Maaş artımı və sülh çağırışları

Bu günlərdə maaş artımına dəxli olmayan, ancaq xalqı çox narahat edən Qarabağ məsələsiylə bağlı açıqlamalar maraq doğurur.

Mənbə: Meydan TV


Bu artım bir bazarlıq pulu qədərdir…

18 iyun prezident sərəncamlarıyla zəngin olub. Bu sərəncamları maraqlı edən onun əmək haqqıyla bağlı olmasıdır. Bir gündə həm də çoxunun, əsasən də indiyə qədər yüksək maaş alanların maraqlarına cavab verən 17 sərəncam imzalanıb. Sosial şəbəkədə, demək olar, ancaq bundan yazırlar. Bu da sərəncama marağın yüksək, həm də elliklə olmasının göstəricisidir.

Havadan danışmırıq. Sərəncamın imzalanmasından heç bir sutka keçməmiş İlham Əliyevin saytına(president.az) məktublar axışır. Xalq artımı alqışlayır, ancaq niyəsi bilinmir. Görünür, çoxunun xəbəri yoxdur ki, bu artımlar sentyabrın 1-nə aiddir. Yəni sərəncam ən azı 2 ay qabaqdan verilib, üstəlik, 17 sərəncamın hamısında Novruz Məmmədovun idarəsinə – Nazirlər Kabinetinə tapşırıq verilir: “2.1.Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin”.

Adamlar sevinməyə tələsib, nə bilmək olar, bəlkə NK təkliflərini 3 aya hazırlaya bilməyəcək, yaxud “uyğunlaşdırma”nı 3 aya təmin edə bilməyəcək. Bizdə belə hallar çox olub. Məsələn, ötən ilin aprelində prezident sərəncam imzaladı ki, şəhid ailələrinə birdəfəlik 11 min manat ödəmə edilsin. Orda da NK-ya “uyğunlaşdırma” məsələlərini həll etmək tapşırılmışdı. Söz vaxtına çəkər – deyiblər. Onda da prezidentin tapşırıqlarının həlli üçün verilən 3 ay müddət sentyabrda bitirdi. Ancaq müddət bitsə də, şəhid ailələri onlara çatacaq məbləği ala bilmirdi. Deyəsən, yalnız noyabr ayından ödəmələrə başlanıldı, bəzi şəhid ailələrisə, demək olar, bütün qışı Bakıda aksiya keçirdi. Adlarının niyə sərəncama düşməməsindən şikayətçi oldular. Savaşdılar, soyuq, qar, yağış bilmədən mübarizə apardılar. Şəhid övladlarının, ərlərinin, qardaşlarının, atalarını pozulmuş hüququnu müdafiə etdilər. Sonda ədalətin bərpasına, qismən də olsa, nail oldular. Həmin sərəncamın imzalanmasında 1 il keçib, ancaq hələ də birdəfəlik ödəməni almayan şəhid ailələri var…

Çox təəssüf, gördüklərindən heç kim nəticə çıxarmır. AzTV-lər bütün günü “inqilabi islahatlar”dan danışır. Elman Nəsirov, Vüsal Qasımlı, Ziyad Səmədzadə və bu tipdə olanlar tərif yarışına çıxıblar. Tarix fakültəsi bitirməsinə baxmayaraq, YAP-çı Əli Əhmədov da öz sahəsindən yox, iqtisadiyyatdan danışır: “Minimum əməkhaqqının artırılması nəticəsində yüz minlərlə insanların maaşları 270-350 manat civarında artmış olacaq”. Bu dediklərinin nə qədər həqiqət olub-olmamasının fərqinə varmadan baş nazirin müavininin qarşısına sanki sərt döngə çıxır, bir anda ənənəvi ünvana hədyanlar yağdırır: “…AXC-Müsavat hakimiyyətinin siyasi leksikonunda əməkhaqqının artırılması, insanların həyatının yaxşılaşdırılması anlayışları vardımı? Əlbəttə ki, yox idi. Çünki iflasa uğramış, ölkəni ağır iqtisadi tənəzzül vəziyyətinə salmış keçmiş hakimiyyətin bu barədə düşünməyə nə həvəsi var idi, nə də imkanı. Xəzinədə pul yox idi. Dövlət büdcəsiz işləyirdi. AXC-Müsavat hakimiyyəti dünyaya əcaib nümunə göstərmişdi: büdcəsiz dövlət”.

1sekil.jpg
məktub

Söhbət 26 il qabaqkı hakimiyyətdən gedir; ölkəyə müstəqillik gətirən, Qarabağda uğurlu əməliyyat aparıb işğaldakı torpaqlarımızın bir hissəsini azad edən hakimiyyətdən gedir. Bunu 26 illik hakimiyyəti dönəmində yalnız Lələtəpə adlı qarabağlılara belə bəlli olmayan “yüksəkliyin”, əslində, bizdə olan, ancaq YAP hakimiyyətinin onu işğaldan azad edilən ərazi kimi təqtim etdiyi, hərb tarixində görünməyən uğur saydığı Cocuq Mərcanlı kəndindən gedir. O Cocuq Mərcanlı ki, orda bir ailə həmin kənd “işğaldan azad edilənə kimi” yaşayıb. Üstəlik, 2 min hektara yaxın ərazinin işğaldan qurtarılmasından danışılır. Dünya hərb tarixində ərazinin işğaldan qurtarılması heç vaxt hektarla ölçülməyib.


Ancaq bizimkilər bunu da bacarıblar…

Qayıdaq bu gün AzTV-lərdə ağına-bozuna baxmadan təbliğ olunan, hələ sentyabrın 1-də artırılacaq maaş məsələsinə. “Vergiler.az” müəllimlərin maaşında artımın necə tətbiq olunacağına dair arayış yayıb. Arayışa görə, artım üçün müəllimin həftədə 18 saat dərs yükü olmalıdır.

