Həbsdəki AXCP funksionerilə bağlı koronavirus testi aparılıb

C.Cavadov əlavə edib ki, B.Həsənovun vaxtından əvvəl şərti azad olunması üçün lazım olan müddət mayda tamamlanacaq.

Source:


Vəkili Babək Həsənovla görüşüb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nərimanov şöbəsinin həbsdə olan sədri Babək Həsənovun səhhətindəki problemlər haqda yayılan məlumatlarla əlaqədar vəkili onunla görüşüb. Bu barədə vəkil Cavad Cavadov məlumat verib.

Görüş elə B.Həsənovun saxlandığı 6 saylı cəzaçəkmə müəssisəsində baş tutub.

C.Cavadov deyir ki, müəssisəyə daxil olmaq üçün ciddi tələblər var: “Əllər spirtli məhlulla təmizlənir, maska taxılır, rezin əlcəklər geyinilir, həkim bədənin hərarəti ölçülür, ayaqqabının altı xlorlu məhlulda yuyulur”.

Vəkilin sözlərinə görə, B.Həsənovla yarım saata yaxın təkbətək görüşüb. AXCP fəalı vəkilinə danışıb ki, onun saxlandığı barakda eyni vaxtda 4-5 nəfərin hərarəti yüksək olub: “Bu hal hamını narahat edib. Çünki bunun koronavirus ola biləcəyini ehtimal ediblər. Babəkdə martın 26-da bədənin hərarəti 37,8 olub”.

Xəstə məhbuslar cəzaçəkmə müəssisəsindəki tibbi-sanitar hissəyə köçürülüb, müalicə olunublar. B.Həsənovun indi özünü yaxşı hiss etdiyini söyləyən vəkilin sözlərinə görə, hazırda nə saxlanma şəraitindən, nə də səhhətindən şikayəti var:

“Hazırda hərarəti yoxdur. Tez-tez də ölçülür. Zahirən də gümrah idi, hər hansı narahatlıq hiss etmədim. Özü bildirdi ki, onda koronavirusla bağlı test aparılıb, nəticə neqativ çıxıb. 6 saylı cəzaçəkmə müəssisəsində koronavirusun yayılması halları yoxdur”.

91261552_1550530705111262_5509372000478429184_n.jpg
Cavad Cavadov

C.Cavadov əlavə edib ki, B.Həsənovun vaxtından əvvəl şərti azad olunması üçün lazım olan müddət mayda tamamlanacaq. Həmin zaman vaxtından əvvəl buraxılma üçün məhkəməyə müraciət olunacaq: “Amma ümid edirəm ki, həmin vaxta qədər əhatəli amnistiya veriləcək, bir çox məhkumlar buraxılacaq”.

Qarabağ qazisi olan B.Həsənov 2018-ci il mayın 25-dən həbsdədir. O, AXC Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli və partiyanın Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirli ilə birlikdə həbs olunub. Onlar Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmli və onun qardaşı oğlu Vidadi Rüstəmli ilə birlikdə mühakimə olunublar. İddia olunur ki, S.Rüstəmlinin Rusiyadan AXCP-yə göndərdiyi pulları onlar Bakıda qəbul edib, partiyaya çatdırıb.

Buna görə onlara qarşı qanunsuz sahibkarlıq, çirkli pulların yuyulması kimi ittihamlarla 3 ildən 7 ilə qədər həbs cəzası verilib.

Lakin B.Həsənli və digər partiya funksionerləri bu ittihamları rədd edir, siyasi sifarişlə həbs olunduqlarını bildirirlər.

Ana səhifəSiyasətHəbsdəki AXCP funksionerilə bağlı koronavirus testi aparılıb