Milli Televiziya və Radio Şurası

Source: Milli Televiziya və Radio Şurası

Caption: Milli Televiziya və Radio Şurası

“Hökumət əvvəlkindən də mürtəce tənzimləmə mexanizmləri üzərində çalışır”

Media qurumları yayım üçün lisenziya almalıdır

Milli Televiziya və Radio Şurası (MTRŞ) “Media haqqında” qanun layihəsində televiziya və radio yayımına dair əsas yenilikləri açıqlayıb.

MTRŞ bildirib ki, “Media haqqında” qanunda televiziya və radio yayımında əsas yeniliklər kimi, məzmun üzrə cavabdehlik daşıyan yayımçılıq, retranslyasiya xidməti həyata keçirərək məzmun üzərində cavabdehlik daşımayan operator fəaliyyətinin ayrılması, tezlik və peyk tutum resursları tələb edən audiovizual media fəaliyyətinin müsabiqə əsasında lisenziyalaşdırılması, digər audiovizual media fəaliyyəti üçün isə sadələşdirilmiş lisenziya alınması prosedurun tətbiqini qeyd etmək olar.

Qanun layihəsində internet televiziya kanallarının lisenziyalaşdırılması üçün sadələşdirilmiş sistem nəzərdə tutulub. Bildirilir ki, bunun üçün sadəcə olaraq qanunda müəyyən edilmiş tələblərə cavab vermək və MTRŞ-ya müraciət etmək lazım olacaq:

“Media subyektləri üçün təsbit olunan ümumi tələblərdən başqa, internet televiziya kanalları üçün spesifik iki tələb müəyyən olunub. Birinci tələb odur ki, kanalın özünün saytı olmalı və həmin saytdan yayım aparmalıdır”.

İkinci tələb isə bu yayımın gün ərzində minimum müəyyən saat olmasıdır:

“İlkin olaraq 8 saat nəzərə almışdıq, lakin bir sıra populyar internet kanalların rəhbərləri ilə məsləhətləşmələrdən sonra bunun 6 saata salınması üçün qanun layihəsində dəyişiklik olunması ilə bağlı təklif verəcəyik. Təbii ki, bu tələbin də artıq olması barədə fikirlər olacaq. Lakin bilməliyik ki, həftədə 1-2 dəfə bir neçə saatlıq efirə çıxaraq videoblogginqlə məşğul olmaq audiovizual media fəaliyyəti ilə məşğul olmaq kimi qəbul edilə bilməz”.

Bəzi saytların, xüsusən agentliklərin həm onlayn televiziya, həm də sayt kimi fəaliyyət göstərməsinin necə tənzimlənəcəyinə gəlincə, MTRŞ bildirir ki, yeni qanun layihəsinə əsasən, sayt və informasiya agentliklərinin qeydiyyatını Medianın İnkişafı Agentliyi həyata keçirəcək:

“Bunun üçün lisenziya alınmasına ehtiyac yoxdur. Məsələn, bir media həm informasiya agentliyi kimi Medianın İnkişafı Agentliyindən qeydiyyatdan keçərək fəaliyyət göstərə biləcək, eyni zamanda TV Şuraya müraciət edərək lisenziya alaraq platforma yayımçısı kimi tanınacaq”.

Media hüququ üzrə ekspert Xalid Ağəliyev deyir ki, “Media haqqında” qanun layihəsi ilə bağlı verilən açıqlamadan bəlli olur ki, medianın hüquqi tənzimlənməsində mütərəqqi islahatlar vəd edən hökumət əvvəlkindən də mürtəce tənzimləmə mexanizmləri üzərində çalışır. Yeni qanun layihəsi internet üzərindən yayım edənlərə lisenziya tələbi gətirilməsini nəzərdə tutur:

Xalid Ağaliyev

Xalid Ağaliyev

Source: Xalid Ağaliyevin şəxsi arxivindən

“Yəni, domenin var, saytın var, yayım etmək istəyirsən, gedib Teleradio Şurasının müsabiqəsinə qatılmalısan, lisenziya almalısan və sair”.

Hüquqşünas deyir ki, Avropa Konvensiyasının İfadə azadlığı hüququnu təsbit edən 10-cu maddəsi var. Həmin maddədə belə bir cümlə var: “Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur”. Xalid Ağəliyev deyir ki, görünür, “mütərəqqi tənzimləmələr” üzərində işləyən hüquqçular, bu cümləni hərfi anlayıblar, ifadə azadlığı vasitəsi olan bütün fəaliyyətləri lisenziya tələbinə tabe etdirə bilərik, deyə düşünüblər, yanlış düşünüblər:

“Halbuki, bu cümlə texniki imkanlarla bağlıdır, orda icazə verilən lisenziyalaşdırma tükənə bilən tele-radio resurslarını nəzərdə tutur”.

Hüquqşünas bildirir ki, yeni qanun layihəsinin bizə bəlli olan hissəsi mürtəcedir, ifadə azadlığını buxovlayandır, nə konstitusion normalarımıza, nə də Avropa Konvensiyasına uyğundur:

“Medianı yaxşı tənzimləyəcək yaxşı qanunun hazırlanıb qəbul edilməsi lazımdır. Bunun yolu: Hökumət hazırladığı qanun layihəsinin mətnini ortaya qoysun. Qoy vətəndaş cəmiyyəti də alternativ layihə hazırlayıb, açıqlasın. Sonra hər iki layihə “İnformasiya əldə edilməsi haqqında” qanunun qəbulu təcrübəsində olduğu kimi Avropa Şurasının ekspertizasına təqdim edilsin. Hansı qanun bəyənilsə, o da qəbul edilsin”.

Hüquqşünas Ələsgər Məmmədli də bildirir ki, internet üzərindən öz domenində yayım aparanların "lisenziya" almasını nəzərdə tutan qanun layihəsi legitim məqsədə xidmət etmir və Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinə ziddir.

Ələsgər Məmmədli

Ələsgər Məmmədli

Source: AFU

Ələsgər Məmmədli deyir ki, lisenziya yalnız tezlik resurslarından istifadə edən yayımçılara şamil oluna bilər: “Milli tezlik resursları məhdud resurs olduğundan onların lisenziyalaşması legitim məqsədə xidmət edir. İnternet üzərindən yayım imkanları limitsiz olduğundan onun lisenziyalaşmasının tələb olunması absurddur. Yalnız yayım zamanı ümumi hüquqa uyğunluq olmalıdır ki, bunu da indiki halda KİV haqqında Qanunun, Cinayət qanunvericiliyi və s. qanunlar tam əhatə edir. Hər hansı boşluq mövcud deyil və hətta gərəyindən artıq tənzimləmə (məhdudlaşdırma) mövcuddur”. Hüquqşünas bu istiqamətdə təklif hazırlayan tərəfləri daha diqqətli olmağa çağırır

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/auf6eq

Most Viewed