Masallıda insident: Siyasilər və jurnalistlər saxlanıb

Martın 3-də Azərbaycan Xalq Hərəkatının (AXH) rəhbər üzvlərini Masallı rayonunun girişində saxlayıblar

Source: meydan.tv
Son məlumata görə, KXCP Lənkəran Rayon Təşkilatının sədri Azad Şəfiyev və onunla birgə saxlanılanlar sərbəst buraxılıb. Eyni zamanda, jurnalstlər hazırda Bakıya qayıdırlar.

Martın 3-də Azərbaycan Xalq Hərəkatının (AXH) rəhbər üzvlərini Masallı rayonunun girişində saxlayıblar.

Məlumatı Meydan TV-yə Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu verib.

O, sabiq daxili işlər naziri İsgəndər Həmidov və partiyalarının sədr müavini Vasif Sadıqbəyli ilə eyni maşında olduqlarını deyib:

“Masallının Göytəpə kəndindən bizim arxamızca maşın düşdü, rayonun çıxışında isə dairədə mülki “44 bb 144” nömrəli maşın qarşımızı kəsdi. Ardınca DYP maşınları gəldilər, elə bu anda 10-a yaxın uşaq əllərində içidolu yumurta olan paket yaxındakı dükandan çıxdılar, polisdən soruşdular ki, hara atsınlar, onlar da bizi göstərdilər. Nəticədə yumurta atəşinə hədəf olduğumuzdan geri qayıtdıq”.

A.Şakiroğlu əlavə edib ki, AXH-nin Lənkəran konfransı Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) rayon təşkilatının sədri Azad Şəfiyevin evində olub:

“Ancaq konfransın başlanmasından yarım saat sonra yerli polis onun evinə basqın edərək Azad Şəfiyev də daxil olmaqla 10-a yaxın adamı aparıb. Orda iştirak edən jurnalistlər də hazırda polis idarəsindədirlər. Jurnalistlərdən Nurlan Libre (Qəhrəmanov), Fərid İsmayılov və Nurlan Cəfəri mülki geyimlilər tərəfindən döyülüb və aparatları da alınıb. Hazırda onları ayrıca maşınla Bakıya göndərirlər”.

Məlumatı Nurlan Libre də öz “Facebook” hesabında təsdiqləyib:

“Azərbaycan Xalq Hərəkatının Masallı qurultayını işıqlandırakən mülkü geyimli polis əməkdaşları tərəfindən döyüldüm. Əyləşdiyim maşına daş və yumurta atdılar. Hal hazırda polis maşınları bizi təqib edirlər. Məndən xəbər çıxmasa, bilin ki, həbs edilmişəm. Tədbiri işıqlandıran AnTV-nin əməkdaşları Nurlan Cəfərli və Fərid İsmayılovun aparatlarını zorla, döyə-döyə əllərindən aldılar. Hər iki jurnalist polis əməkdaşlarına tələb etdilər ki, bizi aparatı apardığınız yerə aparın. Onlar üçümüzü də gəldiyimiz maşına mindirib yumurta və daşa basa-basa zorla yola saldılar. Hazırda polis maşınları hər iki tərəfdən bizi müşayiət edir. Bizdən xəbər çıxmasa, narahat qalmayın”.

Ana səhifəXəbərlərMasallıda insident: Siyasilər və jurnalistlər saxlanıb