İki uşaq anasının əri tərəfindən qətlə yetirildiyi deyilir

“Hazırki iş başqa müstəvidədir, ona mən baxmıram”.

Source: Specify Source


Sevinc Məhərrəmova dəfələrlə şiddətlə bağlı polisə müraciət edib

Xəzər rayonunun Mərdəkan qəsəbəsində yaşayan Sevinc Məhərrəmovanın əri Füzuli Qarayev tərəfindən öldürüldüyü bildirilir.

Hadisə avqustun 3-də baş verib. Yaxınlarının sözlərinə görə, Füzuli Qarayev 23 yaşlı Sevinc Məhərrəmovanın başını kəsib.

Faktı Sevinc Məhərrəmovanın vəkili Zibeyda Sadıqova da təsdiqləyib.

Vəkil Meydan TV-yə bildirib ki, Sevinc Məhərrəmova ona bir müddət əvvəl müraciət edib:

“Mən bu işə qoşulanda qadın əri tərəfindən çubuqla döyülmüşdü. Bədənində izlər var idi. Eyni zamanda, əri uşaqlarını ondan almışdı və üzlərini göstərmirdi. Biz həm onun uşaqlarını geri almaq, həm də kişinin zorakılığa görə həbs edilməsinə çalışırdıq”.

Vəkil deyir ki, Füzuli Qarayev qadını birgə yaşadıqları dövrdə dəfələrlə döyüb, ona işgəncələr verib:

“Hətta bəzən bunu azyaşlı övladlarının gözü qabağında edib. Sevinc Məhərrəmova döyülməsi ilə bağlı 5-6 dəfə Xəzər Rayon Polis İdarəsinin bölmələrinə şikayət edib. Məsələn, 2020-ci il yanvarın 29-da əri onu və uşaqlarını döyüb. İddiaçı Xəzər RPİ 1-ci PB-yə şikayət edib. Bu zaman o, məhkəmə-tibbi ekspertizadan keçirilib. Cinayət Məcəlləsinin 128-ci maddəsi (qəsdən sağlamlığa yüngül zərər vurma, sağlamlığın qısa müddətə pozulmasına və ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma – üç yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır) ilə cinayət işi başlanıb. Növbəti şikayətlərdən biri 2020-ci il dekabrın 3-də olub. Bu dəfə də əri tərəfindən döyülən Sevinc Məhərrəmova Xəzər RPİ 1-ci PŞ-yə üz tutub. Yenə ekspertizadan keçirilib, cavabdeh barəsində CM-nin 128-ci maddəsi (qəsdən sağlamlığa yüngül zərər vurma, sağlamlığın qısa müddətə pozulmasına və ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma – üç yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır) ilə cinayət işi başlanılıb. Lakin cavabdehin və məhkəmənin təkidi ilə iddiaçı şikayətini geri götürməyə məcbur olub”.

Vəkil bildirir ki, 2021-ci il martın 20-də Füzuli Qarayev Sevinc Məhərrəmovanı ağac kötüyü ilə döyüb, ona işgəncə verib. Sevincin qışqırıqlarını uşaqları da eşidib:

“2021-ci il martın 22-də Sevinc yenə Xəzər RPİ 1-ci PŞ-yə müraciət edib. Məhkəmə-tibbi eksepertizadan keçirilib. Cavabdehə CM-nin 133.1-ci maddəsi (əzab vermə, mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə – iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) ilə cinayət işi başlanılıb. Bundan sonra cavabdeh azyaşlı uşaqlarını onun əlindən alıb və Saatlıda yaşayan qardaşının evinə aparıb. Sevinc uşaqları istəyəndə isə şikayətini geri götürdüyü halda verəcəyi ilə hədələyib. Hazırda Sevinc Məhərrəmovanın işgəncəyə məruz qalması barədə cinayət işi Xəzər Rayon Prokurorluğunda müstəntiq Ramil Mehdiyevin icraatındadır”.

