“İran ABŞ və ya İsrail obyektlərinə hücum edərsə, Azərbaycanın neytral qalması çətin olacaq” (yenilənib)

“İndi sosial şəbəkələrdəki qarşıdurmanı dayandırmaq, Azərbaycan, azərbaycançılıq, Azərbaycan bayrağı ətrafında daha sıx birləşmək lazımdır”

Source: Meydan.TV

***


Yanvarın 4-də Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla İran İslam Respublikasının Xarici İşlər naziri Cavad Zərif telefonla danışıb.


XİN-in məlumatına görə, nazirlər bölgədəki son hadisələri və vəziyyətin gərginləşməsini müzakirə ediblər.


Azərbaycan bütün tərəfləri zorakılıqdan çəkinməyə və regional təhlükəsizliyi möhkəmləndirməyə sadiq qalmağa çağırıb. E.Məmmədyarov general Qasım Süleymaninin həlak olması ilə əlaqədar İran İslam Respublikasının rəhbərliyinə və xalqına başsağlığı verib.

***


Qasım Süleymaninin öldürülməsi siyasi gündəmin müzakirəsində

Yanvarın 3-də İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds xüsusi təyinatlı qüvvələrinin başçısı Qasim Süleymaninin öldürülməsi dünya siyasi gündəminin müzakirə mövzusudur.

Bayram tətili olsa da, hadisə Azərbaycan mediasının diqqətindədir.

ABŞ-ın dövlət katibi Mayk Pompeo generalın qətlini “gələcək təcavüzün qarşısının alınmasına yönəlib və “vəziyyətin deskalasiyası üçün şərait yaradacaq”, – deyə şərh edib.

“Əgər Pompeo vəziyyətin deskalasiyası barədə ciddi düşünürsə, o zaman Bakı yenidən vasitəçi rolunu oynaya bilər. ABŞ və Rusiya arasında hərbi əlaqələr zamanı olduğu kimi danışıqlar üçün yer ayıra bilər. Bura ABŞ və İranın hərbi qüvvələrinin ayrılması məsələsi də daxil ola bilər”, – ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç “Turan” İA-ın Vaşinqton müxbirinə bildirib.

Riçard Kozlariç güman edir ki, prezident Trampın qərarı sonadək düşünülməyib:

“Trampın təhrik etdiyi digər hərəkətləri nəzərə alaraq, bu qərarın intuitiv olaraq qəbul edildiyini düşünürəm”.

010400024055.jpeg
Riçard Kozlariç

Bu hadisə Azərbaycan üçün hansı fəsadlara səbəb ola bilər?” sualının cavabında R.Kozlariç xatırladıb ki, Bakı İran, ABŞ və İsrail ilə yaxşı münasibətlərdən qürur duyur:

“Əgər vəziyyət kəskinləşərsə, deyək ki, İran ABŞ və ya İsrail obyektlərinə hücum edərsə, Azərbaycanın neytral qalması çətin olacaq. ABŞ və ya İsrailə dəstək İranın Azərbaycana böyük təzyiq göstərməsinə səbəb olardı. Bu vəziyyətdə nə ABŞ, nə də İsrail Azərbaycanı müdafiə edə bilməyəcəklər. Məncə, belə şəraitdə Bakı kömək üçün Moskvaya müraciət edəcək və bu qarşıdurmada yenidən Putin qalib olacaq”.

Qafqaz və Orta Asiya üzrə analitik Pol Stronskinin sözlərinə görə, Bağdadda səfirliyə hücum prezident Trampın hərəkətə keçməsinə səbəb olub. Ancaq ABŞ prezidenti bununla Yaxın Şərqdə potensial münaqişəyə qapı açıb.

“Süleymaninin ölümü Azərbaycana necə təsir edə bilər?” sualına P.Stronski cavab verib ki, Qafqaza təsir edəcək böyük qeyri-sabitlik gözləmir. Amma İranın cavab zərbəsi ABŞ-ın Qafqazdakı maraqlarına yönələ bilər:

010400024056.jpg
Pol Stronski

“Bu, Azərbaycanı və onun qonşularını narahat etməlidir. Vəziyyət region üçün iqtisadi risklərə də səbəb ola bilər”.

“Azərbaycan özünü sakit aparmalıdır. İranın üçüncü ölkələrdə ABŞ-ın maraqlarına və vətəndaşlarına hücum etmək praktikası var. Əgər mən Azərbaycan olsaydım, həm Tehranı, həm də Vaşinqtonu inandırmağa çalışardım ki, mənim ərazim münasibətləri aydınlaşdırmaq üçün məkan deyil”, – P.Stronski belə deyib.

Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin (DEVAMM) rəhbəri İlqar İbrahimoğlu “Facebook” səhifəsində Qasim Süleymanini şəhid adlandırıb və islam ümmətinə dərin hüznlə başsağlığı verib.

devamm-in-sedri-haci-ilqar-ibrahimoglu-ve-daha-3-nefer-sirvanda-polis-terefinden-saxlanilib.jpg
İlqar İbrahimoğlu

“Böyük əminliklə bildiririk ki, bu pak şəhid qanı islam ümmətinin daha da bəsirətləşməsinə və düşmənin məglubiyyətinə gətirib çıxaracaq, İnşəAllah”, – İbrahimoğlu qeyd edib.

