pamıq tarlası

Source: Foto: "Facebook"da Azərbaycan pambıqçılığı səhifəsi

Caption: pamıq tarlası

“Kənd təsərrüfatı sektorunda işçilərlə əmək müqaviləsi bağlayan fermerə rast gəlməmişəm”

Ekspert: “İşçilər tarlalarda 8 saatdan çox işlədilir”

Rəsmi statistikaya görə, 2019-cu ildə 100,1 min hektar sahədə pambıq əkilib. 2019-cu ildə daha çox pambıq Saatlı (13741 ha), Ağcabədi (10452 ha), Biləsuvar (10257 ha), Bərdə (10140 ha) və Beyləqan (9706 ha) rayonlarında əkilib. Kənd Təsərrüfatı Nazirliyinin (KTN) açıqladığı rəqəmlərə görə, 2019-cu ildə 294 min tondan çox pambıq istehsal olunub və hektardan orta məhsuldarlıq 29,4 sentner təşkil edib, ümumi pambıq istehsalı 61 min ton, hektardan orta məhsuldarlıq isə 11,8 sentner artıb.

2018-ci ildə respublika üzrə orta məhsuldarlıq 17,6 sentner olmuşdu.

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov deyir ki, Dövlət Statistika Komitəsinin və KTN-nin elan etdiyi rəqəmlər əsasında 2018 və 2019-ci illərdə əsas pambıqçılıq rayonları üzrə orta məhsuldarlıq göstəricilərində kəskin fərq var.

cədvəl

cədvəl

Source: 2018-1019-cu illərdə rayonlarda orta məhsuldarlıq

Rəsmi statistikaya görə, 2019-cu ildə ən yüksək məhsuldarlıq Tərtərdə (34,8 sentner), ən aşağı məhsuldarlıq isə Ağsuda (9,9 sentner) qeydə alınıb. Son mövsümdə 2018-ci illə müqayisədə ən böyük məhsuldarlıq artımı Salyanda qeydə alınıb: 18,7 sentner.

Ekspert deyir ki, 2018-ci illə müqayisədə pambıqçılıq sektorundakı yeganə müsbət meyl büdcə təşkilatlarının rəhbərlərinə pambıq əkmək öhdəliyi qoyulmasından və dövlət idarələrində çalışanların zorla pambıq becərilməsinə və yığılmasına cəlb edilməsindən – məcburi əməkdən imtina olub:

“Bu, təqdirılayiq olsa da, məhsuldarlığın artımı ilə əlaqəsi yoxdur”.

Hökumət pambığa qeyri-neft ixracının ən vacib sahələrindən biri kimi baxır. Dövlət Gömrük Komitəsinin rəsmi məlumatına görə, 2019-ci ildə 158 468.81 min dollarlıq iplik və lif şəklində pambıq ixrac olunub. Ekspertlərə görə, 2019-cu ildə ixrac edilmiş pambığın əsas hissəsini 2018-ci ildə istehsal edilmiş xammaldan əldə olunan mahlıc və lift təşkil edib. İlkin emaldan sonra 2020-ci ilin əvvəllərində də pambıq ixracı davam etdirilib:

“Belə ki, 2020-ci ilin yanvar və fevral aylarında 37 541.57 min dollarlıq pambıq ixrac olunub. Beləliklə, 2019-cu ildə toplanmış pambıqdan emal nəticəsində 110 min tona yaxın mahlıc əldə etmək mümkün olacaq. Bu qədər mahlıcından indiki bazar qiyməti ilə təxminən 130-140 milyon dollar vəsait əldə etmək mümkün olacaq”.

Hazırda koronovirus pandemiyasından sonra Azərbaycanın əsas ixrac gəlirlərini formalaşdıran neftin qiyməti sürətlə aşağı düşür. Ölkənin valyuta gəlirlərinin kəskin şəkildə azalacağının, işsizliyin artacağının, hökumətin sosial öhdəliklərini həyata keçirməkdə çətinliklərlə üzləşəcəyinin proqnozlaşdırıldığı dövrdə ölkənin qeyri-neft ixracının öncüllərindən olan pambıqçılıq nicat yollarından biri kimi görünür.

Vahid Məhrrəmov

Vahid Məhrrəmov

Source: Foto: Meydan TV

Vahid Məhərrəmov deyir ki, ölkə rəhbərliyinin pambıqçılıq sektoruna həm də məşğulluğun təmin olunması vasitəsi kimi baxdığını nəzərə alsaq, məntiqlə 2020-ci il mövsümündə bu sahədə əmək hüquqlarına riayət olunması prioritet təşkil etməlidir:

“Çünki pambıqçılıq işçilərin əmək və sosial hüquqlarının ən çox pozulduğu sektordur. Pambıq tarlalarında işçilərin sosial hüquqlarının pozulması bütün kəskinliyi ilə özünü büruzə verir ki, onun da təməlində işçilərlə əmək müqaviləsinin bağlanılmaması durur”.