Zibeydə Sadıqova deyir ki, Füzuli Qarayevə qarşı cinayət işi açılmasına, iş getməsinə baxmayaraq, bir müddət əvvəl müstəntiq ona zəng edib, ər və arvadın barışdığı xəbərini verib:

“Bundan sonra işi CM-nin 128-ci maddəsinə dəyişdilər və məhkəməyə göndərdilər. Bu gün də eşitdik ki, kişi qadının başını kəsərək onu qətlə yetirib”.

Sevinc Məhərrəmovaya ictimai fəal Gülnarə Mehdiyeva da kömək edib. Deyir, əri tərəfindən dəfələrlə işgəncələrə məruz qalmış qadın bu ilin martında ona müraciət edib. Həmin vaxt onun zorakılıq izləri olub:

untitled_artwork_2.jpg
“Axırıncı davalarında əri uşaqları ondan alıb, rayona göndərmişdi”

“Axırıncı davalarında əri uşaqları ondan alıb, rayona göndərmişdi. Həmin vaxt insanlar 102-yə zəng vurdular. Qadının zorakılığa məruz qaldığını, uşaqlarının əlindən alındığını dedilər, kömək istədilər. Ancaq polis kişini həbs etmədi. Biz həmin vaxt vəkillə birgə qadını müayinələrdən keçirdik. 23 yaşadək şəxsiyyət vəsiqəsi olmamışdı, çətinliklə sənədini düzəltdik. Ona tibbi yardımlar göstərdik”.

Gülnarə Mehdiyeva deyir ki, bundan sonra Sevinc Məhərrəmova anasıgilə köçüb, onlarla yaşamağa başlayıb. Hətta evinin yaxınlğında özünə iş də tapıb:

“Vəkil Zibeydə xanım min bir əziyyətlə onun işgəncəyə məruz qalması ilə bağlı cinayət işi açdıra bilmişdi. Eyni zamanda, uşaqlarını ala bilmək üçün mübarizə aparırdı. Hələ o zamanlar da bizə qəribə gəlirdi ki, onu bu hala salan biri niyə həbs edilmir. Uşaqlar üçün məhkəməyə gedəndə mən də orada idim. Kişi gəlməmişdi. Vəkil müstəntiqdən səbəbini soruşdu. Dedi ki, koronaya tutulub, ona görə bütün məhkəmələr təxirə düşüb. Vəkil tibbi sənədin olub-olmamasını sual etdi. Dedilər ki, yoxdur, sadəcə telefonla zəng edib deyib ki, koronayam”.

Gender aktivisti bildirir ki, beləliklə, məhkəmələr uzandıqca, uzanırdı. Həftələrlə məhkəmələr olmurdu ki, kişi guya koronadır:

“Amma sübut da yox idi. Zibeydə xanım əziyyətlə qadınla uşaqlarına görüş təyin etdi. Həftədə iki dəfə, 6 və bazar günləri. Mən qadına xoş xəbəri verdim. Dedim, Saatlıya gedib görüş adı ilə uşaqları Bakıya gətirə də bilərik. Razılaşdıq. Qızdan xəbər gözləyirdim. Mayın 4-də qadın mənə yazdı ki, Gülnarə, məni bağışla, dözə bilmirəm. Uşaqlarım ağlayır, mən qayıdıram ərimin yanına. Əri qadını uşaqları ilə manipulyasiya etmişdi, alınmışdı da. Nəticədə evinə qayıtdı və biz bu gün ərinin onun başını kəsərək qətlə yetirdiyini öyrəndik”.

Gülnarə Mehdiyeva indiki durumda nə edə biləcəyini bilmir. Deyir, hələ də anlaya bilmir, niyə bir qadını döyüb, pis duruma salan kişi həbs edilmədi ki, sonu bu oldu:

“Biz onunla yolun 90 faizini gəlmişdik. İş tapmışdı, evdən çıxmışdı, məhkəməyə müraciət etmişdi, şəxsiyyət vəsiqəsi əldə etmişdi, uşaqları ilə görüş qazanmışdı. Ancaq polisin işini görməməsi nəticəsində o 23 yaşlı qız artıq həyatda yoxdur”.