Siyasi icmalçı Nəzakət Məmmədova olaya sualla reaksiya verib: “Süleymani Qarabağda şəhid olub? Əgər Azərbaycan savaşa başlasa, Ermənistana kömək edəcək, bizə arxadan zərbə vuracaq ilk dövlət İran olacaq”.

Rəsmi Bakı hələlik heç bir reaksiya bildirməyib. Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri şeyxülislam Allahşükür Paşazadə də susur.

Azərbaycan Daxili Qoşunlarının sabiq komandanı, hazırda Ukraynada yaşayan Fəhmin Hacıyev bildirib ki, Q.Süleymaninin öldürülməsi Azərbaycanın hüquq-mühafizə orqanları üçün çoxlu ip ucları verdi:

fehminh.jpg
Fəhmin Hacıyev

“Süleymani hələ 1990-cı illərdən Azərbaycanla xüsusi maraqlanmış və döyüş bölgələrindən kəşfiyyat məlumatlarının ermənilərə ötürülməsini təşkil etməyə cəhd etmişdir. İki ağenti Ağdam-Ağdərə döyüş bölgəsində Daxili Qoşunların kəşfiyyatçıları tərəfindən həbs edilərək MTN-ə təhvil verilib. Bunu da onun üçün göz yaşları axıdanların yaddaşı üçün yazdım”.

AXCP sədri Əli Kərimli “Facebook” istifadəçilərinə xitabən yazıb ki, generalın öldürülməsi Azərbaycan cəmiyyətini üz-üzə qoymamalıdır. ABŞ dünyanın ən böyük gücüdür və dünyanın hər yerində öz vətəndaşlarını və maraqlarını müdafiə edə bilir. İran böyük regional gücdür. Atdığı addımların, verdiyi qərarların məsuliyyətini bilməmiş deyil:

“İnanıram ki, hər iki dövlətin rəhbərliyi böyük savaşdan yayınmağa çalışacaq. Onların öz maraqları da, bizim Azərbaycan olaraq marağımız da bunu tələb edir. Regionda böyük savaş heç kimə fayda verməz. Hökumətə olan tənqidi münasibətim hamıya bəllidir. Bu barədə hər gün danışıb, yazıram. Ancaq hakimiyyətin regionda ola biləcək münaqişədən Azərbaycanı uzaq tutmaq xəttini doğru sayıram. Ola biləcək münaqişədən Azərbaycanı uzaq tutmaq iqtidarlı-müxalifətli, cəmiyyət olaraq indi hamımızın əsas vəzifəsidir. Cəmiyyətimizdəki hazırkı dərin parçalanma bizim dövlət maraqlarımıza ziddir. Bu dərin parçalanma dövlətimizi həm daxili, həm də xarici təhlükələrə qarşı zəiflədir. Azərbaycan vətəndaşlarının müxtəlif dövlətlərə və onların siyasi xadimlərinə rəğbətlə yanaşması faciə deyil, başqa ölkələrin vətəndaşları da müxtəlif səbəblərdən hansısa xarici qüvvələrə simpatiya, hansınasa antipatiya ilə yanaşır. Ancaq biz yalnız Azərbaycan və azərbaycanlılar naminə kiməsə düşmən ola bilərik. Yalnız Azərbaycan və azərbaycanlılar üçün ölüb, öldürə bilərik. Bizim qəhrəmanlarımız da yalnız bu xalqın içindən çıxan qəhrəmanlar ola bilər. Heç bir din, məzhəb, etnik, siyasi partiya, ideoloji mənsubiyyət azərbaycançılığın fövqünə qalxa bilməz. Biz azərbaycanlılar bütün fərqliliklərimizə rəğmən bir millətin mənsubları olaraq bir- birimizə istənilən xarici qüvvədən daha yaxın olmalıyıq. Qarabağ savaşı təcrübəsi də sübut etdi ki, dini, məzhəb, etnik, siyasi fərqliliklərimizə rəğmən yalnız biz azərbaycanlılar (başqa heç kim) işğal olunmuş Vətən torpağı – Qarabağ üçün səngərlərdə çiyin-çiyinə dayandıq”.

eli_kerimli_705.jpg
Əli Kərimli

Ə.Kərimli hesab edir ki, son baş verən Azərbaycan cəmiyyəti üçün bir test oldu:

“Cəmiyyyət olaraq zəif yerlərimizi bildik. İndi sosial şəbəkələrdəki qarşıdurmanı dayandırmaq, Azərbaycan, azərbaycançılıq, Azərbaycan bayrağı ətrafında daha sıx birləşmək lazımdır”.


Yanvarın 2-dən 3-nə keçən gecə

ABŞ ordusunun Bağdad Hava Limanını raket zərbələrinə məruz qoyması nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds xüsusi təyinatlı qüvvələrinin başçısı Qasim Süleymani İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi ölüb. Onlarla bərabər Qasım Süleymaninin kürəkəni Əhməd Zeydi, – "Əl Həşd əş Şəbi"nin bir neçə zabiti də ölüb.

Ana səhifəSiyasət“İran ABŞ və ya İsrail obyektlərinə hücum edərsə, Azərbaycanın neytral qalması çətin olacaq” (yenilənib)