Komanda oyunu

Xarici siyasətimizi 16 il ardıcıl yönləndirən Elmar Məmmədyarov Nyu-Yorkda 4.2 milyon dollara iki mənzil alıb.

Mənbə: Meydan TV


Yaxud Şuşada torpaq dərdimiz…

İlham Əliyevin Şuşada ondan torpaq istəyən məmurlarından şikayət çıxışı çoxunu yerindən oynadıb. Qiyməti 1 manata qalxan benzin də, su da yaddan çıxıb, hamı prezidentin məmurlara cavabını müzakirə edir. “Nooldu, Paşinyan” tərzində olan bu cavabdan ruhlananlara keçmiş və indiki məmurlarla bağlı bəzi informasiyaları çatdırmaq istəyirik.

Ölkənin biznes şəbəkəsi, demək olar, bütünlüklə məmurların inhisarındadır. Bu hakimiyyətin məmurlarının ölkənin gəzməli-görməli hər yerində, o sıradan Bakının müxtəlif kəndlərində villaları var. Şuşada istəyirlərsə, orda da olacaq, Laçında, Kəlbəcərdə də, lap elə Hadrutda da tikəcəklər, rus imkan versə, Xankəndidə də… kimdən əskikdilər? Bunlar dünyanın hər yerində biznes də qururlar, villa da alırlar. Deyirsiz Şuşaya əlləri çatmayacaq?

Aşağıda təqdim olunan faktlar araşdırmaçı jurnalistlərin neçə illərdir məmur biznesi ilə bağlı yaydıqlarından kiçicik yarpaqdır. Ürəyi istəyən axtarıb tapıb daha geniş informasiyalar əldə edə bilər. Başlayaq.

Heç bir normal əsaslandırma olmadan qiymət qaldırmağa nail olan “Azərsu” prezidenti Qorxmaz Hüseynov 1989-cu ildə Neft Akademiyasını bitirib. Neft sahəsində çalışıb. "Xəzərdənizneftqaztikinti" trestinin müdir müavini, daha sonra müdiri olub. Elə orada işləyərkən idarəetməyə marağı onu Prezident yanında Dövlət İdarəçilik Akademiyasına gətirib çıxarıb. 38 yaşında – 2004-cü ildə bu akademiyanı bitirib. Diplom işə yarayıb. O, 2006-cı ildə Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin rəisi vəzifəsini tutub, sonra vitse-prezident təyin olunub. Elə 2011-ci ildə “Azərsu” prezidenti təyinatında yəqin, vitse-prezidentliyin rolu olub. 10 ildir indi oturduğu vəzifədədir. Böyük biznesi olduğu deyilir. Bu biznesindən biri, araşdırmaçı jurnalist Cavanşir Həsənlinin sözlərinə görə, hamamla bağlıdır. Məntiqlidir, adam ölkənin su işinə baxır, su da aydınlıq, təmişlikdir, təmizlik də hamamların köməyi ilə olur…

Cavanşir Həsənlinin araşdırmalarından biri keçmiş rabitə naziri Əli Abbasovun oğlu Eldar Abbasovla bağlıdır. Onun İsveçrədə və Türkiyədə biznesi var. Yeri gəlmişkən, Eldar Abbasov Dövlət Gömrük Komitəsinin əməkdaşıdır. Daha bir üstünlüyü odur ki, o, “Azərenerji”nin keçmiş prezidenti Etibar Pirverdiyevin kürəkənidir. E.Pirverdiyev düz 17 il ölkənin işıq işinə baxıb. Onun da böyük biznes şəbəkəsi var. Əli Abbasovsa cəmi 10 il nazir olub.

