Hökumət bu dəfə jurnalist və fəallara 33.350 avro təzminat ödəyəcək

Şikayətdə elə 3-cü maddənin pozuntusu mübahisələndirilirdi.

Foto: Avropa Məhkəməsi


Avropa Məhkəməsi qərarını açıqladı

Aprelin 22-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilmiş daha 4 şikayət üzrə qərarlarını elan edib.

“Əvəz Zeynallı Azərbaycana qarşı” şikayətdə məhkəmə hesab edib ki, jurnalistə münasibətdə 5-ci, 6-cı, 8-ci və 10-cu maddələrinin pozuntusuna yol verilib. Qərara əsasən, hökumət jurnalistə ümumilikdə 13 min avro təzminat ödəməlidir.

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının şikayəti parlament üzvündən rüşvət tələb etməsi ittihamı əsasında saxlanılması və məhkum olunması ilə bağlı idi. Jurnalist bu ittihamları rədd edirdi və şikayətində iddia edirdi ki, onunla bağlı mühakimə zamanı azadlıq və toxunulmazlıq (Maddə 5), ədalətli məhkəmə araşdırması (Maddə 6), şəxsi həyata hörmət və ifadə azadlığı hüququna müdaxilə (Maddə 10) edilib.

İkinci iş aktivist Elçin Həsənovla bağlıdır. “Elçin Həsənov Azərbaycana qarşı” işində AİHM şikayətçiyə münasibətdə onun azadlıq və toxunulmazlıq hüququna müdaxilənin baş verdiyi qənaətinə gəlib və hökuməti 7500 avro cərimələyib.

“Həsənov Azərbaycana qarşı” işi ərizəçinin dinc aksiya zamanı çəkiliş apararkən polis əməkdaşları tərəfindən saxlanılması və döyülməsi iddiaları ilə bağlı idi. Ərizəçi ifadə azadlığı, işgəncəyə məruz qalmamaq (Maddə 3) hüququna müdaxilə baş verdiyini mübahisələndirmişdi.

Üçüncü iş “Bəxtiyar Hacıyev Azərbaycana qarşı”dır. Burada AİHM ərizəçinin azadlıq və toxunulmazlıq hüququna müdaxilənin olduğuna qərar verib. Qərara əsasən, ərizəçiyə ümumilikdə 12850 avro təzminat ödəniləcək.

Bu iş ərizəçinin Gəncə Şəhər Polis İdarəsində saxlanılması, saxlanılmasının qanunsuzluğunun araşdırılmaması ilə bağlı idi. Şikayətdə elə 3-cü maddənin pozuntusu mübahisələndirilirdi.

Avropa Məhkəməsinin qərarını elan etdiyi dördüncü iş isə “Hüseyn Abdulvahabov Azərbaycana qarşı” şikayətidir. Məhkəmə bu işin baxılacaq ərizələrin siyahısından çıxarılmasına qərar verib.

Ana səhifəSiyasətHökumət bu dəfə jurnalist və fəallara 33.350 avro təzminat ödəyəcək