Generalın vəkili: Nazir müavini və keçmiş deputat yalan ifadəyə görə cəzalandırılsın…

O da ifadlərinin heç birində deməyib ki, Məzahir ona Elçini Rövşən Əkbərovun vurduğunu xəbər vermişdi.

Source: Meydan.TV


Növbəti prosesdə hökm oxuna bilər

20 il əvvəl Kiyevdə azərbaycanlı iş adamı Elçin Əliyevin öldürülməsinə görə bu ilin martından həbsdə olan Milli Qəhrəman, general-leytenant Rövşən Əkbərovun mühakiməsi yekunlaşır. Məhkəmə prosesində müdafiə çıxışları mərhələsidir. Oktyabrın 22-də Bakı Hərbi Məhkəməsində çıxış edən vəkil Taleh İbrahimov generalın təqsirsiz olduğunu vurğulayıb, onun haqqında bəraət hökmü çıxarılmasını istəyib.

Vəkil generalın əleyhinə ifadə vermiş şahidlərin təsir altında yalan danışdığını bildirərək, onların cinayət məsuliyyətinə cəlb olunmasını istəyib. Müdafiəçi yalan ifadə verən şahidlər sırasında fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev, Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, 90-cı illərin sonunda Azərbaycanın Ukraynada səfiri olmuş Nazim İbrahimovun adını çəkib və onların cəzalandırılmasını xahiş edib. Taleh İbrahimov bildirib ki, bu şəxslər əvvəllər də 4-5 dəfə istintaqda dindiriliblər. Amma heç bir ifadələrində Elçin Əliyevi Rövşən Əkbərovun öldürdüyünü deməyib. Yalnız 2021-ci ildə verdikləri ifadədə bunu deyiblər.

Vəkil vurğulayıb ki, prokurorluq hadisə vaxtı Bakıda olmuş, ordan-burdan şayiə eşitmiş şahidlərin də ifadələrinə əsaslanaraq, generalı ağır cinayətdə ittiham edib:

"Hadisə vaxtı mərhum Elçin Əliyevin yanında yalnız dostu Məzahir Şıxaliyev (2006-cı ildə vəfat edib) olub. O da ilkin ifadəsində hadisə zamanı içkili olduğuna görə hadisənin kim tərəfindən törədildiyini xatırlamadığını deyib. Nazim İbrahimov səfir işləyib, deputat olub, hər addımının məsuliyyətini bilən adam olub. İndiyə qədər istintaqda beş dəfə ifadə verib, onun dördündə Rövşən Əkbərovun adını çəkməyib. 2021-ci ildə verdiyi axırıncı ifadəsində deyir ki, hadisədən sonra meyiti gətirmək üçün Ukraynaya gedib, orada Rövşən Əkbərov onunla görüşüb və ona Elçin Əliyevi öldürdüyünü etiraf edib. Nazim İbrahimovun verdiyi bu ifadə yalandır. Əgər belə olubsa, niyə əvvəlki ifadələrində deməmişdi, cinayəti bilib xəbər verməmişdi? O, sonradan müəyyən adamların təsiri ilə yalan ifadə verib, buna görə də barəsində cinayət işi başlanmasını tələb edirik. Orucəli Hacıyev də istintaqda dörd dəfə ifadə dindirilib. O da ifadlərinin heç birində deməyib ki, Məzahir ona Elçini Rövşən Əkbərovun vurduğunu xəbər vermişdi. Yalnız axırıncı ifadəsində deyib bunu. Əvvəl niyə demirdi?"

Mərhum Elçin Əliyevin anası Səmayə Əliyeva isə vəkilin çıxışına etiraz edərək, oğlunu Rövşən Əkbərovun öldürdüyünü bildirib: "Mənim oğlumu Rövşən Əkbərov öldürüb. Silah verin ona, balamı öldürdüyü kimi, məni də öldürsün".

Təqsirləndirilən general isə cinayət törətmədiyini, Elçin Əliyevi öldürmədiyini vurğulayıb: "Siz bu işi yaxşı-yaxşı araşdırın. Kiminsə sözüylə məni günahlandırmayın".

Məhkəmə prosesi oktyabrın 27-də davam edəcək. Generalın ikinci vəkili çıxış edəcək, daha sonra özü son sözünü deyəcək və ardınca da hökm elan olunacaq.

Elçin Əliyev 2001-ci il mayın 31-dən 1-nə keçən gecə Kiyevdəki "Sikora" kafesində ürək nahiyəsindən bıçaqlanaraq qətlə yetirilib.

2003-cü ildə Ukrayna prokurorluğu Azərbaycan Baş Prokurorluğuna məktub göndərərək, Elçin Əliyevin qətlində Rövşən Əkbərovun iştirakını təsdiqləyən sübutların olduğunu yazırdı. Həmin sübutlar da daxil olmaqla, cinayət işinin materialları istintaqın davam etdirilməsi üçün Azərbaycana göndərilmişdi. İş əvvəlcə Hərbi Prokurorluqda, daha sonra Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində araşdırılsa da, bir müddət sonra icraat dayandırılmışdı.

2014-cü ildə Avropa İnsan Haqları Məhkəməsi mərhumun valideynlərinin şikayəti əsasında qərar çıxararaq, bu işdə Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ) maddəsinin pozuntusunu tanıyıb. Qərarda göstərilib ki, bu cinayət işi üzrə effektiv araşdırmalar aparılmayıb.

56 yaşlı Rövşən Əkbərov 1994-cü ildə Surət Hüseynovun dəstəsinin qarşısının alınmasında xidmətlərinə görə Milli Qəhrəman adına layiq görülüb. 1995-ci ildə isə o, OMON-çulara qarşı əməliyyatı həyata keçirən əsas fiqurlardan olub.

2002-ci ildə ona general-leytenant rütbəsi verilib. 2011-ci ildə isə korpus komandiri təyin edilib.

Ana səhifəSiyasətGeneralın vəkili: Nazir müavini və keçmiş deputat yalan ifadəyə görə cəzalandırılsın…