Pedaqoji stajı 3 ilə qədər olan müəllimin maaşı 18 iyun sərəncamı əsasında 462 manata qalxır (indi 385 manatdır). Artım 77 manat olacaq.

3 ildən 8 ilə qədər pedaqoji stajı olan müəllim sentyabrın 1-dən 496 manat maaş alacaq (413 manatdır). Artım 83 manat olacaq.

Pedaqoji staj 8 ildən 13 ilə qədər olduqda maaş 522 manata yüksəlir (435 manatdır). Artım 87 manat olacaq.

13 ildən 18 ilə qədər pedaqoji staj olanda maaş 555 manata qalxır (462 manatdır). Artım 93 manat olacaq.

Pedaqoji staj 18 ildən çox olduqda müəllimə 594 manat maaş veriləcək (495 manatdır). Artım 99 manat olacaq. Yəni burada, gördüyünüz kimi, Əli Əhmədovun dediyi 270-350 manat maaş artımı gözə dəymir.

2sekil.jpg
məktub

“Minumum əməkhaqqının artması nəticəsində 950 min insanın əməkhaqqısı artacaq. Bunun 350 min nəfəri özəl sektorda, qalan 600 min nəfərə yaxını isə dövlət sektorunda çalışanlardır”. “Qafqazinfo” xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib. Deyib, ancaq onun dedikləri də ortada yoxdur. Artırılan ciddi maaş artımı hakimiyyətin müdafiəsində dayanan hüquq-mühafizə orqanlarına aiddir. Onların maaşı onsuz da başqa sektorda çalışanların maaşından yüksək idi. İndi yenə də hakimiyyət onlara “stavka” qoyub.

Məsələn, Məzahir Pənahov və onun komandasının – saxtakarlar komandasının – əmək haqqının artırılmasının kimə nə dəxli var? Seçki saxtakarlığına görə normal hakimiyyətdə cinayət məsuliyyətinə cəlb ediləsi adamların maaş artımı, əslində, qınanılası bir işdir, ancaq hakimiyyət təmsilçiləri bunu “inqilabi islahat” kimi qələmə verir.

Gəlin hərbi məsələlərlə məşğul olan ekspert Cəsur Sumərinlinin fikirləri ilə tanış olaq: “Hərbi qulluqçuların vəzifə məvaciblərinin 40 faiz artırılması sizə böyük rəqəm kimi görünməsin. Bu, gerçəklikdə hərbçinin bütün pul təminatının orta hesabla 15-25 faizi deməkdi.

Məsələn, bir hərbçi ümumilikdə 600-700 manat məvacib alırsa, onun:


– 300-350 manatı vəzifə pulu,


-130 manatı rütbə pulu,


– 60 manat dərəcə pulu,


– 64 manat ərzaq əvəzinə verilən pul kompensasiyası,


– 27-150- manat kirə puludur.

Artım həmin 300-350 manata şamil olunacaq, özü də orta hesabla. Yəni bu artım birində 30, o birisində 35, digərində isə 40 faiz ola bilər. Biz hesab etsək ki, bu 600-700 manat alan hərbçinin vəzifə pulu 40 faiz artırılacaq, o zaman söhbət təxminən 120-140 manatlıq artımdan gedir. Bu isə hərbçinin ümumi pul təminatının 20 faizi həcmindədir. Beləliklə, 600-700 manat pul alan hərbçi bundan sonra ən çoxu 720-840 manat ala bilər. Bu artımdan sonra həmin hərbçi 680-780 manat da ala bilər..

Bu baxımdan hər hansı ciddi artımdan, hərbçilərin həyatını dəyişdirəcək hadisədən söhbət gedə bilməz. Bu artım bir bazarlıq pulu qədərdir…

Əvvəllər bəyan etdiyim kimi, Azərbaycan Ordusunda hərbçilər ən azı 1500-2000 manat almalı, ordu peşəkar, müqaviləli əsasda qurulmalıdır. Ordunun quruculuq strategiyası olmadığı bir zamanda bu kimi addımlar Silahlı Qüvvələrdə hər hansı keyfiyyət dəyişikliyinə gətirməyəcək…”

3sekil.jpg
məktub

Belə. Hələ sentyabrda artırılacaq maaşların səsi bu gün duyulmaqdadır. Bir neçə gün qabaq 3 kiloqramı 1 manat olan soğan bu gün 1 kiloqramı 80 qəpiyə satılır. Sentyabra qədər hakimiyyət hələ çox sürprizlər vəd edir. Ancaq prezidentin saytına sentyabrda artırılacaq maaşlarla bağlı təşəkkür məktubları geniş miqyas almaqdadır…

Bu günlərdə maaş artımına dəxli olmayan, ancaq xalqı çox narahat edən Qarabağ məsələsiylə bağlı açıqlamalar maraq doğurur. Məsələn, müdafiə naziri Zakir Həsənov son çağlar deyib: “Beynəlxalq vəziyyət bizə müharibəyə başlamağa imkan vermir”. Baxmayaraq ki, həmin müdafiə naziri həmişə Yerevanı, əzəli və əbədi torpaqlarımızı qısa müddətə ələ keçirməyimizdən danışırdı; həm də qısa müddətdə. Xarici İşlər Nazirliyinin xanım sözçüsü Leyla Abdullayeva isə: “Əhalinin sülhə hazırlanması davam etdirilməlidir,”- deyir.

Maaş artımını boş verin, sülhə hazır olun, əziz vətəndaşlarımız!

Ana səhifəXəbərlərMaaş artımı və sülh çağırışları