”Hafiz Paşayev yox, Nərgiz Paşayeva yox, Kamal Abdulla…”

. Özü bir dəfə gizlətmədən dedi ki, Prezident Administrasiyasından universitetdə “təmizlik” aparmağı tapşıdırblar

Source: Day.az


Xalq yazıçısının ''ilin ən yaxşı rektoru'' seçilməsi müzakirələrə səbəb olub

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla “İlin ən yaxşı rektoru” seçilib.

Məlumatı “Azərbaycan Universitetləri” səhifəsi yayıb. Rəsmi dövlət agentliyi “

Azərtac

”ın da məlumatı ictimailəşdirməsi hökumətin prosesi dəstəklədiyini təsdiqləyir.

Bildirilib ki, Xalq yazıçısı Kamal Abdulla “2018-2019-cu tədris ilinin ən yaxşı rektoru” sosial tələbə sorğusunda 45 faiz səsçoxluğu ilə qalib olub:

“Bundan əlavə, tədris ili ərzində Kamal Abdulla sosial aktivliyi, tələbələrinin rifah halının yaxşılaşması üçün atdığı addımlar və tələbələrin sevimli pedaqoqu olması bu səsverməyə təsir edib. Final seçki statusu 3 günə 100.000 nəfər görülmə (post reach) ilə rekord vurub”.

Qeyd olunur ki, sorğuda Azərbaycan Dillər Universitetinin tələbələri ilə yanaşı 10-dan artıq ali məktəbin tələbələri də iştirak edərək, ADU rektorunu dəstəkləyib.


Kamal Abdulla

özü də ona dəstək verənlərə təşəkkür edib:

“Azərbaycan Universitetləri” “Facebook” səhifəsinin elan etdiyi “2018-2019-cu tədris ilinin ən yaxşı rektoru” sosial tələbə sorğusunda aktiv iştirakınıza və sorğuda hörmətli rektor həmkarlarımla birgə mənə də diqqət göstərdiyinizə görə Sizə minnətdarlığımı çatdırıram. Hər birinizin səsi və haqqımda bildirdiyiniz fikirlər mənim üçün olduqca dəyərlidir”.


“Biz bu cür sorğuların hansı qurumun keçirdiyini də düşünməliyik”

Meydan TV “İlin ən yaxşı rektoru”nun hansı meyarlarla keçirilməsi ilə bağlı səhifənin adminlərinə müraciət edib. Bildiriblər ki, meyarlar əsasən il ərzində rektorun gördüyü işlər (səhifədə yayımlanan statuslara əsasən müəyyən olunur) və tələbələrin ümumi səsverməsi ilə həyata keçirilir.

Məlumatlara görə, adminlərdən biri Şahin Sərdarlı Azərbaycan Dillər Universitetinin III kurs tələbəsi və Həmkarlar İttifaqının sədridir.

“İlin ən yaxşı rektoru” adına digər namizədlər ADA Universitetinin rektoru Hafiz Paşayev və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva idi. Bu siyahıda Kamal Abdullanın önə çıxması ictimai şəxslər arasında da birmənalı qarşılanmayıb. Təəccüblənənlər arasında araşdırmaçı jurnalist Xədicə İsmayıl da var. Məlumatı öz “Facebook” hesabında paylaşan jurnalist yazıb: “Hafiz Paşayev yox, Nərgiz Paşayeva yox, Kamal Abdulla…”

Meydan TV məsələyə təhsil ekspertlərinin də rəyini öyrənib.

“XXI əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev “İlin ən yaxşı rektoru”nun hansı meyarlarla keçirildiyini bilmədiyini söyləyib:

“Biz bu cür sorğuların hansı qurumun keçirdiyini də düşünməliyik. Belə sorğularda maraqların toqquşmasına qətiyyən yol vermək olmaz. İkinci, respodent seçimində tələbələr və ictimaiyyətin üzvləri ola bilər. Yaxud professor və müəllim heyəti də mümkündür. Bütün hallarda sorğunu aparan təşkilatların peşəkarlığına diqqət yetirilməlidir”.

Etibar Əliyev
Etibar Əliyev

Etibar Əliyev bir neçə universitetdə islahatlar aparıldığını bildirsə də, onların arasında Azərbaycan Dillər Universitetinin adını çəkməyib:

“Bu islahatlar görüntü xatirinə keçirilmir, çünki nəticələri görsənir. Məsələn, İqtisad Universiteti islahatlar baxımından çox irəlidədir, Neft və Sənaye Universitetində kifayət qədər islahatlar hiss olunur. Dillər Universiteti humanitaryönümlü universitet sayılır, ola bilsin ki, həmin meyarlar qeyd etdiyim universitetlər üçün yetərli olmayıb. Amma Azərbaycanda universitetlər sırasında ADA, İqtisad Universiteti, Neft və Sənaye Universiteti, Bakı Ali Neft Məktəbinin adını çəkmək olar. Başqa məqam, bu gün ən inkişafda olan universitetlərdən biri Gəncə Aqrar Universitetidir. Gəncədə olmasına baxmayaraq, çox böyük yataqxana sistemi yaradıblar, kifayət qədər irəli getdiyindən adını xatırladığım təhsil müəssisələri sırasına daxil olmaq haqqı var”.


