Hakimiyyətin ehtiyat variantları

Baş verən dəhşətli cinayətləri ört-basdır eləməyə çalışır…

Mənbə: Meydan TV


Nədənsə hakimiyyətin humanizmi ölkə vətəndaşlarına münasibətdə həmişə qəzəb, nifrət variantına çevrilir

Hər şey təcrübəyə bağlıdır. İstənilən adam düşdüyü situasiyadan illərlə qazandığı təcrübə sayəsində çıxa bilir: savadla səviyyənin rolu burada ikinci dərəcəlidir. Əslində bütün sahələrdə belədir. Jurnalist təhsili olmayan adamlar var ki, illərin təcrübəsi onları tanınmış qələm adamı edib.

30 ilə yaxındır hakimiyyəti əldə saxlayan YAP rejimi də bütün ümidini illərin sınağından çıxmış təcrübəsinə bağlayıb, həm də hələ keçərli olan təcrübəsinə. Hakimiyyət üçün istənilən ağır durumdan onlar çıxmağı bacarırlar, alternativ variantları sayəsində. Ayrıca düşünməyə, yeni nəsə tapmağa da gərək yoxdur. Təkrarçılığı da kimsə onlara irad tuta bilməz, çünki belə iradlar milçək vızıltısı da sayılmır. Onlar savad, bilik, səviyyə yarışmasında istənilən başqa komandaya da çox asanlıqla məğlub olar; həqiqi yarışma olsa. Formalaşdırdıqları parlament də öz səviyyələrinə uyğundur. Deputatlar hər açıqlamalarıyla, hər hərəkətləriylə gülüş, lağlağı, qınaq obyektinə çevrilir, nifrət qazanırlar. Bu günlərdə bir deputatın vəzifə borcunu yerinə yetirən polisi döyməsi sıradan hadisə deyil, ancaq qazanılmış təcrübə yoluyla bu insidentin də üstündən ustalıqla keçirlər, keçəcəklər. Tanınmayan birisinə mandat veriblərsə, onun belə “xırda xuliqanlıq” hərəkətini də malalamağı bacaracaqlar. Polislə dil tapıb hadisənin anlaşılmazlıqdan baş verdiyini, ya da, ümumiyyətlə, belə bir şeyin kiminsə uydurması olduğunu deyəcəklər; həmişəki kimi.

İstənilən ölkədə zəlzələ effekti yaradacaq hadisə sayılan jurnalistlərin, fəalların, hətta satın aldıqları adamların belə izlənilməsi faktının üzə çıxması Azərbaycanda kimsənin (hakimiyyətdəkilərin) umurunda olmadı. Daha doğrusu, özlərini elə apardılar və ehtiyat variantlarını yenidən işə saldılar. Fəal vətəndaşları, tənqidçi jurnalistləri, öz adamlarını izləmək üçün xaricdən avadanlıq, proqramlar almağa ölkənin milyonlarını xərcləyənlər yenə sınanılmış təcrübələrinə güvəndilər. Uğurlu obyekt seçdilər. “Jurdom”u yenidən gündəmə gətirdilər. Jurnalistlər üçün tikilən evlər kimlərə verilsin? Kimlər üçünsə az qala “olum və ya ölüm” məsələsini ortaya atıb aranı qarışdırdılar. Bu üsul çoxu üçün yenilik sayılmadı, ancaq alındı, bir neçə günlük olsa da gündəmi dəyişdilər. Jurnalistlər bir-birinə asi oldular, güvəndikləri adamların gözləmədikləri mövqeyindən dəhşətə gəldilər; əsdilər, coşdular, müəllim saydıqları adamlara ağır sözlər yazdılar. Ancaq sonda lap nağıllarda olduğu sayaq göydən üç alma düşdü…

Ölkə şou-biznes sayaq idarə olunur. Hakimiyyətin nəzarətindən kənar telekanal olmadığından, hər şey bir pultla idarə edildiyindən, cəmiyyət də bu idarəçilikdən məmnun göründüyündən problem yaşanmır. Yəni ölkənin maraqları tapdandığı, ayaqlar altına atıldığı anlarda, günlərdə belə ehtiyat variantlar köməyə gəlir, hər şey xoşbəxt sonluqla bitir.

Hakimiyyət xeyli vaxtdır Tərtər hadisələrinin gündəmə gəlməsinin qarşısını almaq üçün əlindən gələni edir. Baş verən dəhşətli cinayətləri ört-basdır eləməyə çalışır…

Erməni terrorçularını hissə-hissə ölkəsinə qaytaran hakimiyyət heç bir cinayət törətməyən vətəndaşına 10, 15, 20 il, hətta ömürlük cəza verir. Əlində olan telekanallardan yararlanmaqla öz vətəndaşına istədiyi damğanı vurur, ekrandan deyilənə Quran ayəsi kimi baxan cəmiyyətimiz də ən azı özünü hər şeyə inanmış kimi göstərir…

İyulun 29-da erməni terrorçularından bir qrupuna hökm oxunub. Bu terrorçular 10 noyabr razılaşmasından sonra Azərbaycan ərazisində tutulmuşdu və prezident İlham Əliyev də onların əsir deyil, terrorçu olduğunu demişdi. Terrorçu kimi mühakimə olunacaqlarını bildirmişdi. Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə (mütəşəkkil dəstə tərəfindən terrorçuluq, qanunvericilikdə nəzərdə tutlmayan silahlı birləşmənin tərkibində basqın etmə və s.) ittiham olunan bu terrorçulara cəmi 6 il iş verilib. Şübhə yoxdur ki, qısa zamandan sonra onlar hakimiyyətin ”humanizm” variantının “qurbanı” olub vətənlərinə qaytarılacaq. Ancaq erməni terrorçularına qarşı döyüşmüş Elçin Əmiraslanov ömürlük həbsdədir. Başkənd əməliyyatının qəhrəmanı Saleh Rüstəmli saxta ittihamla hələ də türmədədir. Nədənsə hakimiyyətin humanizmi ölkə vətəndaşlarına münasibətdə həmişə qəzəb, nifrət variantına çevrilir.

Tanrı səbrimizi kəssin!

Ana səhifəXəbərlərHakimiyyətin ehtiyat variantları