Koronavirusa görə həbsdə olan ictimai fəal: Hamısı bilir ki, bu ittiham saxtadır

Lakin cinayət işinin materiallarında yazılıb ki, həmin gün onun koronavirus daşıyıcısı olması barədə cavab alınıb və bu üzdən onun cinayət məsuliyyətinə cəlb olunmasına qərar verilib.

Source:


“Mən koronavirus idimsə, niyə heç bir qoruyucu geyim olmadan saxlayırdılar, o vəziyyətdə məhkəməyə aparırdılar?”

Bir neçə il əvvəl ağzını tikməklə polislərə qarşı etiraz aksiyası keçirən, sosial şəbəkələrdə hökuməti tənqid edən ictimai fəal Nicad İbrahimin məhkəməsi başlayıb. İyulun 20-dən həbsdə olan N.İbrahim Cinayət Məcəlləsinin 139-1.1 maddəsilə – koronavirus olduğu halda, küçəyə çıxıb başqalarının da həyatına təhlükə yaratmaqda ittiham olunur. Onun işinə Nəsimi Rayon Məhkəməsində hakim Elməddin Quliyevin sədrliyilə baxılır.

N.İbrahim məhkəmədə bildirib ki, ona qarşı irəli sürülmüş ittiham saxtadır. Onun sözlərinə görə, həbsindən iki gün əvvəl “Facebook” hesabında Prezident Administrasiyasının qarşısında “İlham Əliyevə istefa!” şüarıyla aksiya keçirəcəyini bəyan edib. İyulun 22-də aksiya keçirməyə gedərkən saxlanılıb. N.İbrahim vurğulayıb ki, heç vaxt koronavirusa yoluxmayıb.

N.İbrahimin sözlərinə görə, onu tutan polislərdən biri yemək alıb gətirib, Nəsimi rayonu, 19-cu polis bölməsində zirzəmidə yerləşən kabinetlərdən birində yeyiblər. İctimai fəal deyir ki, bu faktın özü onun koronavirus daşıyıcısı ola-ola küçəyə çıxması barədə yazılanların yalan olduğunu göstərir:

“Polislər mənimlə ünsiyyət zamanı hətta maska da taxmamışdılar. Mən koronavirus idimsə, niyə heç bir qoruyucu geyim olmadan saxlayırdılar, o vəziyyətdə məhkəməyə aparırdılar? Çünki hamısı bilirdi ki, bu ittiham yalandır. Məni saxlayan kimi birinci telefonumu əlimdən aldılar”.

N.İbrahim bildirib ki, onu öncə 19-cu polis bölməsinə aparsalar da, sonradan üç gün Nəsimi Rayon Polis İdarəsində saxlayıblar.

Məhkəmədə 19-cu polis bölməsinin əməkdaşları Ağasadıq Səmədov və Seymur İsmayılov şahid qismində dindirilib. Onlar bildirib ki, N.İbrahimi şəxsən tanımayıblar, onun koronavirus olması haqda əməliyyat məlumatı əsasında küçədə saxlayıb, bölməyə gətiriblər. Onun sonrakı aqibətindən xəbərləri olmayıb.

Seymur İsmayılov bildirib ki, bölmədə N.İbrahimdən COVİD-19 testi götürülüb, cavabı isə bir gün sonra onun telefonuna göndərilib.

Lakin cinayət işinin materiallarında yazılıb ki, həmin gün onun koronavirus daşıyıcısı olması barədə cavab alınıb və bu üzdən onun cinayət məsuliyyətinə cəlb olunmasına qərar verilib.

Məhkəmə prosesi davam edir.

“Birincisi, Nicad özü də dediyi kimi, heç vaxt koronavirus daşıyıcısı olmayıb. Əgər onun virus daşıyıcısı olduğu üzə çıxmışdısa, niyə gəlib ailə üzvlərini də testdən keçirmədilər? Əgər COVİD-19 daşıyıcısı idisə, onun evdən çıxması üçün SMS-icazə sorğusuna niyə müsbət cavab verilmişdi? Axı koronovirus xəstələrinə SMS-icazə verilmir. Əgər şəxs virus daşıyıcısı olduğunu bilərsə, o halda, onu başqalarının həyatına təhlükə yaratmaqda ittiham etmək olar. Nicadın virus daşıyıcısı olduğunu bilməsinə dair heç bir fakt yoxdur ortada”, – N.İbrahimin həyat yoldaşı Pərvin İbrahimli Meydan TV-yə bildirib.

N.İbrahim iyulun 18-də “Facebook” hesabından aksiya keçirəcəyini elan edib: “İyulun 20-si saat 14:00 – da Prezident Administrasiyasının qarşısında İlham Əliyevə istefa tələb edəcəm! Bütün xalqı dəvət edirəm! Heç kim gəlməsə belə, mən tək gedəcəm və İlham Əliyevin istefasını tələb edəcəm! Əgər hamı gəlsə, bu, xalq etirazına çevriləcək və İlham Əliyev başda olmaqla, 27 illik antimilli diktatura rejimi xalqın qarşısında diz çökəcərək istefa verəcək…”

O, iyulun 20-də aksiya keçirməyə getmək adıyla evdən çıxıb və az sonra saxlanılıb. Ona qarşı irəli sürülmüş ittihama görə Cinayət Məcəlləsinin 139-1.1 maddəsində 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Ana səhifəSiyasətKoronavirusa görə həbsdə olan ictimai fəal: Hamısı bilir ki, bu ittiham saxtadır