Leyla Əhadi: Bu film mənim üsyanım idi

Leyla Əhadi
Leyla Əhadi


Bakıda İran filmlərinin təqdimatı keçirilib


30-31 may tarixlərində İranda Azərbaycan dilində çəkilən filmlərin Mədəniyyət və İncəsənət Universitetində təqdimatı keçirilib. Layihə çərçivəsində Təbriz, Ərdəbil və Urmiyadan olan gənc rejissorların 14 filmi təqdim olunub, onlardan dördü sənədli idi.


Bu layihə Azərbaycanda ilk dəfədir gerçəkləşir. Tədbirdə iştirak edən Leyla Əhadi 1986-cı ildə Ərdəbildə doğulub, elə orda da Ərdəbil Azad İslam Universitetinin memarlıq sahəsini bitirib. 2007-ci ildə ilk filmini “Gənc Ərdəbil Sinema” Cəmiyyətində keçirib. İki qısametrajlı film çəkib – “Rəngli qəfəs” (“The colored cage”) və “Sardunyanın qışı”.


Leyla Əhadi Meydan TV-nin suallarını cavablandırıb.



– Leyla xanım, Azərbaycan tamaşaçısına, kinomanlarına ilkin tanışlıq kimi yaradıcılığınız haqda nə deyə bilərsiniz?

– Bakıya gətirdiyim ikinci filmimdir. Əslində, mən yolun əvvəlindəyəm, qarşıda uzun bir yol var. Birinci filmim “Rəngli qəfəs” eksperimental səpkidə qısa film idi. Amma ikinci filmim “Sardünyanın qışı” adında sənədli filmdir. Bu film sosial səciyyə daşıyır. Film haqda danışarkən, təhlil, yaxud tənqid edərkən nəzərə alınmalıdır ki, peşəkar film deyil, yəni peşəkar operator, peşəkar səs işi yoxdur. Sadəcə, biri mən olaraq iki qadının hayqırtısından, etirazından bəhs olunur. Təsəvvür edin ki, əlimizdəki kamera ilə səsimizi çatdırırdıq, ona görə səs və təsvir problemləri çoxdur. İkinci filmdə əsas söhbət hadisənin özü idi, 13 yaşlı qız məktəbə gedərkən 30 yaşlı kişi tərəfindən qaçırılır, onu özünə almaq istəyir. Amma ailəsi qızı geri ala bilir. Qızın atası namusu əsas götürüb qızını bacısı oğluna zorla verir. İllər sonra qız yaşamından razı olmur, ancaq nə edəcəyini bilmir, boşansın, yoxsa qalsın. Filmə baxdıqda adi görünə bilər, amma məsələ ondadır ki, bu kimi olaylar bizim uşaqlığımızı, yaşamımızı, hədəflərimizi əlimizdən alır. Bəli, 13 yaşlı qız həmin vaxt heç nə anlamırdı, uşaqlığını yaşayırdı. Filmin çəkilişində qızın anası bizə çox kömək etdi, əvvəlki günlər qızın atası, yaxınları icazə vermirdi.



– Film Ərdəbildə çəkilib?

– Bəli, Ərdəbilin kəndlərində. İlk iki günü çox çətin vəziyyətdəydik. Nəhayət, qızın anası çox kömək etdi, ana qızının səsini, yaşadıqlarını hamının eşitməsini istəyirdi. Məsələ ondadır ki, ölkəmizdə bu kimi hadisələr çox olduğundan hamının gözündə adiləşir və diqqət göstərmirlər. Onlara dedik ki, sizə adi gələn bizim üçün adi sayıla bilməz, çünki bizim həyamız məhv olur, istədiyimiz kimi yaşaya bilmirik. Bu film peşəkar kamerayla çəkilməsə də, festivalda iştirak etdik. Mənim sənədli film çəkmək məqsədim olmayıb, bu film mənim üsyanım idi. Bunu deməliydim, hətta mobil telefonumla da qalsaydım belə çəkməliydim. Məsələ ondadır ki ,İranda boşanmaq problemi böhran həddinə çatıb. 2017-ci ilin statistikasına əsasən, ölkədə 43 min qız uşağı 15 yaşına çatmadan evlənib. Məncə, bu böhrana ciddi baxmalıyıq.



– İran kinosunun xaricə çıxmasında əsas iki dalğa olub: Abbas Kiyarüstami, Məcid Məcidi, Möhsin Məxməlbaf, bunlar daha çox poetik, fəlsəfi istiqaməti götürürdülər. İkincilər sırasında olan Əsgər Fərhadi sosial, tarixi və siyasi janrda filmlərə üstünlük verdi. Siz hansına üstünlük verirsiniz?

– Məncə, onların hansının yaxşı olduğunu demək olmaz, xüsusən Abbas Kiyarüstami və Əsgər Fərhadinin. Məncə, film aləmində hər birinin öz yeri var və bütün bu tərzdə çəkilən filmlərə ehtiyac var. Abbas Kiyarüstami fəlsəfi, şairanə filmlər işlədi, Əsgər Fərhadi isə eyni halda sosial-siyasi filmlərə üstünlük verdi. Bir daha deyirəm, onların hansının yaxşı olduğunu demək olmaz, hər birinin öz yeri var.



– Azərbaycan dilində filmlər çəkməklə nəyi qabartmaq istəyirsiniz?

– Məncə, bir rejissor həmişə öz mədəniyyəti ilə ələqəli mövzularla maraqlanır. Və mədəniyyət də əsasən tarix, ədəbiyyat və dildən ibarətdir. Yəni yerli filmlər çəkəndə öz mədəniyyətimizlə bağlı olan bu nişanələrə diqqət etməliyik. Bu səbəblə ana dili də bu nişanələrin ən önəmlisidir. Məsələn, əgər Azərbaycanda baş verən hadisələri fars dilində çəksək, tamaşaçı onunla əlaqə saxlaya bilməz, ünsiyyət qata bilməz və hətta komik təsir bağışlayar. Yəni filmin mahiyyətini tam aşkarlamaq üçün ana dilimizdə çəkməliyik.



– İran kinosunda hazırda hansı tendensiya gedir?

– İnsani və sosial mövzulara daha çox diqqət yetirilir. Filmlərin əksəriyyəti komediya və sosial drama şəklində hazırlanır. Sosial kinolar ictimai problemlərdən danışmaq və ictimaiyyətdə dəyişikliklər yaratmaq ümüdi ilə çəkilir. Eyni halda tamaşaçı da belə kinolarla maraqlanır.



– İndiyə qədər hansı festivallarda filmlərinizlə iştirak etmisiniz?

– Türkiyədə keçirilən Beynəlxalq Zəhmətkeşlərin Film Festivalı, Malatya Beynəlxalq Film Festivalı, Uşak şəhərində keçirilən beynəlxalq festivallarda, həmçinin Tehranda keçirilən Beynəlxalq Qısa Film festivalı, Məşhəddə baş tutan 55-ci Gənclərin Regional Film festivallarında iştirak etmişəm. Bundan əlavə Türkiyədə və İranda bir neçə festivalda filmlərim göstərilib. 2007, 2010 və 2016-cı illərdə müxtəlif mükafatlar qazanmışam.

Ana səhifəVideoLeyla Əhadi: Bu film mənim üsyanım idi