“İdeal”ın keçmiş sahibi məhkəmə qarşısında

Solmaz İsmayılova xatırladıb ki, oğlu “İdeal”dakı payını və əmtəə nişanını vermək istəmədiyinə görə ilk dəfə 2017-ci ildə şərlənib həbs olunub, o zaman 3 ay 10 gün həbsdə saxlanıb.

Foto: Meydan TV


“Oğlum onun biznesinə göz dikən məmurların sifarişi əsasında həbs olunub”

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun məhkəməsi başlayıb. Həbsdə olan iş adamı mayın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb. Onun işinə hakim Əli Məmmədovun sədrliyilə baxılır.

Bu məhkəmədə işə üç nəfərdən ibarət hakimlər kollegiyası baxır. Mayın 17-də məhkəmənin hazırlıq iclasında yalnız sədrlik edən hakim Əli Məmmədov proses iştirakçılarının qarşısına çıxaraq bildirib ki, digər iki hakimdən biri – Telman Hüseynovun ikinci dəfə koronavirusa yoluxma ehtimalı var. O, yenidən test verib və nəticəsi hələ məlum deyil. Bu üzdən məhkəmə prosesi təxirə salınmaq məcburiyyətindədir.

Müdafiə tərəfi buna etiraz edərək vurğulayıb ki, onsuz da hələ məhkəmə prosesi başlanğıc mərhələdədir. Belə bir ehtimal varsa, tərkibə Telman Hüseynovu yox, başqa bir hakimi daxil etmək olar ki, proses davam etsin.

Amma sədrlik edən hakim razılaşmayıb və məhkəmə prosesi mayın 24-nə qədər təxirə salınıb.

İlqar İsmayılovun 2011-2017-ci illərdə vəzifəsindən sui-istifadə edərək, 680 min manata yaxın vəsaiti mənimsəməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda məınimsəmə) və 308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Lakin o, ittihamları qəbul etmir.

Anası Solmaz İsmayılova da oğlunun təqsirsiz olduğunu deyir. İddia edir ki, oğlu onun biznesinə göz dikən məmurların sifarişi əsasında həbs edilib: “Oğluma qarşı ittihamların heç bir əsası yoxdur. İstintaq dövründə onunla bağlı ölkə rəhbərliyinə dəfələrlə müraciət etmişəm. İndi məhkəməsi başlayıb. Ölkə başçısı İlham Əliyevin ədalətli insan, özünün də dediyi kimi, hər bir azərbaycanlının prezidenti olduğuna, hər birimizin hüquqlarımızın təminatçısı olduğuna əmin olduğum üçün ona etdiyim müraciətlərin də nəticəsinin olacağına, məhkəmənin işə obyektiv baxıb ədalətli qərar çıxaracağına inanıram”.

Solmaz İsmayılova xatırladıb ki, oğlu “İdeal”dakı payını və əmtəə nişanını vermək istəmədiyinə görə ilk dəfə 2017-ci ildə şərlənib həbs olunub, o zaman 3 ay 10 gün həbsdə saxlanıb. Şirkətdəki payından və əmttə nişanı hüququndan imtina etməsi haqda sənədləri imzalayandan sonra həbsdən buraxılıb: “3 il dözsə də, sonra hüququnu tələb etməyə başladı. Bundan sonra yenə hədə-qorxular, təhdidlər başladı. Həbs olunacağı barədə xəbərdarlıq edildi. Təhdidlərdən çəkinməyərək haqqını tələb etməyə davam etdiyi üçün yenidən həbs edildi. Guya 2013-2014-cü idə özünə məxsus, dövriyyəsi və gəliri milyonlarla ölçülən şirkətin 600 min manat vəsaitini mənimsəyib. Bunun nə qədər absurd ittiham olduğu hamıya gün kimi aydındır…”

İlqar İsmayılov həbsinə və şirkətin əlindən alınmasına görə AZAL rəhbəri Cahangir Əsgərovu ittiham edirdi. O, həbsindən bir neçə gün əvvəl “Facebook” hesabından paylaşımında da yazmışdı ki, 2017-ci ildə AZAL rəhbərinin kabinetində Cahangir Əsgərovun özü və həyat yoldaşı Zərifə Həmzəyevanın hədə və tələbilə Samir Əliyev adlı şəxsi “İdeal Kompani”nin direktoru təyin etmək məcburiyyətində qalıb.

“İdeal”ın idarəçiləri 2020-ci ildə “Sabina” mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət “Adore Company”ə daxil edilib. “Adore Company”nin rəhbərliyində bir neçə ay əvvəl dəyişiklik olub. Bu ilin yanvarında şirkətin direktoru Samir Əliyev Nərmin İsmayılova əvəzləyib.

“Premium Bank”dan isə saxta kredit müqaviləsi haqda deyilənləri təkzib ediblər. Bankdan mediaya açıqlamada bildirilib ki, İlqar İsmayılovun müxtəlif dövlət orqanlarına göndərdiyi şikayətlər araşdırılıb və onun iddiaları təsdiqini tapmayıb. Bankdan onu da qeyd ediblər ki, 5 milyonluq kredit müqaviləsi gerçək olub, İlqar İsmayılovun həmin vəsaiti almadığı haqda söylədikləri həqiqətəuyğun deyil.

“Premium Bank” AZAL rəhbərinin xanımı Zərifə Həmzəyevaya məxsusdur. O, bankın əsas səhmdarıdır.

Ana səhifəSiyasət“İdeal”ın keçmiş sahibi məhkəmə qarşısında