən şəxslərin saxlandığı şüşə kabinəyə daxil olaraq, onları döyməyə, güc tətbiq etməyə başlayıb. Məhkəmə zalında olanları – təqsirləndirilən şəxslərin ailə üzvlərini isə bayıra çıxarıblar.

“Ona görə də, biz ondan sonra nə baş verdiyini bilmədik. Sən demə, kabinədə onları döyməklə ürəkləri soyumayıb. Məhkəmədən maşına mindirib Bakı İstintaq Təcridxanasına gətirəndə də döyüblər. Görüşəndə gördük ki, nə qədər xəsarət izi var. Anlaya bilmirik ki, bu adamlarla niyə belə düşmənçilik aparırlar. Bunlar məhkəməyə, hakimlərə etiraz edirlər, konvoylara nə düşüb ki, belə insanlıqdan kənar rəftar edirlər…”

Vəkil Elçin Sadıqov da hüquqlarını müdafiə etdiyi şəxslərdən Babək Məmmədlinin üzərində xəsarət izləri olduğunu bildirib: “Alnında, sifətində çapıqlar və qançırlar var idi. Dedi ki, məhkəmədən sonra avtomobildə hamısını döyüblər. Çanaq nahiyyəsinin və hər iki qabırğalarının kəskin ağrıdığını dedi. Zorla, axsaya-axsaya yeriyirdi”.

Babək Məmmədli iki aydan çoxdur ki, aclıq aksiyası keçirir. Qanunsuz hökmə etiraz olaraq, aclığı sonadək davam etdirməkdə israrlı olduğunu deyən Babək Məmmədli vəkilinə bildirib ki, çəkisi 90 kiloqramdan 59 kiloqrama düşüb: “Aclığı dayandırmasını dəfələrlə xahiş etsəm də, sonuna qədər aclığı davam etdirəcəyini dedi”.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə bu qurumun əməkdaşlarının məhkəmə zalında və ondan sonra təqsirləndirilən şəxslərə zor tətbiq etməsi haqda deyilənləri təkzib edib: “Konvoy niyə onları döysün? Bu, ağlabatan deyil axı…”

Təqsirləndirilən şəxslərin məhkəmə zalında hökmə etiraz etdiyini xatırlatdıqda isə Mehman Sadıqov bir daha “bu, mümkün olan şey deyil” bildirib.

Hökmə əsasən, İŞİD-ə maliyyə yardımı, terror cəhdi, qadağan olunmuş ədəbiyyat əldə etmə kimi ittihamlarla 11 azərbaycanlıya 49 il azadlıqdan məhrumetmə cəzası verilib. Samir Qurbanov 8 il, Amil Həsənov, Əflatun Bayramov, Babək Məmmədlinin hər biri 7 il, Tehran Qasımov 5 il, Orxan Qurbanov, Cavid Əmənov, Ələddin İbişov, Yusif İmanov, Elgün İsmayılov və Şəhriyar Cabbarov isə 2 il 6 ay azadlıqdan məhrum edilib. Onlar Cinayət Məcəlləsinin 167-3 (dini ekstremist materialları hazırlama, saxlama, yayma), 28,214.2.6 (dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində terrora hazırlıq), 218 (cinayətkar birlik yaratma), 228 (qanunsuz silah saxlama) və başqa maddələrilə təqsirli bilinib.

Təqsirləndirilən şəxslər də ittihamları qəbul etmir, günahsız olduqları halda böhtana məruz qaldıqlarını deyirlər.

Onların ailə üzvləri də hökmün ədalətsiz olduğunu, məhkəmənin obyektiv keçirilmədiyini vurğulayıblar.

Valideynlər iddia edir ki, ölkədə terrora qarşı mübarizə görüntüsü yaratmaq məqsədilə onların övladlarını qurban verirlər.

Ana səhifəSiyasət“Məhkəmədə döyməklə ürəkləri soyumadı…”