İmişli sakini: Hökumətdən tək istəyimiz xəstələrimizə baxmalarıdır

“Böyük nəsə istəmirik hökumətdən”

Source: Specify Source


Ailə əlilliyi olan övladlarının pensiyasına möhtac qaldıqlarını deyir

“İş olanda gedib görürəm. Olmayanda da qalırıq belə. Ailədə 4 nəfərik, hamımız da xəstə. İçimizdə cəmi bir nəfər əlilliklə bağlı pensiya alır, o da cəmi 300 manat. Bununla 4 nəfər bir ay necə dolanmalıdır?”

İmişlinin Bəcirəvan kəndinin sakini 56 yaşlı Müsəbbir Həsənov belə söyləyir. O, 57 yaşlı həyat yoldaşı Kifayət Həsənovanın 8 aydır yataq xəstəsinə çevrildiyini, 22 yaşlı oğlunun isə gözlərinin görmədiyini, yeriyəndə yıxıldığını deyir:

“Özüm qaraciyərimdən əziyyət çəkirəm. 30 yaşlı qızımın isə ayaqlarında problem var, çox ayaq üstə dura bilmir, zəifdir. Uşaq vaxtından problemlidir. Sümük boşluğu var idi. Müalicələrdən sonra hələ ayağa qalxıb. Ancaq yenə də yaxşı yeriyə bilmir. Baxın, ailədə 4 nəfərik, hərəmiz bir cür xəstəyik”.

Müsəbbir Həsənov kənddə ehtiyacı olanların həyətində, evində işləyir. Deyir, bəzi günlər 5-10 manatı olur. Ancaq koronavirus çıxandan iş tapması çətinləşib:

“Burada elə qatı karantin olmur. İnsanlar çölə çıxır. Problem odur ki, kimsədə pul yoxdur. Ailələrin çoxu Bakı, Rusiya vasitəsilə dolanırdı. İnsanlar Bakıda, Rusiyada işləyib, ailəsinə pul göndərirdi. Kimi də İmişli-Bakı maşın sürür, sərnişin danışırdı. İndi xəstəlik yayılıb, Bakıya giriş bağlıdır. Odur ki, insanlar bu dəqiqə topladıqları puldan istifadə edirlər. Bir-iki aya o da bitər. Deməyim odur ki, indi camaat bekarçılıqdan fəhləliyi də özü edir, başqasını çağırmır. Bizim kimilər də qalır işsiz”.

Müsəbbir Həsənov deyir ki, onsuz da çox işi olmurdu. Ayın 1 həftəsini işləsə, sevinirdi:

“İndi o da yoxdur. Yaşlı adamam, iş keyfiyyətim də aşağıdır. Elə hər şey bir yana, nə vaxtacan çəpər hörüb, beton tökməliyəm? Yaxud həyət-baca təmizləməliyəm? Adam bezir, həqiqətən də. Üstəlik, xəstəliyim də var. Elə bu xəstəliyə görə təqaüdüm olsa, birtəhər dolanaram”.

Ailənin bir oğlu var. 22 yaşlı Həsən. O, nə danışa, nə görə, nə yeriyə bilir. Müalicəyə ehtiyacı var, ancaq atasının gücü çatmır. Deyir, qarınlarını güclə doyurur, qaldı müalicə etdirə, bunu çatdıra bilmir:

“30 yaşlı qızım da onun kimi. Ayaqları yaxşı tutmur. Oğuldur, böyüyüb, kömək olmalıdır dolanışığa. Ancaq mən ona kömək etməliyəm. Onu da edə bilmirəm. Artıq dərdimi kimə deyim, haradan kömək umum bilmirəm. Mənimki də belə gətirib. Bütün ailəmiz xəstədir”.

