"Özü də bunu günortaçağı edirlər"

Source: Foto: Meydan tv

Caption: "Özü də bunu günortaçağı edirlər"

Göyçayda: Yüz-iki yüz il yaşamış çinar ağaclarını kəsib, taxta sexlərinə satırlar

Rayon sakinləri ağacların kəsilməsindən narazılıq edirlər

Göyçay şəhərinin bir neçə sakini narazılıq edir. Onların şikayəti şəhərin mərkəzi, o cümlədən kənar küçələrində yaşı iki yüzə yaxın olan çinar ağaclarının kəsilməsi, eyni zamanda zibillərin yığılaraq daşınması ilə bağlı problemlərlə əlaqədardır.

“Göyçay həmişə nar və çinar ağacları ilə məşhur olub. Təəssüf ki, indi yüz-iki yüz il yaşamış çinar ağaclarını kəsib, taxta sexlərinə satırlar. Özü də bunu günortaçağı edirlər. Çünki icra başçısı Mehdi Səlimzadənin göstərişidir və İnzibati ərazi dairələri üzrə nümayəndəsi ilə Abadlaşdırma və Təmir İdarəsinin müdiri tərəfindən icra olunur. Mərkəzi küçələrdən başqa digər küçələrdə də ağacları kəsirlər. Şəhərin infrastrukturunu, yaşıllığını məhv edirlər”,- Göyçay sakini Əhliman Əliyev Meydan TV-yə deyir.

O iddia edir ki, təkcə ötən ilin oktyabr-noyabr aylarında yüzə yaxın çinar ağaçı doğranılaraq taxta sexlərinə satılıb:

“Ağaclar tən ortasından boğazlanaraq, Göyçay rayonunda yerləşən taxta sexlərinə satılır. Göyçay Rayon Məhkəməsinin binasının qarşısında 23-dən artıq iki yüz yaşlı çinar ağacı kəsilib. Çinarları Heydər Əliyev Prospektində, Nizami küçəsində də kəsib doğrayıblar. Rayon ərazisində olan çinar ağaclarından əsər-əlamət qalmayıb. Şam ağacları da eyni aqibəti yaşayır. Bu gedişlə Göyçay adında bir rayon olmayacaq. Bununla bağlı sosial şəbəkələrdə də paylaşım etmişəm. Sanki ucqar dağ kəndində yaşayırıq, səsimizi eşidən yoxdur. Şikayətimizə baxmırlar, məhəl qoymurlar, rayonda özbaşınalıqdır”.

"Çinarları Heydər Əliyev Prospektində, Nizami küçəsində də kəsib doğrayıblar"

"Çinarları Heydər Əliyev Prospektində, Nizami küçəsində də kəsib doğrayıblar"

Source: Foto: Meydan tv

“Heydər Əliyev Parkında ağacları kəsib, ərazini satmışdılar. Camaat ayağa qalxdı, söz-söhbət oldu. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən nümayəndələr gəlib, töküldü. Torpağı alan adamı və ağacları kəsənləri cərimələdilər, tikinti yarımçıq qaldı. Yəqin bir müddət keçəndən sonra yarımçıq qalan işlərinə davam edəcəklər. Yaşıllıqlar məhv olunur, çinarları, şam ağaclarını kəsib, doğrayıb, yerini satırlar. Bəhanələri də odur ki, ağacları cavanlaşdırırıq. Ağacları rayon icra hakimiyyətinin həyətinə yığıb satırlar”, - Mürşüd Vəliyev deyir:

“Problemlərimiz bununla yekunlaşmır. Şəhərin küçələrinə qalaq-qalaq zibil torbaları yığılır. Məişət tullantıları olan zibil torbaları demək olar ki, hər tində, döngədə var. Məhəllələr arasında, magistral yolların kənarındakı kiçik hasarların arxasında zibil torbaları olur. Qışda it-pişik zibilləri küçəyə dağıdır. Yayda da üfunət iyi ətrafı bürüyür. Bunun hamısı anti-sanitariyadır. Baxırsan, adamdır gedir, əlindəki zibil torbasını yol kənarında qoyur. Yəni bunlara ciddi nəzarət olunmalıdır, insanlar maariflənməlidir. Danışanda da deyirlər ki, demaqoqluq edirsən”.

Göyçay Rayon İcra Hakimiyyətinin İnzibati ərazi dairələri üzrə nümayəndəsi Rəşad Şükürov Meydan TV-yə açıqlamasında ağacların təhlükə yaratdığı üçün kəsildiyini bildirib:

“Nəriman Nərimanov küçəsində ağacların hamısı yolun ortasına kimi əyilib. Aqrotexniki qaydada ağacların cavanlaşdırılması işi aparıldı. 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi də orada idi.

Küçələrdəki zibilliyə gəlincə, Sanitar-Təmizlik İdarənin maşınları sıradan çıxdığı vaxtlarda qrafik pozuntusu olur. Qaydaya əsasən, zibillər təyin olunmuş qrafik üzrə götürülür. Texnika xarab olanda, zibili küçələrdən gec götürməli olurlar. Bu, həmişə deyil, bəzi hallarda baş verir”.

"Məhəllələr arasında, magistral yolların kənarındakı kiçik hasarların arxasında zibil torbaları olur"

"Məhəllələr arasında, magistral yolların kənarındakı kiçik hasarların arxasında zibil torbaları olur"

Source: Foto: Meydan tv

Göyçay Abadlaşdırma və Təmir İdarəsinin rəisi Şöhrət Cəfərov Meydan TV-yə açıqlamasında çinar ağaclarının quruyan hissələrinin kəsilərək qışda yanacaq məqsədilə bağça və məktəblərə verildiyini deyib:

“Yadınızdadırsa, 2019-cu ildə Nəriman Nərimanov küçəsində irigövdəli cinar ağacının qurumuş budaqlarından biri qəflətən qoparaq bir nəfərin başına düşərək ölümünə səbəb olmuşdu. Biz həmin ağacların başlarından quruyan hissələrini 8-10 metr hündürlükdə kəsmişik.

Müəyyən hissəsini icra hakimiyyətinin həyətində yığmışıq. Başçı özü yığdırıb ki, lazım olan adamlara verilsin.

Rayon təhsil şöbəsinin müraciətindən sonra biz həmin odunları qış aylarında bağça və məktəblərə veririk. Yəni həmin odunlar insanlara kömək məqsədilə sərf edilir.

Bir nəfər məcburi köçkün olan qadın var. İcra Hakimiyyətinə müraciətə gəlmişdi ki, mənə odun verin. O qadını artıq üçüncü dəfədir ki, odunla təmin edəcəyik”.

"Ağacları rayon icra hakimiyyətinin həyətinə yığıb satırlar”

"Ağacları rayon icra hakimiyyətinin həyətinə yığıb satırlar”

Source: Foto: Meydan tv

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/cz3uqn

Most Viewed