Alya Yaqublu

Source: Foto: Meydan TV

Caption: Alya Yaqublu

Kerolayn Kennard – təkamül nəzəriyyəsində Darvinin səhvini tutan qadın

“Qoy, qadınlar da kişiləri əhatə edən mühitə və həmin mühitin onlar üçün yaratdığı imkanlara sahib olsunlar. Ancaq bundan sonra qadınların intellektual bacarıqları haqqında ədalətli fikir söyləmək olar”.

Kerolayn Avqusta Smit, XIX əsr Amerikasında qadın haqları uğrunda hərəkatın fəal üzvlərindən biri

Kerolayn dünya xəritəsində ABŞ adlı dövlətin yaranmasından cəmi 51 il sonra anadan olmuşdu (1827), həm də o tarixi prosesdə iştirak etmiş 13 Britaniya müstəmləkəsindən biri olan Nyu-Hempşir ştatında.

Sonralar Kerolayn ailəsiylə birlikdə Nyu-Yorka, ardınca da əri Martin Kennardın yaşadığı Bostona köçmüşdü. Onun bu şəxslə tanışlıq tarixçəsi haqqında məlumat yoxdur, amma Martinin – şəxsi biznesi və yaxşı gəliri olan adamın quldarlığa qarşı mübarizənin aktivistlərindən olması bilinən faktdır və təkcə bu faktdan çıxış edib onlara “torpağı bir yerdən götürülmüş” ər-arvad demək olar.

Qadın haqlarının genişləndirilməsi uğrunda başlamış hərəkata Kerolayn məhz Bostonda qoşulub. ABŞ tarixində ilk qadın təşkilatı olan Yeni İngiltərə Qadınları Klubuna daxil olub, 1880-90-cı illərdə bu təşkilatın ən fəal üzvlərindən biri, Direktorlar Şurasının üzvü, 1893-94-cü illərdə isə vitse- prezidenti olub. Culiya Uord Xou, Kerolayn M.Severans, Edna D.Çeyni, Lyusi Stoun və s. kimi görkəmli bostonlu qadınlarla birlikdə təhsil sistemində islahatlar aparılması, “zərif cinsin”cəmiyyətdəki statusunun yüksəldilməsi və qadın təşkilatlarının inkişafı məsələləriylə məşğul olub.

Həmcinslərinin problemlərini yaxşı bilən və onları yüngülləşdirmək üçün bir iş görmək istəyən Kerolayn Qadınların vəziyyətinin yaxşılaşdırılması assosiasiyasının da tədbirlərinə qatılıb; qurumun toplantılarından birində (1896) “Evdarlıq peşədir” adlı hesabatla çıxış edib; deyib ki, digər peşələr kimi, ev işləri də ciddi qəbul olunmalıdır, çünki bu iş nəinki güc və əmək tələb edir, eyni zamanda iqtisadiyyata da töhfə verir və deməli, ev təsərrüfatının idarə edilməsini də iqtisadi nöqteyi-nəzərdən qiymətləndirilmək lazımdır.

Bundan başqa, həmin illərdə Kerolayn Qadınların Təhsil və Sənaye İttifaqının da üzvü olub və təşkilatın fəaliyyətində yaxından iştirak edib. İttifaq qadın və uşaqların istismarı; çox sayda adamın bir kiçik mənzildə yaşaması və belə mənzillərdəki sanitariya problemləri; o cümlədən, son dərəcə bərbad əmək şəraiti kimi sosial problemlərin həlliylə məşğuluydu. Bundan başqa, təşkilat qadınlara qazanc yeri yaratmaq üçün mağaza açaraq onların hazırladığı yeməklərin, əl işlərinin, bəzək əşyalarının və paltarların satışını təşkil etmiş (Həmin mağaza 2004-cü ilin iyun ayına kimi fəaliyyət göstərib); kasıb və məlumatsız işçilər, qadınlar və uşaqlar üçün pulsuz hüquqi yardım göstərən Müdafiə Komitəsi yaratmışdı.

Kerolayn uşaqların məktəbdə və evdə inkişafıyla məşğul olan Bruklin təhsil cəmiyyətiylə də əməkdaşlıq edib, təşkilat üçün təlimat sənədi hazırlayıb, həmin sənəddə uşaqlara təbiətin öyrədilməsinin vacibliyini vurğulayıb, bu biliklərin onların inkişafı və sonrakı təhsilləri üçün faydalı olduğunu qeyd edib.

Kerolayn həm sosial problemlər və onların həlli yolları, həm də aktivist qadınlar haqqında məqalələr yazıb. “Polis qadınlar məsələsində proqres” adlı məqaləsində o, polis idarələrində qadınların çalışmasını zəruri edən səbəblərdən bəhs edib.

****

Vaxtının çoxunu qadın haqlarının müdafiəsinə həsr edən Kerolaynın elmə də böyük marağı olub, boş zamanlarını yosunların və ayıdöşəyi otunun öyrənilməsinə həsr edib. Hətta biologiyaya marağı onu Çarlz Darvinin opponentinə çevirib – məşhur təkamülçüyə məktub yazaraq onun kişilərlə müqayisədə qadınların bioloji baxımdan natamam olması fikrinə kəskin etirazını ildirib.

“İki cinsin intellektual gücü arasındakı əsas fərq ondan ibarətdir ki, nəylə məşğul olmasından asılı olmayaraq qadınla müqayisədə kişi daha yüksək nəticəyə nail olur – istər bu işdə dərin düşüncə və ağıldan, istərsə də sadəcə hisslərdən və əllərdən istifadə edilmiş olsun. Beləliklə, kişi nəticə etibarilə qadından üstün vəziyyətə gəlib” - “İnsanın mənşəyi” əsərində Darvin belə yazmışdı.

