İqtisadçı ölkənin 10 milyonuncu sakininə məktub yazdı

Mənim balam, əgər sən 5 il əvvəl, 2014-cü ildə doğulsaydın, sənin adına ümumi daxili məhsuldan 7891 dollar pay düşərdi, çox təəssüf ki, aparılan dərin iqtisadi islahatlar sayəsində indi bu rəqəm 4780 dollara qədər azalıb

Foto: Azərtac


''Dünyaya faktiki 1517 manat, imzalanmış sazişlər üzrə isə 3000 manata yaxın borcla qədəm qoymusan''


Aprelin 6-da saat 03:30-da Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğulub.


Məlumatı Səhiyyə Nazirliyi yayıb.


Bildirilir ki, Rauf Həsənovun və Nigar Ocaqovanın ailəsində doğulan qız uşağının çəkisi 3,6 kiloqram, boyu 52 santimetrdir.


Bu gün paytaxtın bütün rayonlarında 10 milyonuncu vətəndaşın doğulması münasibəti ilə ağacəkmə aksiyası və saat 17:00-da Bakı bulvarında konsert proqramı keçiriləcək.


Tədbirlər axşam saat 21:00-da böyük atəşfəşanlıqla davam edəcək.


Körpənin valideynləri uşağa Birinci vitse-prezident Mehriban Əliyevanın adını qoyublar.


Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu “Facebook” hesabında “Azərbaycanın 10 milyonuncu sakininə “xoşgəldin” məktubu” başlıqlı təhlil yazıb.


Meydan TV iqtisadçının analizini təqdim edir:

“Dünən, ölkəmizin bütün xəbər saytları sevinclə xəbər verdilər ki, 2019-cu il aprelin 6-da keçmiş Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib.

Bu xəbər, bir tərəfdən məni də sevindirdi. Sevindim ki, dünyada sayı milyonlarla ölçülən millətimin yeganə müstəqil dövləti olan Azərbaycanda sayımız 10 milyona çatdı. Digər tərəfdən, bu xəbər içimdəki o daimi boşluğun varlığını bir daha yadıma saldı, qəlbimi göynətdi. Ruh halımı dəqiq ifadə etmək üçün Azərbaycan türkcəsində söz tapa bilmədim, yadıma düşdü ki, Osmanlı türkləri bunu daha ustalıqla ifadə edirlər: “Buruk sevinc”.

Bu məktubu mən sənə, uzaq Amerikadan yazıram, hələ, işıqla qaranlığı, gecəylə gündüzü qarışdıran, balaca Mehriban. Millətimin taleyinə fələyin ironiyasına bax ki, mənim kimi cəlayi-vətən olan yüz minlərlə Vətən övladının da gecəsi gündüzünə qarışıb, bu sətirləri qələmə aldığım anda sənin doğulduğun, fəxrlə “mənim ölkəm” dediyim Azərbaycanda gündüz olsa da, burada, bu yadlar diyarında gecədir.

Unutdum, deyəm ki, xoş gəlmisən! Unutdummu, yoxsa içimdəki o “buruk sevincmi” imkan vermədi, bilmirəm. Mənim “xoşgəldinim” sənin ürəyini açarmı, mənim balam?!

Xoş gəldin, gəlirlərin və sərvətlərin ədalətsiz bölüşdürüldüyü, korrupsiyanın və rüşvətxorluğun həyat tərzinə çevrildiyi, birdəfəlik yardımla yetinən valideynlərinin sənə görə uşaq pulundan məhrum olduğu, ən ağrılısı, cənnət torpaqlarında ermənilərin dik gəzdiyi Azərbaycana, mənim balam. Sən indi məni başa düşmürsən, çünki biz ayrı-ayrı dillərdə danışırıq, fərqli dünyalarda yaşayırıq. Vaxt gələcək sən də 10 milyon azərbaycanlının hər biri kimi məni yaxşı anlayacaqsan, ən azından ürəyində olsa belə, mənə haqq verəcəksən.

Gəl, səni ölkənlə tanış eləyim, sağımız neftlə, solumuz qazla zəngin səltənətin 10 miyonuncu sakini! Dünyaya faktiki 1517 manat, imzalanmış sazişlər üzrə isə 3000 manata yaxın borcla qədəm qoymusan, qədəmləri mübarək bala! Sən dünyaya gəldiyin ilin 1 yanvar tarixinə hakimiyyət 15 milyard 176 milyon manatlıq xarici borcla yanaşı, 250 milyad dollarlıq xarici sərmayənin də axırına çıxıb.

Qubad İbadoğlu
Qubad İbadoğlu

Sən dünyamıza gələnə qədər, vətəndaşı olduğun ölkənin Neft Fonduna, Neft Şirkətinə və dövlət büdcəsinə neftdən 190 milyard dollar qədər pul gəlib. Vətəndaşı olduğun ölkənin çoxlu neft quyuları, neft sazişləri var. Onlardan yalnız 2 layihədən -“Azəri-Çıraq-Günəşli” yatağından çıxarılan neftin satışından 138 milyard 206 milyon dollar, “Şahdəniz” yatağındakı qazın satışından 2 milyard 506 milyon dollar, cəmi 140 milyard 712 milyon dollar gəlirimiz olub və Neft Fondunda yığılıb. Sən doğulana qədər həmin layihələrdən əldə edilən Neft Fonduna yığılan 140 milyard 712 milyon dollardan 102 milyard 197 milyon dollarını saga-sola xərcləyiblər, yerdə qalan 38 milyard 515 milyon dollarını isə xaricdə saxlayırlar. Niyə xaricdə saxlayırlar? Allah işini bilmək olmaz, mənim balam. Hələ sevinmə, gerisini dinlə. Bugünədək 152 milyard dollar (190 milyard dollar– 38 milyard dollar) neft-qaz gəlirləri və 250 milyard dollar xarici sərmayə, bütövlükdə 402 milyard dollar məsrəf olunub. Hə, gün gələcək, dil açacaqsan, soruçacaqsan ki, bəs, mənim payıma düşən 42 min dollar necə oldu, onu da xərclədinizmi? Bəli, xərclədilər, təkcə sənin payını yox, atanın, ananın, babanın, nənənin – 9 milyard 999 milyon 999 min 999 vətəndaşımızın da payını rahatca həzm-rabedən keçirdilər, üstündən də su içdilər.

Mənim balam, əgər sən 5 il əvvəl, 2014-cü ildə doğulsaydın, sənin adına ümumi daxili məhsuldan 7891 dollar pay düşərdi, çox təəssüf ki, aparılan dərin iqtisadi islahatlar sayəsində indi bu rəqəm 4780 dollara qədər azalıb. Yaxşı, o balaca burnunu sallama, bu pay kağız üzərində düşən paylardandır, heç 5 il əvvəl doğulsaydın da, onun sənə bir istisi-soyuğu olmazdı.

Hər şeydən xəbərsiz, Mehriban bala, indi sənin məndən əsas fərqin ondadır ki, zaman-zaman üzünə və içinə dalğa-dalğa yayılan o saf gülüşünün və sevincinin içində zərrəcə kədər, “burukluk” yoxdur. Kaş ki, böyüyəndə sevincinin rəngi, dadı-duzu dəyişməyə! Sənə neftsiz və qazsız Azərbaycanda əsl insani sərvətin – ədalətin və demokratiyanın bərqərar olmasına şahidlik etməyi arzulayıram! Bu ölkədə doğulmağına əsl “xoşgəldin”im onda olacaq, mənim balam!

Ana səhifəXəbərlərİqtisadçı ölkənin 10 milyonuncu sakininə məktub yazdı