“Ən yaxşı rektoru seçməyə ehtiyac yoxdur”

Təhsil üzrə ekspert Nabatəli Qulamoğlu rektorların səviyyəsinin ölkədəki təhsilin səviyyəsi ilə ölçüldüyünü düşünür:

“Biz illərdir “İlin adamı”, “İlin müəllimi” kimi sorğuların nəticələrini görürük. Vaxtilə ANS kanalı hər il “İlin adamı” mükafatını təqdim edirdi. Bunlar hamısı saxta şeylərdir, tarixdə də qalmayacaq”.

Nabatəli Qulamoğlu
Nabatəli Qulamov

Nabatəli Qulamoğlu hesab edir ki, Azərbaycan ictimaiyyəti, ziyalıları bu gün saxta sorğular keçirmək əvəzinə təhsilin səviyyəsindən narahat olmalıdır:

“Məncə, bu cür sorğular cəmiyyətin diqqətini təhsilin problemlərindən yayındırmaq məqsədi daşıyır. Azərbaycan cəmiyyəti təhsilin problemlərini müzakirəyə çıxartmalıdır. Ən yaxşı rektoru seçməyə ehtiyac yoxdur”.


“Biz hamımız bilirdik ki, Kamal Abdulla administrasiyanın rəhbəri Ramiz Mehdiyevə arxalanır”

51 il Azərbaycan Dillər Universitetinin Kadrlar Şöbəsində baş mütəxəssis vəzifəsində çalışan, sonradan qanunsuz olaraq kənarlaşdırıldığını iddia edən Elmira Baxışəliyeva Kamal Abdullanın bu ada layiq olmadığını düşünür:

“Kamal Abdullanın rektor təyin olunan kimi təmir işlərinə başlaması onun məqsədini aşkarladı. İclaslarda da deyirdi ki, təmirə 1 milyon 50 min manat xərcləyib. Nəyə xərclənib, emusiyaya? Universitet kollektivi hər şeyi görür axı”.

E.Baxışəliyeva rektorun təqdim etdiyi akta imza atmadığı üçün işdən çıxarıldığını deyir:

“Guya mən mübahisə edənləri aralamışam, ona görə akt tərtib edilib, imza atmadığım üçün işdən çıxarıldım. Mənim işdən çıxarılmağıma rəy verənlər şəxslərə baxın: Kadrlar Şöbəsinin müdiri Kifayət Hacıyeva, onu özü ilə gətirib. İkinci, Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Misgər Məmmədov və hüquqşünas Əli Mustafayev. Bu adamlar mənimlə söhbətdə rəy yazmağa məcbur olduqlarını gizlətmirlər. Onlar rəy verməsəydilər, özlərini uzaqlaşdıracaqdılar. Məni kiməsə məzuniyyət verməkdə ittiham edirdilər. Belə bir səlahiyyətim və imzam yoxdursa, necə ittiham oluna bilərəm?”

E.Baxışəliyeva iddia edir ki, ümumiyyətlə, Kamal Abdulla rektor təyin olunandan sonra sələfi Səməd Seyidovun adamlarını kütləvi şəkildə kənarlaşdırıb:

“Əsasən də Slavyan Universitetində, Azərbaycan Yaradıcılıq Fondunda, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olan kadrlarını gətirməli idi. Özü bir dəfə gizlətmədən dedi ki, Prezident Administrasiyasından universitetdə “təmizlik” aparmağı tapşıdırblar. Biz hamımız bilirdik ki, Kamal Abdulla administrasiyanın rəhbəri Ramiz Mehdiyevə arxalanır. Amma mən və bir neçə nəfərin etirazından sonra nəzərdə tutduğu ssenarini həyata keçirə bilmədi. Bununla belə, universitetdən çox adam çıxarıldı. Məndən əvvəl yerimə artıq kadr hazır idi, gəlib sənədləri aparıb baxırdı, sonradan bildim ki, Elsevər adında oğlandır. Etiraz edəndə də Kifayət Hacıyeva dedi ki, buranın ağası özüdür, necə istəsə, elə də olacaq. Beləliklə, məni özümdən xəbərsiz 2018-ci ilin noyabrın 23-də Azad Həmkarlar İttifaqı Komitəsinə keçiriblər. Ancaq 5 dekabra qədər işimdə olmuşam, işdən çıxarandan sonra maaşımı da vermədilər. Nəsimi Rayon Məhkəməsində iddia qaldırdım, amma Kamal Abdullanın təsiri nəticəsində rədd olundu. Eyni vəziyyətlə Apelyasiya Məhkəməsində qarşılaşdım. Bilirsiniz, əgər məni işdən çıxartmaq istəyirdisə, açıq deyərdi ki, cavanları toplayır, daha bəsdir. Mən onu başa düşərdim, halbuki, Kamal Abdullanın da yaşı 70-ə yaxındır, yaxud arxalandığı Ramiz Mehdiyevin yaşı 82-ni ötüb, ancaq işləyir”.


