İqtisadçı: Ərzaq məhsulları kəskin bahalaşıb

Ötən ilin mayında kiloqramı 5,02 manata satılan dondurmanın qiyməti bu ilin may ayında 18 faizə yaxın bahalaşaraq 5,92 manata yüksəlib.

Foto: arxiv


''Bu da həyat səviyyəsinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərir''

2019-cu ilin yanvar-may aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə bahalaşıb. Dövlət Statistika Komitəsinin yaydığı məlumatda belə deyilir. Bildirilir ki, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 2,3 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,4 faiz bahalaşıb.

Statistik göstəriçiləri təhlil edən iqtisadçı, AXCP üzvü Nemət Əliyev bu barədə öz “Facebook” səhifəsində yazıb:

“Kələm 95, soğan 78, kartof 32, yumurta 25, filtrli siqaretlər 24 faiz bahalaşıb”.

Onun sözlərinə görə, insanlar gündəlik istifadə edilən ərzaq, qeyri-ərzaq mallarının, habelə bir sıra xidmətlərin qiymət dəyişmələrinin hansı həddə olmasının ilk baxışdan elə də fərqində olmurlar. Lakin konkret qiymət müqayisələri tez-tez istifadə edilən ərzaq, qeyri-ərzaq mallarının və xidmətlərin kəskin bahalaşmasını üzə çıxarır:

“Bu da həyat səviyyəsinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərir. Qida rasionumuzda üstünlük təşkil edən məhsullardan olan kartof, soğan və kələmin bahalaşma səviyyəsindən heyrətə gəlməyə bilmirsən. Qiymətlər Bakı bazarları, habelə respublikanın kənd, rayon bazarları üzrə müxtəlif olsa da, bu ilin mayında 1 kq baş soğan orta hesabla 71 qəpikdən ticarət edilib”.

Nemət Əliyev
Nemət Əliyev

İqtisadçı deyir ki, ötən ilin mayında 1 kq baş soğan orta hesabla 46 qəpikdən alınıb-satılırdı. Deməli, baş soğanın hər kiloqram qiyməti bu il 54 faizdən çox bahalaşıb:

“Soğanın hər kiloqramına bu il 25 qəpik çox xərcləmişik. Cari ilin yanvarında soğanın qiymətində 6 faizdən bir az artıq səviyyədə ucuzlaşma qeydə alınsa da, sonrakı aylarda kəskin bahalaşma yaşanıb. Fevralda 15 faizdən çox, martda 33 faizin üzərində qiymət artımı baş verib. Apreldə isə soğan 78,3 faiz bahalaşaraq kiloqramı orta hesabla 1 manat 7 qəpiyə yüksəlib (xaricdən gətirilən soğanın qiyməti 85 faiz artıb)”.

Nemət Əliyev deyir ki, kartofun qiyməti də ötən ilin eyni dövrü ilə müqayisədə, bu ilin yanvar, fevral və mart aylarında orta hesabla 1,3 faiz nisbətində ucuzlaşıb. Lakin apreldə bu məhsulun qiyməti 14,3, mayda isə 32 faizə yaxın bahalaşıb. Orta hesabla ötən ilin mayında bir kiloqramı alıcılara 66 qəpiyə təklif olunan kartof bu ilin mayında 87 qəpiyə təklif olunub. Yerli kartof 31 faizdən bir az çox, idxal olunan kartof isə 34 faizə yaxın bahalaşıb”.

N.Əliyev deyir ki, mart, aprel, may aylarında qiyməti kəskin bahalaşan ərzaq məhsullarından biri də ağ kələmdir. Ötən il ağ kələmin orta aylıq satış qiyməti müvafiq olaraq 0,57; 0,56; 0,57 manat olmuşdursa, bu il 0,67; 1,09; 0,90 manatdır:

“Deməli, bu məhsulun qiyməti martda 17 faizdən çox, apreldə 95 faizə yaxın, mayda isə 58 faizə qədər bahalaşıb. Bu ilin əvvəlində 10 ədədi 1,77 manata satılan toyuq yumurtası mayın sonuna qədər 1,39 manata qədər ucuzlaşsa da, bu sonuncu qiymət ötən ilin may ayı ilə müqayisədə 25 faizdən yüksək olub. Xaricdən gətirilən suda bişmiş kolbasanın qiyməti cari ilin yanvar-may dövründə 16-20 faiz aralığında, idxal olunan sosiska və sardelkanın qiymətləri isə fevral-may dövründə 14-15 faiz intervalında bahalaşıb”.

İqtisadçı deyir ki, buğda ununun qiyməti yanvarda 4, fevralda 8, mart və apreldə 9, mayda isə 10 faizə yaxın artıb:

66196301_2755047294511497_946468933563580416_n.jpg
cədvəl

“Ötən ilin mayında kiloqramı 5,02 manata satılan dondurmanın qiyməti bu ilin may ayında 18 faizə yaxın bahalaşaraq 5,92 manata yüksəlib. Ötən ilə nəzərən bu ilin mayında filtrli siqaretlərin qiymətlərində 24 faizdən çox, toz şəklində sintetik yuyucu vasitələrin qiymətlərində 17 faizə yaxın, məktəblilərin daha çox istifadə elədiyi flomasterlərın qiymətlərində 20 faizdən artıq, üz üçün qidalandırıcı kremlərin (qadınlar daha çox istifadə edirlər) qiymətlərində isə 56 faizə qədər bahalaşma qeydə alınıb”.

N.Əliyev deyir ki, göründüyü kimi, çoxişlənən malların, iş və xidmətlərin bahalaşma faizləri çox yüksəkdir:

“Müqayisə üçün deyim ki, ötən ilə nəzərən, bu ilin yanvar-may aylarında nominal ifadədə əhali gəlirləri cəmi 6,8 faiz artıb. Belə olan halda, aşağı səviyyəli gəlir artımlarının yüksək bahalaşma faizlərinin yeminə çevrilməsi şübhəsizdir. Odur ki, gəlir artımlarının bahalaşma səviyyəsini üstələməsinə nail olmaq lazımdır və hökumət tədbirləri də məhz bu istiqamətə yönəlməlidir. Əks halda, əhalinin həyat səviyyəsinin yaxşılaşmasına iddia eləmək çox absurddur”.

2019-cu ildə qiymətlər, 2018-ci ilin eyni dövrü ilə müqayisədə artıb.

Məlumat Dövlət Statistika Komitəsinin yaydığı “İstehlak bazarında qiymətlərin dəyişməsi haqqında” adlı sənəddə öz əksini tapıb.

Ana səhifəXəbərlərİqtisadçı: Ərzaq məhsulları kəskin bahalaşıb