Hüquqşünas İntiqam Əliyevə ofisini geri veriblər

Yerli məhkəmələrdə, həmçinin Avropa İnsan Hüquqları Məhkməsində apardığımız işlərə dair materialları geri qaytardılar.

Source:


Baş prokurorluq müsadirə etdiyi sənədləri də qaytarıb

Baş Prokurorluq tanınmış hüquqşünas İntiqam Əliyevin rəhbərlik etdyi Hüquq Maarifçiliyi Cəmiyyətinin ofisini gözlənilmədən özünə qaytarıb.

Məlumatı “Turan” İnformasiya Agentliyi yayıb.

Ofis beş il öncə İ.Əliyev həbs edilərkən möhürlənmişdi.

Bu müddətdə ofisin mülkiyyətçisi və təşkilat özü prokurorluqdan ofisin qaytarılmasını tələb edib, amma nəticəsi olmayıb. Lakin sentyabrın 12-də prokurorluqdan İ.Əliyevə telefon edərək təcili ofisə gəlməsini xahiş ediblər. Ertəsi gün ofis və 2014-cü ilin avqustunda götürülmüş bütün sənədlər İ.Əliyevə qaytarılıb.

“Yerli məhkəmələrdə, həmçinin Avropa İnsan Hüquqları Məhkməsində apardığımız işlərə dair materialları geri qaytardılar. Yeri gəlmişkən, həmin işlər üzrə kommunikasiya zamanı hökumət daim bildirirdi ki, guya bütün sənədləri 2015-ci ilin oktyabrında mənim vəkilimə veriblər. Dünən 150-dən çox işi mənə qaytardılar”, – İ.Əliyev Turan agentliyinə bildirib. 2015-ci ildə aparılmış axtarış zamanı müsadirə edilmiş maliyyə sənədləri də qaytarılıb.

O, belə dönüşün dəqiq səbəblərini açıqlamağa çətinlik çəkib. Agentlik təxmin edib ki, bu, AŞPA prezidentinin bu yaxınlarda Bakıya səfəri ilə əlaqədar ola bilər.

Həmin günlərdə Avropa Şurası insan hüquqları və qanunun aliliyi üzrə direktorluğun rəhbəri Xristos Sakumopulosun səfəri olub. O, Baş prokuror Zakir Qaralovla görüşüb. Bəzi məlumatlara görə, Strasburq təmsilçisi insan hüquqlarının pozulması və QHT-lərin fəaliyyətinin məhdudlaşdırılması məsələsini ciddi şəkildə qaldırıb.

Bununla yanaşı İ.Əliyevə qarşı bəzi məhdudiyyətlər davam edir. Belə ki, təşkilatın bank hesabları və onun şəxsi hesabı həbsdədir və onun ölkədən çıxışına qadağa qoyulub.

İ.Əliyev vəkillik fəaliyyəti ilə məşğul ola bilmir. Halbuki, AİHM-in qərarına görə, Vəkillər Kollegiyasının İ.Əliyevi və digər tanınmış hüquqşünas Ənnağı Hacıbəylini bu quruma qəbul etməkdən imtina etməsi qanunsuzdur.

Bundan əlavə, 2014-cü ildən İ.Əliyevə AİHM-də qazanılan işlər üzrə hüquqi xidmətlərə görə qonorar ödənilmir.

İ.Əliyev hesab edir ki, hakimiyyət fəalların üzərindən məhdudiyyətləri “doza” ilə götürür və onların işlərindən beynəlxalq təşkilatlarla alver predmeti kimi istifadə edir.

İ.Əliyev 2014-cü ilin avqustunda həbs olunmuşdu və mənimsəmə, vergidən yayınma ittihamı ilə 7,5 il azadlıqdan məhrum edilmişdi.

“Amnesty İnternational” beynəlxalq təşkilatı onu “vicdan məhbusu” kimi tanıyıb. 2016-cı il martın 28-də Azərbaycan Ali Məhkəməsi İntiqam Əliyevin real həbs müddətini şərti cəza ilə əvəzləyərək onu azad edib.

Ana səhifəSiyasətHüquqşünas İntiqam Əliyevə ofisini geri veriblər