Gəgiranlılar: Kəndə UAZ-la qalxırıq, xəstələri xəstəxanaya çatdıra bilmirik

“Bir dəfə bir qohumun təzyiqi qalxdı, UAZ-la rayon mərkəzinə aparanda elə yoldaca keçindi”

Source: Specify Source


Kəndin məktəb, su problemi həll olunsa da, yol, qaz problemi hələ də qalır

“Yolu UAZ-la qalxırıq, adambaşına 5-6 manata aparır. Tək gedirsənsə, 20-25 manat verməlisən. Maşın yollarda dağılır deyə, kənardan heç kəs kəndə qonaq gəlmir. Yolsuzluğa görə heç kəs burda yaşamaq istəmir”.

Gəgiran kəndi Lənkəranın mərkəzindən 36 kilometr aralıda, Talış dağlarının ətəyində yerləşir. Əhalisinin sayı təqribən 2 min nəfər civarındadır. Əvvəllər kənddə məktəb, su, yol, qaz problemləri vardı. Son 2 ildə məktəb və su problemi həllini tapıb, yol və qaz məsələsi isə hələ də gəgiranlıların əsas problemi olaraq qalır.


“Vaksin vurdurmağa gedə bilmirik”

Kənd sakinləri Meydan TV-yə yolsuzluğun yaratdığı çətinliklərdən danışırlar. Onların sözlərinə görə, kəndlə rayon mərkəzi arasındakı məsafəni qət etmək hər sürücünün işi deyil. Kənddən rayon mərkəzinə, yaxud da əks istiqamətə hərəkət edən avtomobillər tez-tez qəzaya uğrayır, ölüm-itim olur:

“Yol hər şeydir. İşdir, qazancdır, rahatlıqdır. Gəgiranlılar bunlardan məhrumdur, çünki yolumuz bərbad vəziyyətdədir. Bax, bu dəqiqə kənd sakinləri virusa qarşı vaksinlənmək üçün ailəvi şəkildə rayon mərkəzinə gedə bilmirlər. Çünki maşın tutub adambaşına 5-6 manatdan ödəməlidilər, o tərəf-bu tərəf gedib gəlmək isə baha başa gəlir. Bir yolu qalır ki, rayon mərkəzindən gəlib əhalini elə buradaca vaksinləsinlər”.

photo-2021-06-28-17-08-24 (1).jpg
Gəgirana aparan yol


“O yolları görəndə adam bura qayıtmaq istəmir”

Kənd sakinləri deyir, başqa yerlərdə təmir-bərpalı yolları görəndən sonra öz kəndlərinə qayıtmaq istəmirlər:

“Gəgirana aparan yoldan ötən, az qala, hər bir kəndlinin bu yolla bağlı acı xatirəsi var. Kimisinin əzizi həyatını itirib, kimisi özü qəzaya düşərək əlilə çevrilib. Bir dəfə bir qohumun təzyiqi qalxdı, UAZ-la rayon mərkəzinə aparanda elə yoldaca keçindi. Yollar bərbaddır deyə, maşın xəstəni o qədər atıb-tutdu ki, qızın beyninə qan sızdı”.

Bu kənddə əhalinin əsasən məşğuliyyəti heyvandarlıqdır. Ancaq yolsuzluq bu sahəyə də əngəllər yaradır.

Lənkəran Şəhər İcra Hakimiyyətindən bildirilib ki, sakinlərin gözləməkdən başqa çarəsi yoxdur:

“Ucqar kənddir, belə kəndlərin yol infrastrukturunu qurmaq bir az qəlizdir. Ancaq layihəyə salınıb, yaxın vaxtlarda gəgiranlıların da yolu olacaq”.

Ana səhifəBölgəGəgiranlılar: Kəndə UAZ-la qalxırıq, xəstələri xəstəxanaya çatdıra bilmirik