İctimai fəal “deyəndə qadın qətilləri siyasidir, bunu nəzərdə tuturuq” söyləyir: “Hökumət bir qadının təhlükəsizliyi üçün heç nə etmir”:

“İsrarla onu zorakılıq göstərən adamla barışdırmağa çalışır. Nəticə göz önündədir. İyulda Azərbaycanda ya əri, ya sevgilisi tərəfindən 9 qadın qətlə yetirilib. Budur vəziyyət. Mən bunun günahını birbaşa Elşad Hacıyevdə görürəm. İsrarla dedi ki, o qadın bizə müraciət etməyib. Halbuki etmişdi, özü də dəfələrlə. Hüquq-mühafizə orqanları həmişə belə işləri ört-basdır edirlər. Nəticəsi də faciəvi olur”, – Gülnarə Mehdiyeva deyir.

aqsuda_oldurulen_gelin.jpg
“Uşaqlarım ağlayır, mən qayıdıram ərimin yanına”

Xəzər Rayon Prokurorluğunun müstəntiqi Ramil Mehdiyev Meydan TV-yə bildirib ki, hazırda işə o baxmır, amma iş Xəzər Rayon Prokurorluğundadır:

“Onlarla əlaqə saxlayın, bu barədə heç bir məlumat verə bilmərəm. Həmin şəxslərin işi məndə çoxdan olub. Vermişəm məhkəməyə. Hazırki iş başqa müstəvidədir, ona mən baxmıram. Ona görə də bu barədə məlumat verə bilmərəm”.

Xəzər Rayon Prokurorluğunun yaydığı məlumatda deyilir ki, avqustun 3-ü saat 11 radələrində 1997-ci il təvəllüdlü Sevinc Məhərrəmovanın əri tərəfindən paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, 1979-cu il təvəllüdlü Füzuli Qarayev arvadının aralarında yaranmış mübahisədən sonra küsüb sığındığı qonşusu Röyal Hüseynovun evində olmasını bilib, oraya gələrkən küçədə Röyal Hüseynovu və sonuncunun yanında fəhlə işləyən Ramil Bəşirovu bıçaqlayıb, daha sonra evə daxil olaraq arvadı Sevinc Məhərrəmovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək onu öldürüb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Füzuli Qarayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

“Hazırda hadisənin törədilməsinə gətirib çıxardan səbəb və şəraitin araşdırılması məqsədi ilə intensiv istintaq əməliyyat tədbirləri davam etdirilir”, – məlumatda deyilir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev ölüm faktını təsdiqləyib. Bildirib ki, bununla bağlı ətraflı rəsmi açıqlama veriləcək.

İctimai fəalların günahı hüquq-mühafizə orqanlarında görməsinə gəlincə, Elşad Hacıyev bildirib ki, bu, heç bir halda doğru deyil. Belə iddiaların əsası yoxdur:

“O vaxt qanunvericiliyə uyğun araşdırma aparılıb. Qadının həyat yoldaşı tərəfindən zorakılığa məruz qalması faktı ilə bağlı, əzab vermə maddəsi ilə cinayət işi başlanıb. Toplanmış materialların rayon məhkəməsinə göndərilməsi təmin olunub. İlkin zəruri istintaq hərəkətləri həyata keçirilib”.

Elşad Hacıyev deyib ki, burada hər hansı etinasızlıq və məsuliyyətsizlikdən söhbət belə gedə bilməz:

“Hər hansı vətəndaşın hüquqlarına etinasız münasibət göstərilməyib. Tərəflər barışdırılmağa çalışılsaydı, cinayət işi açılmazdı. Bütün hallarda həmin vaxt lazım olan prosedurlar həyata keçirilib”.

Sevinc Məhərrəmovanın ölüm xəbərini ailəsi də təsdiqləyib. Hazırda meyiti “morq”dan götürüb evlərinə doğru getdiklərini bildiriblər.

Sevinc Məhərrəmova və Füzuli Qarayev 2016-cı ildə ailə həyatı qurub. Birgə yaşadıqları dövrdə iki övladları dünyaya gəlib. Uşaqlardan birinin 5, digərinin 3 yaşı var.

Ana səhifəSosialİki uşaq anasının əri tərəfindən qətlə yetirildiyi deyilir