Darvin o dövrdə mövcud olan gender bərabərsizliyini qadınların kişilərdən daha az inkişaf etməsiylə izah edirdi. Çünki o dövrdə qadınlar arasında görkəmli alimlər, siyasi xadimlər və ya rəssamlar “yoxdur” deyəcək qədər azıydı. Qadınların dünyası əsasən ailə həyatından ibarətiydi və hətta bu bapbalaca dünyada da ancaq onlar üçün yazılmış qanunlar vardı.

Əlbəttə, “zərif cins” haqqında belə düşünən təkcə Darvin deyildi. Digər məşhur alimlər də böyük entuziazmla qadınların kişilər qədər ağıllı olmadığını vurğulayır, “Onların beyni kişilərinkindən balacadır” deyirdilər. “İntellektual fəaliyyət qadınların reproduksiya qabiliyyətini azalda bilər” – hətta belə də düşünənlər vardı.

Maraqlıdır ki, işgüzar fəaliyyətlərində (elmdə, incəsənətdə və s.) dahilik əlamətləri nümayiş etdirən bu adamlar cinslər arasındakı fərqi yaratmış səbəbləri görə bilmirdilər (Ya da görmək istəmirdilər – cəmiyyətdəki üstünlüklərindən vaz keçmək fikri onların “böyük” beyinlərinə yerləşmirdi).

Halbuki həyatın bütün sahələrində qadınlara qarşı ciddi diskriminasiyanın hökm sürürdüyünü fərq etmək heç də üstün ağıl tələb etmirdi – qadınlar ali təhsil hüququndan məhrum edilmişdilər (Oksford Universiteti qadınlara bu haqqı ilk dəfə 1920-ci ildə tanıyıb), qadınları elmi cəmiyyətlərə və akdemiyalara da buraxmırdılar (Hətta çox-çox sonra da (1911) Fransa Elmlər Akademiyası Mariya Kürinin üzvlük barədə müraciətinə rədd cavabı verəcəkdi – Nobel Mükafatı laureatı olmasına baxmayaraq!); onlar üçün səsvermədə iştirak etmək və dövlət qulluğunda çalışmaq qadağaları vardı; qadınlar hətta xüsusi mülkiyyət sahibi də ola bilməzdilər.

****

1881-ci ildə Kerolayn Darvinə məktub yazıb elmdə və incəsənətdə qadınların sayca kişilərdən geri qalma səbəbinin biologiyayla əlaqələndirilməsinə etiraz edir.

Darvinin bu etiraza cavabı belə olur:

“Əlbəttə, mən hesab edirəm ki, qadınlar mənəvi baxımdan kişilərdən üstün olsalar da, intellektual imkanlarına görə onlardan geri qalırlar”. Təkamülçü alim yazır ki, bu natamamlığı aradan qaldırmağın yeganə yolunu qadınların evə “çörəkgətirən” olmasında və ya öz pulunu özü qazanmasında görür. Eyni zamanda, Darvin onu da qeyd edir ki, “çörəkgətirmək” funksiyası qadınları ev təsərrüfatının idarəçiliyindən və uşaqları tərbiyə prosesindən uzaqlaşdırar: “Bəli, mən kişilər kimi, qadınların da “çörəkgətirən” olmasının tərəfdarıyam. Ancaq bu halda ailəmizin xoşbəxtliyi bir yana, uşaqlarımızın tərbiyəsinin də böyük zədə görəcəyini təxmin edə bilərik”.

Bu yanaşma Kerolaynı son dərəcə qəzəbləndirir, Darvinə cavabında yazır ki, “çörəkgətirən” qadınlar həmişə olub və bu məsələdə onlar kişilərdən heç də geri qalmayıblar; ancaq kişilərərə tanınan təhsil, elmi fəaliyyət və iş imkanları onlar üçün əlçatmazdır. Kerolayn intellektuallıq baxımından qadınların kişilərdən zəif olmadığını, ancaq onların qabiliyyətlərinı ilk növbədə imkanlarla bağlı məhdudiyyətlərin mənfi təsir etdiyini yazır.

O, Darvinə xatırladır ki, kişilər kimi qadınlar da səylə çalışırlar və təkcə buna görə onları da cəmiyyət üçün çox faydalı hesab etmək lazımdır. Bu məsələdə kişilərlə qadınlar arasındakı yeganə fərq kimə hansı işdə çalışmağa icazə verilməsidir:

“Qoy, qadınlar da kişiləri əhatə edən mühitə və həmin mühitin onlar üçün yaratdığı imkanlara sahib olsunlar. Ancaq bundan sonra qadınların intellektual bacarıqları haqqında ədalətli fikir söyləmək olar”.

Kerolaynın Darvinlə yazışmasından məlum olur ki, o, qadın-kişi bərabərsizliyinin səbəblərini həmin dövrün (elə indiki zamanın da) məşhur alimlərdən daha yaxşı anlayıb. Və bu səbəbləri aradan qaldırmaq, “qadınları allah belə yaradıb” doqmasının saxtalığını sübut etmək üçün yorulmadan çalışıb. Üstəlik, ictima aktivliyi onun yaxşı bir övlad böyütməsinə mane olmayıb (Təbiət biliklərinə marağıyla anasına çəkmiş Freferik ornitoloq peşəsini seçib)

****

Kerolayn Kennardın vəfatından (1907) sonra bacısı Marta Kollard onun xatirəsi üçün Redkliff kollecinə 5000 dollar ianə ödəyib və bu pul kollecdə təhsil alan və elmi fəaliyyətlə məşğul olmaq istəyən bir qıza təqaüd olaraq verilib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/nz2fb4

Most Viewed