Gəncə sakini: Obyektimi dağıdıblar, torpağımı ayrı-ayrı adamlara satıblar

“Çəkiləsi dərd deyil”

Source: Meydan TV


Nəsrəddin Məmmədov üçün ən ağır şey ona məxsus olan və əlindən alınmış torpağında başqalarının obyekt tikməsidir

“Obyektimi dağıtdılar, aldatdılar ki, yol genişlənir, torpaq dövlət ehtiyacları üçün alınır. 10 sot torpağım da getdi, üstündəki obyektim də… Ancaq sonra xəbər tutdum ki, məni aldadıblar, əlimdən adıqları torpağı iki yerə bölərək ayrı-ayrı adamlara satıblar. Nə kompensasiyası ödənildi, nə də əvəzi olaraq başqa yerdə torpaq verildi”.

Nəsrəddin Məmmədov Meydan TV-yə danışır ki, 2004-cü ildə Rusiyadan Gəncəyə köçüb. 1-ci mikrorayon, Fərhad Əliyev küçəsində 10 sot torpağın üzərində obyekt alaraq işlədib. 2011-ci ildə Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri ona mülkiyyətçisi olduğu 10 sot torpaq sahəsinin yol genişləndirilməsi layihəsinə düşdüyünü bildiriblər. Torpağın üstündəki kafeni qısa müddətdə söküblər, ancaq sahibinə kompensasiya ödəməyiblər.


“Tapşırmışdı ki, torpağı əlindən alınanı yanına buraxmasınlar”

Nəsrəddin Məmmədov danışır:

“Əlimdən alana kimi hər gün gəlib-gedirdilər, ancaq elə ki, söküldü, əl-ayaqları çəkildi, məni itirib-axtarmadılar. Özüm Gəncə Şəhər İcra Hakimiyyətinə getdim, o vaxtkı başçı Elmar Vəliyevin katibəsi dedi, başçı tapşırıb ki, obyekti sökülənləri onun yanına buraxmayım. Dəfələrlə cəhd göstərsəm də, başçının qəbuluna düşə bilmədim. Sonradan gətirib bir tanışıma bir parça kağız veriblər. Kağızda mənim obyektimlə üzbəüz yolda olan 1,60 kvadratmetrlik yeri torpağımın əvəzi olaraq mənə verilməsi qeyd olunmuşdu. Təsəvvür edirsiz, 10 sot torpaq, üzərində böyük, istifadə etdiyim və mənə gəlir gətirən iaşə obyekti, mənə bunların əvəzi olaraq üzbəüz yoldan iki sotdan da az boş torpaq sahəsi vermək istəyirdilər. Kağızı tanışıma qaytardım, dedim, apar, ver özlərinə, mənə lazım deyil”.


“Hakimlər deyirdi, bağışla, gücümüz çatmır”

Nəsrəddin Məmmədov mülkiyyət hüquqlarını məhkəmə yolu ilə də bərpa edə biıməyib:

“Hansı məhkəmənin qapısını döydümsə, Elmar Vəliyev əlini o məhkəməyə qoydu. Hakimlər məhkəmə salonundan kənarda açıq-aşkar etiraf edib deyirdilər ki, “ağsaqqal, bağışla, gücümüz çatmır”. Bütün məhkəmələr iddia ərizəmi baxılmamış saxlayırdılar. İddiamı rədd eləməyə bəhanələri yox idi, təmin etməyə də qorxurdular”.


Nəsrəddin Məmmədov üçün ən ağırı isə ona məxsus olmuş və əlindən alınmış torpaqda başqalarının obyekt tikməsidir.


“Çəkiləsi dərd deyil”

“Heç cür qaldırılası deyil bu yük… Sənin əzab-əziyyətlə, başqa ölkədə qazanıb gəlib bu ölkədə alıb, tikib qurduğun əmlakını gözün görə-görə əlindən alıb başqalarına satırlar. İndi orda bir nəfər obyekt tikib, bir nəfərsə yerin bir hissəsini alıb ora yaxın olan obyektinin sahəsinə qataraq öz ərazisini genişləndirib. Gəncəyə gedə, o yerə baxa bilmirəm. Ötən 9 ildə şikayət məktubları göndərməyə, məhkəmələrə gedib-gəlməyə çoxlu xərcim çıxıb. Fikirdən, dərddən bir neçə xəstəlik tapmışam. Rusiya mənə iş, çörək, qazanc verdi, ölkəmdə tutub hər şeyimi əlimdən aldılar. Mən Rusiya vətəndaşıyam, 35 il orada yaşamışam. İstədim ki, övladlarım öz vətənlərinə bağlansınlar, ona görə qayıtdım ki, işlərini burda qurub, gələcəklərini burayla bağlasınlar. Öz hökumətim, məmurum əlimdəki varımı-yoxumu tutub alır, ancaq Rusiya dövləti mənə pensiya verir, mən burdakı ailəmi Rusiyadan aldığım pensiya ilə saxlayıram”.

Gəncə Şəhər İcra Hakimiyyətindən Nəsrəddin Məmmədovun iddialarına münasibət öyrənmək mümkün olmayıb. Hüquqşünas Namizəd Səfərov deyir, əgər vaxtilə Nəsrəddin Məmmədovun iddiaları baxılmamış saxlanılıbsa, o, eyni iddialarla yenə məhkəməyə müraciət edə bilər.

Ana səhifəBölgəGəncə sakini: Obyektimi dağıdıblar, torpağımı ayrı-ayrı adamlara satıblar