Seymur Həsənov

Source: Meydan TV

Caption: Seymur Həsənov

“Həbsdə bundan yaxşı yaşayırdım”

İmişli sakini həbsdən çıxandan sonra iş tapa bilmədiyini, ağır durumda olduğunu söyləyir

“Bir sillədən ötrü 4 il həbsdə yatdım. Martda çıxdım, budur 6 aydır İmişlinin Məşğuluq Mərkəzinə iş üçün müraciət etmişəm. Bu müddət ərzində N qədər sənəd toplayıb, azı 7 dəfə müqaviləyə qol çəkmişəm. Ortada nə iş, nə maaş var”.

İmişli sakini Seymur Həsənov belə deyir. Deyir, həbsdən çıxanda iş tapanacan verilən pulun 600 manatını da elə həbsxana rəhbərliyinə ödəyib:

“Anamın vəziyyəti ağır idi. Dedim, gəlim vaxtında çatım. 600 manat verib 5-6 gün tez çıxdım. Mən gələndən 2 gün sonra anam öldü. Yaxşı ki, vermişəm, ən azından anamı son dəfə gördüm. O da məni azadlıqda gördü. Qalan 400 manat da ötən aydan bitib. İndi bir qəpiyim də yoxdur. Gündə bir dəfə gedib qardaşımgildə yeyirəm. Onu da utana-utana. Qardaşım fəhləliklə qazanır, yoldaşı alaq edir. Boğazımdan güclə keçir həmin bir boşqab yemək”.

Seymur Həsənov İmişlinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə (DOST) də yardım, iş üçün müraciət edib. Deyir, hələlik, bir xəbər çıxmır, gözləyir:

“Gözləməkdən bezmişəm. Həbsdən çıxandan evimdə nə qaz, nə işıq, nə də su var. Yerdən bir yatağım, 3 stəkanım, 3 nəlbəkim, balaca qaz balonum və çaynikim var. Mənim əşyalarım bundan ibarətdir. Elektrik yoxdur deyə, köhnə televizorun önünə ayna qoymuşam. Televizora baxanda da özümü görürəm. Daha özümü görməkdən də bezmişəm. Həyəti kol-kos basıb, cənəgəlliyə oxşayır, traktora verməyə pulum yoxdur ki, təmizlədim. İlan, kərtənkələ əskik olmur”.

Seymur Həsənov 4 il həbs cəzasını da haqsız yerə aldığını deyir. Bildirir ki, “Domino” oynayanda biri ilə sözü çəp gəlib. Əsəbiləşib, həmin adamla dalaşıb. Həmin adam şikayət etdiyi üçün onu həbs ediblər:

Seymur Həsənov İmişlinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə (DOST) də yardım, iş üçün müraciət edib

Seymur Həsənov İmişlinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə (DOST) də yardım, iş üçün müraciət edib

Source: Meydan TV

“Vallah, bir sillənin qurbanı oldum. Pulum yox, kasıb adam, nə istəyirlər yazıb, pozdular və nəticədə mən 4 il içəridə yatdım. İndi çıxıb gəlmişəm, gəlməz olaydım. İnanın mənim həbsxanada vəziyyətim indikindən yaxşı idi. Evdə bir tikə çörəyim yoxdur. Təsəvvür edin, pandemiya dövrü yardım paylayırdılar, mənə də 3-4 paçka makaron veriblər. Onu saxlamışam ki, qışda yeyim. İndi yenə badımcandan, bibərdən tapıb yeyirik”.

Seymur bu gün ən çox ehtiyacı olan şeyin iş olduğunu deyir. Əlavə edir ki, iş atlıdır, o piyada. Heç cürə gedib çata bilmir:

“Hətta küçə süpürməyə də razıyam, o da düzəlmir. Bəs məmurlar bütün günü bölgələrdə işsiz adamın olmadığını söyləyirlər? Mən süpürgəçi kimi də iş tapa bilmirəm. Getdim könüllü orduya yazıldım. Məni ora da qəbul etmədilər. Nədir ki, türmədə yatmışam. Deməli, mən bu vətən uğrunda ölməyə də layiq biri deyiləm? Bundan o tərəfi yoxdur. Mən günlərdir diş ağrısından ölürdüm. Həkimə verməyə 10 manat tapmadım, gecə səhərəcən əlləşib öz dişimi çıxarmışam”.

Seymur Həsənov işə düzəlmək üçün Məşğulluq Mərkəzinin istədiyi bütün sənədləri toplayıb verdiyini söyləyir. Deyir, bunlara xeyli xərci çıxıb. Hamısını dostdan-tanışdan borc alıb:

“Elə təkcə həkimdən 6 dəfə sağlamlıq arayışı almışam. Düzəlmir ki, düzəlmir. Dərdimi hara deyim, kimə şikayət edim, bilmirəm. Tam səmimi deyirəm, mən həbsxanada bundan yaxşı yaşayırdım. Çox bezmişəm”.

“Hətta küçə süpürməyə də razıyam, o da düzəlmir".

“Hətta küçə süpürməyə də razıyam, o da düzəlmir".

Source: Meydan TV

İmişli Məşğulluq Mərkəzinin direktoru Mirşamil Seyidov Meydan TV-yə bildirib ki, Seymur Həsənov artıq işlə təmin edilib. Pandemiya dövründə 2 aylıq ictimai işlərə cəlb edilib:

“Təbii qarşılığı ödənməklə. İndi də 1 həftə olar ki, daimi işlə təmin edilib. Yenə icimai işlərdə çalışacaq və buna görə müvafiq əmək haqqı alacaq”.

Seymur Həsənov isə and-aman edir ki, işlə təmin edilməyib. Ortada nə iş, nə də maaş var:

“İşim olsa, yoxdur niyə deyim? Dəli olmamışam ki. Yalan deyirlər, fikirləşirlər ki, insanlar həbsdən çıxmış, kasıb, heç nəyi olmayan birinin yox, onun kimi vəzifəlilərin sözünə inanar. Xahiş edirəm, siz inanmayın”.

İmişli Rayon İcra Hakimiyyətindən isə məsələni araşdıracaqlarını deyiblər.

" Dəli olmamışam ki".

" Dəli olmamışam ki".

Source: Meydan TV

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/zg08oq

Most Viewed