LGBT fərdi: Dostlarımı döyüb, saçlarını qırxıblar

Sentyabrda Bakıdakı cinsi azlıqların kütləvi həbsindən sonra onlar küçəyə çıxmağa belə ürək etmirlər. Küçədə dəfərlərlə saxlanıb xəbərdalıq alan LGBT mənsubu danışır ki, saxlanılan dostlarına polis idarələrində işgəncə verilib, kimliklərinin ailələrinə açıqlanacağı ilə hədələniblər və onlardan digər cinsi azlıqlar barədə zorla məlumat alıblar.

Kütləvi həbslər setyabrın 15-də başlayıb. Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluğun birgə bəyanatına görə,polislərin sentyabrın 30-dək keçirdiyi reydlərdə 83 nəfər saxlanılıb. Nazirlik reydlərin Bakıda yerli vətəndaşlara və əcnəbi turistlərə pulla intim xidmətlər təklif edən şəxslərin müəyyənləşdirilməsi üçün keçirildiyini iddia edir.

Məlumat aldığımız əksər cinsi azlıqlar başlarına gələnlərin səbəblərini anlamırlar. Meydan Tv-yə danışan LGBT fərdi deyir ki, saxlanılanlar arasında təkcə seks işçiləri deyil, başqa peşə sahibləri də var.

Bu olaylardan sonra təhlükəsizlik üçün LGBT üzvlərindən kimisi rayona gedib, kimisi ölkəni tərk edib. Onların bir çoxu kirayə qaldığı evdən qovulduğu üçün hazırda qalmağa yerləri yoxdur.

Rəsmi məlumata görə, 56 şəxs xırda xuliqanlıq və polisin qanuni tələbinə qəsdən tabe olmama maddələri ilə inzibati qaydada həbs olunub. Cinsi azlıqları müdafiə edən vəkillər bu ittihamla razılaşmır. İnsan haqları üzrə hüquqşünas onlarla insanın eyni vaxtda şəhərin müxtəlif yerlərində polisə tabe olmaması vesiyasını məntiqsiz sayır.

“Bu reydlərdə ictimai asayişin və ictimai səhiyyənin qorunmasına dair bir legitim məqsəd yoxdur. Reydlər diskriminativ motivli həyata keçirilib. Qurbanlardan aldığımız məlumata görə, bu reydlər həyata keçirilərkən şəxslər işgəncəyə, qeyri-insani və alçaldıcı rəftara məruz qalıblar. Bizim gördüyümüz əksər qurbanların trans qadınlar daxil olmaqla, saçları kəsilib. Bu cəzalandırıcı və alçaldıcı bir saçkəsmə formasıdır. Buna heç bir zərurət yox idi”.

Daxili İşlər Nazirliyi reydlərlə bağlı ilk məlumatında bildirmişdi ki, məqsəd həm də saxlanılanların QİÇSə yoluxub-yoluxmadığını aşkarlamaqdır. Lakin Səhiyyə Nazirliyi QİÇSlə mübarizə mərkəzi onlara müayinə üçün müraciət edilmədiyini deyərək, informasiyanı təkzib etmişdi. Oktyabrın 2-də isə Daxili İşlər Nazirliyi saxlanılanlarda aşkarlanan xəstəliklərin adını açıqlamışdı.

Səməd Rəhimli bildirir ki, xəstəliklərin qarşısını cinayət hüququ vasitələrindən istifadə etməklə almırlar:

“Sırf xəstə adı altında qanunsuz olaraq tutulması və buna görə cəzalandırılması qeyri-insani rəftardır. Bir də məcburi müayinələr var ki, həmin müayinələr bu şəxslərin öz iradəsi ilə aparılmayıb. Bunun özü də qanunsuz və əsassızdır”.

Avropa Şurası baş katibinin sözçüsü Daniel Holtgen homoseksualların saxlanılması ilə bağlı bəyanatda cinsi və digər azlıqlara ayrıseçkiliyin Avropa İnsan Haqları Konvensiyasına zidd olduğunu vurğulayıb. O qeyd edib ki, Azərbaycan bu hüquqlara sayqını təmin etməli, onlara qarşı pis davranışla bağlı məlumatlar hərtərəfli araşdırılmalıdır.

Ana səhifəVideoLGBT fərdi: Dostlarımı döyüb, saçlarını qırxıblar