“Tələbələrdən xoşuna gəlmədiyi müəllimlərə qarşı istifadə edir”

2019-cu ilin fevralın 11-də tələbələri rəhbərliyə qarşı iğtişaşa qaldırmaqda ittiham olunaraq işdən çıxarılan “İngilis ədəbiyyatı” fənnindən dərs deyən Pərvin Mürsəliyeva da Kamal Abdullanın idarəçiliyini bərbad hesab edir:

“Onun tələbələr arasında xüsusi adamları var, onları universitetdə “xəlifə”, yaxud “kölgə” adlandırırlar. Onlardan xoşuna gəlmədiyi müəllimlərə qarşı istifadə edirlər. Bu uşaqlar “Facebook”da bizim kimi müəllimlərə qarşı trolluq edirlər. Həmin tələbələr dərsə də gəlmirlər. Əlimdə konkret faktlar var, mənə qarşı Nərgiz Qurbanovadan istifadə etdilər, bu tələbə 4 il dərsə gəlməyib. Mən Nərgiz Qurbanovaya 1 semestr qayıb yazmışam, dərsə gəlmirdi. O isə mənim haqqımda mətbuatda yazı yazdı. Hazırda məhkəmədə iddia qaldırmışam. Təəssüf ki, Kamal Abdulla son iki ildə ən savadlı kadrları universitetdən uzaqlaşdırılıb. Məsələn, illərlə universitetdə çalışan Beynəlxalq əlaqələr üzrə prorektor Jalə müəlliməni uzaqlaşdırdı”.


“Rektora qarşı olanlar sıxışdırılır”

Adlarının açıqlanmasını istəməyən iki tələbə də Meydan TV-yə Dillər Universitetində baş verənlərdən danışıb.

“Rektora qarşı olan bütün müəllimlər, tələbələr sıxışdırılır. Heç kim irad bildirə bilmir, həmin uşaq gözümçıxdıya salınır. Etiraz edəndə də adama müxalifətçi damğası vururlar. Ona görə də ən yaxşı üsul kimi susmağı, ya da rektora yaxın olmağı seçmək lazım gəlir,”- tələbələrdən biri deyib.

Hazırda 3-cü kürs tələbəsi olan digər tələbə isə hər hansı problemlə rastlaşmadığını söyləyib:

“Deməzdim hər şey yüksək səviyyədədir, amma digər universitetlərdən də pis deyil. Başqa tələbə dostlarımız da var, onlardan vəziyyəti eşidirik, heç nə fərqli deyil. Ümumilikdə ölkədə təhsilin səviyyəsi eynidir. Kamal müəllimi də nə görürəm, nə də haqqında pis fikir eşidirəm”.

download.jpg
ADU

ADU-nun mətbuat xidmətinin rəhbəri Ağa Cəfərli Elmira Baxışəliyevanın ittihamlar barədə Meydan TV-nin sorğusunu cavablayıb.

O bildirib ki, Azərbaycan Dillər Universitetinin əməkdaşı Elmira Baxışəliyevanın ittihamları ilə bağlı geniş açıqlama vermək fikrində deyil. Çünki iş məhkəmədədir:

“Sadəcə, medianın narahatlığı, israrlı açıqlama almaq cəhdləri müəyyən məqamlara aydınlıq gətirmək zərurəti yaradır. Elmira Baxışəliyevaya kadrlar şöbəsindən başqa şöbəyə keçmək təklifi edilib. Hətta bu barədə əmr də verilib və o, ADU-nun Həmkarlar Komitəsinə keçirilib. Bunun da öz səbəbləri var. Birincisi, iş bölgüsündə laborantların şəxsi işləri ilə məşğul olan ittihamçı (E.Baxışəliyeva nəzərdə tutulur – red) illər ərzində bu sənədlərin yarıtmaz halda qalmasına səbəb olub, müqavilələrin doldurulmasını və iş şəraitinə uyğunlaşdırılmasını təmin etməyib. Bunu asanlıqla sübut etmək olar – laborantların müqavilə və şəxsi işləri göz önündədir. İkincisi, ittihamçının heç bir ali təhsili yoxdur. O, texnikum belə bitirməyib. Sadəcə nə zamansa masaj kurslarını bitirib. Üçüncüsü, özünü iddialı aparmasının nəticəsində 72 ədəd iş müqaviləsini Kadrlar şöbəsindən evinə aparıb, yalnız iki gün sonra gətirib qaytarıb. Eyni zamanda, onlarla ADU işçisi ittihamçının özünü aparmasından, ətrafdakılara münasibətindən narazı və şikayətçidir. Nəhayət, laborantların bir neçəsi bir il ərzində üç dəfə ödənişli məzuniyyətə göndərilib".

Ana səhifəXəbərlər”Hafiz Paşayev yox, Nərgiz Paşayeva yox, Kamal Abdulla…”