Araşdırmaçı jurnalistin daha bir paylaşımına baxaq:


– Nazir Kəmaləddin Heydərovun dünyanın dörd bir bucağında saysız-hesabsız şirkətləri, hotelləri, zavodları haqqında yetərincə faktlar, sənədlər yayılıb. Kamal müəllim 59 illik ömrünün 26 ili nazir kürsüsündə keçib, keçir;


– Deputat Əhliman Əmiraslanovun oğlu, nazir müavini Tapdıq ƏmiraslanovunRusiya və Türkiyədə geniş biznes şəbəkəsi, daşınmaz əmlakı var. Atası 23 il Tibb Universitetinin rektoru olub, ardıcıl 3 çağırışdır deputat mandatı verilir;


– FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovun bir neçə ölkədə biznesi var, Azərbaycanda avtomobillərə xidmət mərkəzləri, Bilgəhdə həyat yoldaşının və Qəbələdə oğlunun adına imarətləri var;


– Nazir müavini Teymur Mehdiyev (Ramiz Mehdiyevin oğlu) iri torpaq sahələri, iri səhmlər, "Baku Steel Company"də 4 milyon dollarlıq aktivləri var;


– Nazir müavini Orucəli Hacıyevin böyük torpaq sahələri, restoranlar, kafelər şəbəkəsi var.

Son günlərin əsas müzakirə mövzularından biri Mərkəzi Banka yeni tikiləcək 500 milyon manatlıq binadır. Onun sədri Elman Rüstəmov guya məsələyə aydınlıq gətirərək deyib ki, binanı öz vəsaitləri hesabına tikəcəklər. Bu cavaba araşdırmaçı jurnalist Cavanşir Həsənli aşağıdakı paylaşımıyla reaksiya verib:

“Elman Rüstəmov Mərkəzi Bankın binasını "öz pulumuzla tikəcəyik" deyəndə belə başa düşdüm ki, yarım milyardın 6 milyon funtunu (13 milyon manat) qızının Londondakı şirkətindən, 2.3 milyon funtunu (5 milyon manat) İngiltərədəki bahalı mənzilindən, bir 50-60 milyonunu kürəkəninin Çexiyadakı, Türkiyədəki, elə Azərbaycandakı hotellərini satıb ordan, bir qismini oğlunun London qimarxanalarında uduzduğu pulları qaytarmaq hesabına, qalanını qudası Əhməd Əhmədzadəni, onun icra başçısı işləyən qardaşını, bütün tayfasını silkələmək yolu ilə əldə edəcək”.

Milli Məclisin keçmiş sədri Oqtay Əsədov da son günlərdə yenidən populyarlıq qazanıb. Onun Sulutəpə, Novxanı və Şüvəlanda, hərəsi 3-4 hektar ərazidə yerləşən villalarının şəkli yayılıb sosial şəbəkələrdə. Bunda başqa, həyat yoldaşının adına Moskvada olan “Kapriz” sauna-barının təmiri xəbəri də internet səhifələrini bəzəyib. Adam 15 ilə yaxın Parlamentin sədri olub; ondan qabaq da 11 il suyun prezidenti…

İndi dostlarının belə uf demədən üstünə düşdüyü Əli Həsənov 14 il İlham Əliyevin yanında ictimai-siyasi şöbənin müdiri işləyib, sərhədləri aşan biznes şəbəkəsi var. Ancaq, təəssüf, rəsmi qurumlar bu biznesdən o işdən çıxarılandan sonra xəbər tutub.

Bir məmur vardı, Nazim İbrahimov, diaspor işi adıyla dünyanı gəzib, soydaşlarımızı bir bayraq altında birləşdirə bilməsə də, özünə və yaxınlarına gün ağlaya bilib, Azərbaycanda və müxtəlif ölkələrdə biznesi var. Məsələn, Almaniyada avtomobil satışı mərkəzi…

“Qaçqınkom” sədri Rövşən Rzayevin oğlunun Almaniyada mənzil biznesi fəaliyyətini uğurla davam etdirir.