Vahid Məhərrəmov qeyd edib ki, son illərdə fermerlərlə və tarlada çalışan işçilərlə mütəmadi ünsiyyətdə olub, digər ekspertlərlə birgə çoxsaylı monitorinqlər aparıb:

“Kənd təsərrüfatı sektorunda işçilərlə əmək müqaviləsi bağlayan fermerə rast gəlməmişəm, çünki beləsi yoxdur. Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərənlər iki formada, ya Vergilər Nazirliyində qeydiyyatdan keçməklə, vergi ödəyicisi kimi, ya da fəaliyyət göstərdiyi ərazinin bələdiyyəsində uçota durmaqla ailə kəndli təsərrüfatı kimi fəaliyyət göstərməlidir. Bu sektorda qeydiyyat və hesabatlılıq bir ayrı problemdir. Ancaq birmənalı şəkildə deyə bilərəm ki, nə fermerlər, nə də ailə kəndli təsərrüfatları qanunvericiliyin tələblərinə məhəl qoymayaraq işçilərlə əmək müqaviləsi bağlamırlar”.

Ekspertin fikrincə, pambıqçılıq son illər kənd təsərrüfatının əsas inkişaf edən sahəsi olduğundan əmək münasibətlərinin rəsmiləşdirilməməsi burada özünü daha qabarıq şəkildə göstərir: “Pambıq əkən fermerlər hesab edirlər ki, onların işçilərlə əmək müqaviləsi bağlamaq vəzifəsi yoxdur. Onlar fikirlərini belə əsaslandırırlar ki, işçilərlə müqavilə bağlamaq zəruri olsaydı, bu sahəyə nəzarət edən dövlət qurumları onları xəbərdar edərdilər. Fermerlərin çoxu əmək müqaviləsi bağlamaq tələbini ona görə yaxın qoymurlar ki, bu, onların xərclərini kəskin şəkildə artıra bilər. Halbuki, Əmək Məcəlləsində həm fermerlərdən, həm də ailə kəndli təsərrüfatlarının başçılarından tələb olunur ki, işçilərlə əmək müqaviləsi bağlasınlar”.

Vahid Məhərrəmov bidirib ki, əmək müqaviləsinin olmaması nəticəsində işçilər həyatını, sağlamlığını təmin edən əmək şəraitində çalışmaq, qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq və müəyyən olunmuş iş vaxtında çalışmaq, həftələrarası istirahət günlərindən yararlanmaq, ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən faydalanmaq, əmək funksiyasının yerinə yetirilməsi zamanı səhhətinə dəyən ziyanın ödənilməsini tələb etmək, sosial müdafiə üzrə müavinətlərdən və güzəştlərdən, sosial sığorta hüququndan istifadə etmək, işsizliyə görə qanunvericiliklə müəyyən olunmuş dövlət təminatını almaq kimi əsas işçi hüqüqlarından məhrum olurlar ki, bu da yolverilməzdir.

pambıqçıların maşını

pambıqçıların maşını

Source: Foto: "Facebook"da Azərbaycan pambıqçılığı səhifəsi

2019-cu ildə yay ayları isti keçdiyindən pambıq yığanlar arasında günvurmadan, zəhərlənmədən və ilansancmadan əziyyət çəkənlərin mövcudluğunu deyən ekspert qeyd edib ki, bu kimi bədbəxt hadisələrin baş verməsinə səbəb pambıq tarlalarında işçilərin iş vaxtı normasına və əməyin mühafizəsi şərtlərinə əməl olunmadan işlədilməsidir:

“İşçilər tarlalarda 8 saatdan çox işlədilir, şənbə və bazar günləri də işə çıxarılır, tarlalarda nahar fasiləsi və istirahət üçün xüsusi talvarlar yoxdur. Əmək Məcəlləsinin tələblərinə görə, pambıq yığanlara bədbəxt hadisələrdən, günəşin zərərli təsirlərindən qorunmaq üçün xüsusi geyim, ayaqqabı, şlyapa verilməlidir, ancaq buna əməl olunmur. Tarlada günvurmadan və digər bədbəxt hadisələrdən əziyyət çəkən işçilərə fermer tərəfindən heç bir vəsait ödənilmir, çünki işçilərin tarlada bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sığortası həyata keçirilməyib. Bundan əlavə, tarlalarda ilkin tibbi yardımı üçün müvafqi dərman preparataları və ləvazimatları da saxlanılmır. Bu məsələlərə nəzarəti həyata keçirməli dövlət qurumları isə seyrçi mövqedə dayanaraq vəziyyəti yaxşıya doğru dəyişmək üçün heç nə etmirlər. Ona görə ki, işçilərin sağlamlığı və gələcəkdə pensiya təminatının olması nə yerli icra sturkturlarını, nə də nəzarət funksiyasını həyata keçirən müvafiq dövlət qurumlarını maraqlandırır. Onları maraqlandıran hər rayona qoyulan pambıq planının və ciblərinin dolmasıdır”.

İşçilərin pambıq tarlalarına sərnişindaşıma üçün heç bir şəraiti olmayan maşınlarda aparılıb-gətirildiyini deyən Vahid Məhərrəmovun fikrincə, iş yerlərində normal əmək şəraitinin yaradılması və sağlam mühitin formalaşdırılması işəgötürənin bir nömrəli vəzifəsi olmalıdır:

“Təəssüf ki, bilərəkdən və bilməyərəkdən fermerlər Əmək Məcəlləsinin tələblərini kobud şəkildə pozurlar ki, hər iki halda bu, onları inzibati və hətta bəzən cinayət məsuliyyətindən azad etmir”.

Vahid Məhərrəmov onu da deyib ki, kənd təsərrüfatı istehsalçılarında əmək münasibətlərinin rəsmiləşdirilməsi ilə bağlı maarifləndirici videoçarx hazırlayıblar

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/bkxucv

Most Viewed