Müsəbbir Həsənov deyir ki, həyat yoldaşının müalicəsinə son 8 ayın hər birində 200 manatadək xərcləri çıxır. Ancaq heç sağalmır, irəliləyiş yoxdur:

“Artıq pulumuz da qalmayıb. Dövlət 2 ay 190 manat verdi. Hardan gəldi, hara getdi, vallah bilmədim. Elə evdəki tükənən ərzaqları aldıq, bir də ayıldıq ki, pul qalmayıb. İndiki dövrdə pulun da bərəkəti yoxdur. Bazara gedirsən, qayıdanda görürsən ki, yoxdur. Sıxırsan canı çıxır pulun”.

unnamed (1).jpg
Müsəbbir Həsənov

Ailə 300 manatla ayın sonunu gətirə bilmir. Üstəlik, həmin 300 manat I qrup əlilliyi olan Həsənə verilir. Yəni, onun müalicəsinə xərclənməlidir. Amma başqa gəlirləri olmadığı üçün xeyrə, şərə, kommunala, ərzağa da o puldan istifadə edirlər. Nəticədə xəstənin müalicəsi qalır kənarda:

“2 inəyimiz də var. Amma bəs etmir. Düzdür, qatığımız, südümüz olur, istifadə edirik. Ancaq kənd yerində hamının həyətində var. Adamların nə qatıq, nə südə ehtiyacı var. Sata bilmirik. Hökumətdən tək istəyimiz xəstələrimizə baxmalarıdır. Sağala bilsələr, çox sevinərəm. Məsələn, həyat yoldaşım sağalmayacaqsa, heç olmasa, ona da pensiya kəssinlər. Həqiqətən mən onun müalicəsini çatdıra bilmirəm”.

Ailənin yaşadığı ev də şəraitsizdir. Müsəbbir Həsənov deyir ki, damını təmir etmək lazımdır, ancaq imkanı yoxdur. Odur ki, yağış yağanda evin içinə su damır:

“Evin damı, suvağı, qapıları yoxdur. Cəmi 1 otaq, 1 də mətbəxini hazırlaya bilmişik, qalıb yarımçıq. Deməyim odur ki, yaşaya bilmirik. Biz də normal şəkildə dolanmaq istəyirik. Böyük nəsə istəmirik hökumətdən”.

İmişli rayon Bəcirəcan kəndinin icra nümayəndəsi Asəf Balakişiyev Meydan TV-yə deyib ki, Həsənovlar ailəsinin vəsiyyəti olduqca ağırdır. Ailənin hər iki övladı xəstəlikdən əziyyət çəkir:

“İndi xanımı da xəstələnib. Bilirik ki, ağır durumdadırlar. Pandemiya dövründə imkansız ailələrə yardım paylandı. Biz həmin ailənin də adını siyahıya salmışdıq. Yenə olsa, yenə salacağıq. Uşaqlardan biri pensiya alır, digəri almır deyəsən. Bunun üçün xəstəxanada yatmalıdır. Sonra baş həkim onun xəstəliyi ilə bağlı sənəd verməlidir. Həmin sənəd Bakıya göndərilməli, ona əlillik dərəcəsi müəyyən edilməlidir. Əgər müraciət etməyiblərsə, günah özlərindədir. Kasıblıqla əlaqədar isə məşğulluğa, sosial fonda müraciət edə bilərlər. İnanıram ki, onlara kömək edilər. Heç olmazsa, heyvan verilər, dolanışıqları düzələr”.

unnamed (3).jpg
“Cəmi 1 otaq, 1 də mətbəxini hazırlaya bilmişik, qalıb yarımçıq”

İmişli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Eynulla Qasımov isə deyir ki, hazırda İmişli xəstəxanası yalnız koronavirus xəstələrinə ayrılıb. Ancaq COVİD-19 virusundan əziyyət çəkənlərə baxırlar:

“Əlillik dərəcəsinin verilməsi, xəstələrin yatırdılması və s. işlər müvəqqəti dayandırılıb. Virus aradan qalxandan sonra adamlar xəstəxanada yata bilərlər. Həqiqətən əlillikləri varsa, kağız verərik. Həmin sənədlə də müraciət edib qrup ala bilərlər”.

Baş həkim indiki vəziyyətdə ailəni müayinə etmək üçün təcili tibbi yardım göndərəcəklərini bildirib:

“Onların sağlığı ilə bağlı təcili nəyəsə ehtiyacları varsa, indinin özündə də onların evinə təcili tibbi yardım göndərə bilərəm. Baxsınlar, görsünlər problemləri nədir. Eyni zamanda, gələcəkdə əlilliklə bağlı müraciət qaydalarını da onlara izah etsinlər”.

unnamed (2).jpg
Müsəbbir Həsənov deyir ki, həyat yoldaşının müalicəsinə son 8 ayın hər birində 200 manatadək xərcləri çıxır.
Ana səhifəBölgəİmişli sakini: Hökumətdən tək istəyimiz xəstələrimizə baxmalarıdır