Xarici siyasətimizi 16 il ardıcıl yönləndirən Elmar Məmmədyarov Nyu-Yorkda 4.2 milyon dollara iki mənzil alıb. Biz xalq olaraq onun dilini öyrənə bilməsək də, o, təmsil olunduğu hakimiyyətin dilini də bilib, damarını da tutub. Xarici siyasətimizinsə hansı kökdə olduğunu 44 günlük müharibə açıq-aşkar göstərdi…

MTN şefi və onun generallarının biznesini xatırlayırsınız, bahalı maşınlar, xiyar-pomidor və s. Hamısına vəzifəni də, rütbəni də İlham Əliyev verib.

Ziya Məmmədovu unutmaq olmaz, onun da biznesi bütün ölkəyə bəlli idi. Körpü, tunel, yeraltı və yerüstü keçid və s. Ən azı nəqliyyat müfəttişi biznesinə hamı şahidlik edib… Adam 15 il nəqliyyat naziri postunu tutub.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov ötən ilin sonunda Qarabağda müharibə gedən vaxtda Londonda oğluna villa alıb. 15-ci ildir ki, sədr müavinidir. Qurumun rəhbəri Əhməd Əhmədzadə isə daha stajlı nazirdir, o, 1993-cü ildən bu vəzifədədir, yəni düz 28 ildir. London bu ailə üçün də cəlbedici şəhərdir…

Fazil Məmmədov 17-cə il vergilər naziri vəzifəsində olub. Azərbaycanla yanaşı müxtəlif ölkələrdə biznesi var. Kürəkəni Əbdül Əliyev ötən il Londonda milyonlarla dəyəri olan bir neçə daşınmaz əmlak alıb.

Ötən il işdən çıxarılan mədəniyyət naziri Əbülfəs Qarayevin də biznes şəbəkəsi dünyanı ağ günə çıxarır. Başqalarıyla müqayisədə onun da babat nazir təcrübəsi də var, vur-tut 26 il…

Bura çaxır biznesiylə məşğul olan BDU-nun rektoru Abel Məhərrəmovun da adını əlavə etmək olar. 19 il rektor postu tutan Abel müəllim biznesin müxtəlif sahələrində gücünü sınayıb, şadlıq evi, restoran, şərabçılıq və s.

“Alabala” şirkətiylə daha çox məşhurlaşan Baş nazirin müavini Abid Şərifov da 23 illik vəzifə pilləsində boş oturmayıb, hər sahədə biznesi var, Bakı aydındır, Şəkidə hoteli, nəvəsi Nicat Mahmudovun Londonda biznesi var.

Qidalarımızın təhlükəsizliyinə rəhbərlik edən Qoşqar Təhməzlinin Slovakiyada və Ukraynada biznesi var.

Ekologiyamızın qayğısına qalan Hüseynqulu Bağırov Londonda da hotelçilik biznesinin yükünü çiyninə götürüb. 18 illik nazir təcrübəsiz, şübhəsiz, bu işdə onun köməyinə çatıb…

İcra başçılarından, başqa vəzifələrdə olan məmurlardan da yazıb vaxtınızı almaq istəmədik, çünki bir-birindən fərqlənmir, hamısı vəzifəyə sanki oğurlamaq, dövlət vəsaitini talamaq, özünə, yaxınlarına gün ağlamaq üçün gəldiyini düşünür, korrupsiyanı həyat normasına çevirir. Onların bir hissəsini Heydər Əliyev, çoxunusa İlham Əliyev vəzifəyə təyin edib, mükafatlandırıb. İndi şikayətlənməyini də boş verin, bir komandadır… Həm də ola bilməz ki, komandanın başında dayanan təmiz, ətrafı oğru olsun. Olmur…

Sonda Şuşada torpaq almaq istəyən məmurlara xatırladaq, əsəbiləşdirməsinlər, İlham Əliyev Şuşanın bələdiyyə sədri deyil, heç rayonun icra başçısı da…

Ana səhifəXəbərlərKomanda oyunu