İŞİD Bağdadinin ölüm xəbərinə səssiz qalır

“Əsas köməkçilər öldürülüb və sənədlər məhv edilib”, – militant qruplar üzrə İraq mütəxəssisi Hişam əl-Haşimi deyib.

Source: AFP


Qrupun xəbər agentliyi həmişəki kimi işini davam etdirir

İslam Dövlətinin (İŞİD) tərəfdarları liderləri Əbu Bəkr əl-Bağdadinin ölüm xəbərinə səssizliklə cavab veriblər. “Reuters” yazır ki, Bağdadinin ölümündən bir neçə gün keçməsinə baxmayaraq, davam edən bu səssizlik inamsızlığın və gələcək varis barədə razılığa gəlməyə çalışan sünni silahlı qrupun idarəetmə quruluşunda parçalanma olduğundan xəbər verir.

ABŞ Dövlət Başçısı Donald Trampın bazar günü Suriyanın şimal-qərbində keçirilmiş əməliyyat zamanı xüsusi təyinatlı qüvvələrin əli ilə Bağdadinin öldürüldüyünü elan etməsinə baxmayaraq, İslam Dövlətinin (İŞİD) rəsmi “Telegram” kanalında Bağdadi ilə bağlı açıqlama və matəm qeyd olunmayıb.

Qrupun “Amaq” xəbər agentliyi “Telegram”da həmişəki kimi işini davam etdirir, bazar günündən bəri Suriya, Misir, Əfqanıstan və İraqda həyata keçirilmiş 30 hücum haqda xəbərlər paylaşıb, döyüşçülərini tərifləyib.

Eyni zamanda əl-Qaidə lideri Üsamə bin Ladenin 2011-ci ildə öldürülməsi ilə müqayisədə İŞİD-in tərəfdarları arasında sosial mediada daha az müzakirə olub.

Təhlilçilər qeyd edir ki, İslam Dövləti rəhbərliyinin qalıqları ehtimal ki, çaşqınlıq içindədir və qrupu bir yerdə saxlamağa və eyni zamanda Bağdadinin öldürülməsini təsdiq etmədən varisi ilə razılaşmağa çalışırlar.

“Liderlərin sağ qalan qismi arasında yəqin ki, hazırda çaşqınlıq var. Əsas köməkçilər öldürülüb və sənədlər məhv edilib”, – militant qruplar üzrə İraq mütəxəssisi Hişam əl-Haşimi deyib.

“Ölüm elan edilməzdən əvvəl [Bağdadinin] bir varisi ilə razılaşmaq istəyəcəklər”, – o deyib və əlavə edib ki, qrupun parçalanması bu işi təxirə sala bilər.

Qrup həmçinin özünü rebrend edə bilər. Çünki Bağdadinin elan etdiyi İslam xilafəti 2017-ci ilə qədər idarə etdikləri İraq, Suriya və Liviya ərazilərini itiriblər, – analistlər deyir.

“Bağdadinin ardıcıllarının çoxu da öldürülüb”, – Tramp bazar günü deyib.

Oktyabrın 29-da, o, “Twitter”-də qeyd edib ki, ABŞ ordusu ehtimal ki, Bağdadini İslam Dövlətinin lideri olaraq əvəz edəcək şəxsi də öldürüb. Tramp kimi nəzərdə tutduğunu açıqlamayıb, ancaq oktyabrın 28-də Dövlət Departamentinin yüksək vəzifəli məmuru İslam Dövlətinin sözcüsü və yüksək səviyyəli fiquru Əbu əl-Həsən əl-Muhacirin öldürüldüyünü təsdiqləyib. Onun sözlərinə görə, əl-Muhacir Bağdadinin öldürüldüyü əməliyyatdan ayrı təşkil edilmiş əməliyyat zamanı öldürülüb.

Svanzi Universitetinin tədqiqatçısı Aymenn əl-Tamimi deyir ki, əl-Qaedaya Usamə bin Ladenin öldürülməsini təsdiqləmək bir neçə günə başa gəldi.

Qrupun bin Ladenin varisini elan etməsi təxminən altı həftə çəkdi.

“İslam Dövləti varisi barədə razılığa gələ bilsələr, cümə axşamı çıxacaq həftəlik icmalda ölümü elan edəcəklər”,- Tamimi deyib.

Bağdadinin müavini olan Hacı Abdullah əgər sağdırsa, varis ola bilər. Bağdadinin son səs mesajı sentyabr ayında yayınlanıb.

Ana səhifəDünyaİŞİD Bağdadinin ölüm xəbərinə səssiz qalır