None

Source: Meydan.TV

İqtisadçılar problemli kreditlərlə bağlı fərmanı şərh edirlər

Article was updated on :  1 March 2019

Prezident İlham Əliyevin fevralın 28-də problemli kreditlərlə bağlı verdiyi fərman ictimaiyyət arasında gözlənilən rezonans doğurub.

Sənədi şərh edən iqtisadçı-alim Nazim Bəydəmirli hesab edir ki, fərman devalvasiyanın birinci mərhələsində verilsəydi, daha yaxşı olardı:

“Gecikmiş fərmandır” - Nazim Bəydəmirli

“İnsanların uzun müddət banklarla üz-üzə qalması təəssüfləndiricidir. Düzdür, heç nəyin olmamasındansa, bu fərmanı müsbət qiymətləndirmək olar. Ancaq çox gecikmiş fərmandır”.

Nazim Bəydəmirli hesab edir ki, Mərkəzi Bank sədrinin və maliyyə nazirinin devalvasiya olmayacağı haqda açıqlamaları vətəndaşların hökumətə inam və etibarını zədələdi. Onun fikrincə, problem də bu iki qurumun mövcud duruma adekvat olmayan tədbirləri nəticəsində yaranmışdı və Konstitusiya Məhkəməsi də vəziyyəti belə qiymətləndirməliydi.

“Eyni zamanda, bu fərmanla banklara verilən 682 milyon manat onlara daha çox dəstək sayılmalıdır. Bir çox vaxtı keçmiş kreditlər restrukzisiya olunmuşdu. Onun ödənilmiş hissəsinin müəyyən bir qismi vətəndaşlara geri qaytarılacaq, bu, müsbətdir”.

O deyib ki, fərmanı şərh edərkən ikili hiss keçirir.

“Çünki 2015-ci ilin devalvasiya qərarı süni idi və bazar iqtisadiyyatı ilə bağlı deyildi. Ümid edək ki, büdcə hesabına vəsaitin banklara verilməsi, onların şəxsi varlanmasına deyil, eyni zamanda həmin banklarda batmaqda olan vətəndaşların depozitlərinin geri qaytarılmasına istifadə ediləcək və bu proseslər tam şəffaf olacaq”.

“400-500 min insanın vəziyyəti yüngülləşəcək” - Natiq Cəfərli

ReAL Partiyasının İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli isə hesab edir ki, 28 fevral fərmanı problemli kreditlərlə bağlı yaranmış vəziyyətin xeyli hissəsinin yüngülləşdirilməsinə kömək olacaq.

“Ancaq problemin köklü həllini söyləmək çətindir. Çünki fərmanda 10 min dollara qədər olan əsas borc qaldırılıb, kompensasiyanın məbləği isə 5 min dollardan çox olmamaq şərti ilə göstərilib”.

Natiq Cəfərli xatırladıb ki, ölkədə təqribən 1,8 milyard manata yaxın problemli kredit var, onun 1 milyard manata qədəri aradan qaldırılacaq.

“Ona görə də problemli kredit məsələsinin tam həll olunduğunu söyləmək doğru deyil. Amma xeyli borcu olan insanların vəziyyəti yüngülləşəcək”.

İqtisadçı təəssüflənir ki, fərmanda 2015-ci il devalvasiya qərarlarından sonra banklara faiz vermiş vətəndaşlarla bağlı heç bir müddəa nəzərdə tutulmayıb. Onun fikrincə, bu ədalətsizlik yaradacaq.

“Çünki onminlərlə insan var ki, maşınını, evini sataraq devalvasiyadan sonra yaranan borcunu bağlayıb”.

Natiq Cəfərli deyib ki, Azərbaycanda təqribən 2 milyon 100 minə yaxın insanın banklara borcu var, 700 min insan isə problemli kredit böhranını yaşayır.

“Bizim tam dediklərimiz həyata keçirilməyib” - Natiq Cəfərli

“28 fevral fərmanı ilə 400-500 min civarında olan borclu insanın vəziyyəti yüngülləşəcək. Amma 10 min dollardan çox borcu olan insan banklarla müqavilədə nəzərdə tutulduğu şəkildə borclarını ödəyəcək”.

İqtisadçının sözlərinə görə, fərmanda ReAL Partiyasının problemli kreditlərlə bağlı təklifləri mexanizm olaraq nəzərə alınsa da, tam dedikləri şəkildə həyata keçirilməyib:

“Biz devalvasiyadan dəymiş zərərin ödənilməsini təklif etmişdik. Fərmanda isə devalvasiyadan dəyən ziyanın tamamilə ödənilməsindən söhbət getmir”.

Azərbaycanda 2015-ci ildə iki devalvasiya vaş verib. Fevralın 21-də olan devalvasiya nəticəsində manatın dollara qarşı olan kursu 0,78 manatdan 1,05 manata qədər dəyişib. Həmin il dekabrın 21-də olan devalvasiya nəticəsində dolların kursu 1,55 manata qədər artıb.

Dövlət Statistika Komitəsinin 2018-ci il üçün məlumatına əsasən, bankların kredit portfeli 13 milyard manatdır ki, bunların da 12,2% problemli kreditlərdir.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  1 March 2019
Featured in:  
Shortlink:   http://mtv.re/7wqkug

Most Viewed