AXCP üzvü Fuad Qəhrəmanlı

Source: Meydan tv

Caption: AXCP üzvü Fuad Qəhrəmanlı

Fuad Qəhrəmanlı AXCP sədrinin müavini postundan istefa verdi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı istefa verdiyini bəyan edib. O, bu barədə öz “Facebook” hesabında yazıb. Sədr müavini bu addımı qızı Selcan Yağmurun paylaşımından sonra yaranmış vəziyyətlə əlaqələndirib. 

“Dostlar mənimlə bağlı yaranmış vəziyyət bəhanə edərək ACXP- yə qarşı səlib yürüşünə keçiblər. Hər zaman AXCP və onun lideri Əli Kərimli mənim üçün siyasi fəaliyyətimin mənası, məhvəri olub. Ona görə də nə liderimə, nə də ki, AXCP-yə bir ziyan dəyməməsi üçün hər zaman hər cür fədakarlığa hazır olmusam,” – deyə Fuad Qəhrəmanlı yazıb. 

Hazırda Niderlandda təhsil alan gənc fəal Selcan Yağmur sentyabrın 19-da açıqlama yayaraq atasından, onun soyadından imtina etdiyini bildirmişdi. Anası, yazar Zümrüd Yağmurun təxəllüsü ilə çıxış edən Selcan buna səbəb kimi atasının ailəsinə göstərdiyi şiddətdən danışıb. 

“...Azərbaycan siyasətində yetərli bir yeri olan, ana müxalifət partiyasının sədr müavini, tribunalarda insan haqlarından danışan, hətta qadın haqları mövzusunda belə aman verməyən Fuad Qəhrəmanlının evində qızının dizini, arvadının barmaqlarını sındırmış, şiddətin də xüsusi sadist növünü tətbiq edən bir cani olduğunu demək, mənə elə gəlir ki, sosial borcdur, mənim şəxsi ailəvi problemim yox”- deyə Selcan Yağmur yazır.

Gənc fəalın yazdıqları Azərbaycanda gündəmin əsas müzakirə mövzusu olub. Qızı Fuad Qəhrəmanlının tərəfdarları və əksər partiyadaşları tərəfindən qınaq obyektinə çevrilib. İnsan haqları ilə məşğul olan şəxslər, ictimai fəallar və gənclər isə Selcan Yağmura dəstək nümayiş etdiriblər. 

Selcanın öz açıqlamasında AXCP sədri Əli Kərimlinin və atasına yaxın şəxslərin adını çəkməsi partiyanı hədəfə gətirib. İctimai-siyasi fəallar Fuad Qəhrəmanlının istefasını istəyiblər. 

Fuad Qəhrəmanlı öncə qızının səhifəsinin oğurlandığını, yazılanların ona aid olmadığını bildirib. Lakin Selcan Yağmur canlı yayıma çıxaraq yazdıqlarını təsdiqləyib. 

2009-cu ildən ailəsində problemlər yaşadıqlarını deyən gənc anasına qarşı edilən şiddətdən də söz açıb:

“Anamın boşanma çabalarının (ki, bunun şiddətdən kənar ayrıca iyrənc səbəbləri var, sadəcə bu səbəblər insanın şəxsi məsələsidir, mənim mövzuma heç bir dəxli yoxdur) qarşısını müəyyən əlaqələri sayəsində, yüz cür təhdidlə, şantajla alması; azadlıqdan danışan adamın evində, qəribə bir şəkildə təsvir etməyə gücüm yetməyən bir cəhənnəm mühiti olması; şiddətin ağıl almaz və kreativ dozu; anamın və bacımın bədənindən zamanla silinmiş izlər və bütün bunların üzərinə, “mənimlə şəkil yayın Facebook’da” deyə gələn tamam ayrı kateqoriyadaki zorakılıq dalğası... - bunlar bir siyasətçinin ailəsi barədə bilinməli olan şeylərdir”.

Selcan çox adamın, hətta atasının partiyadaşlarının da məsələdən xəbərdar olduğunu vurğulayıb:

“Bütün bunlar sirr deyil əslində, qulaqdan dolma nə qədər adam bilir “ailəmizdə” olanları. Anama qırx dəfə qolundaki, üzündəki izlərin nə olduğunu soruşan adamlar da, tipik “qapıya dəymişəm” cavabını 3-cü dəfədən artıq eşidəndə, mövzunun nə olduğunu anlayıblar. Hətta bəziləri direkt mövzunun içində olub,    Səadət Cahangir kimiləri. Və onlar da anama ağıllı qadın olmaqla, susub siyasi prosesi düşünüb, boşanaraq Qəhrəmanlının reputasiyasını korlamamaqla bağlı gözəl məsləhətlər veriblər, anamın adını psixolojik xəstəyə qədər çıxarıblar. 

Onun qolunda hələ də izi qalan, yenə necə yarandığını başa salmağa psixolojik gücümün yetmədiyi o yaranı görəndə “sən də az deyilsən də, Zümrüd, dilinə yiyə dur” kimi bir şey dediyini özü də danmaz.

Hətta Əli Kərimli ailə psixoloqluğuna soyunub bu mövzuda! Anama başa salıb ki, kişilər belə olur, dözmək, gələcəyi düşünmək lazımdır, uşaqlarınız var, “onsuz da 40 yaşından sonra boşanıb nə edəcəksiniz ki?“. Bəs siz Əli Kərimlinin “qonşu arvad” rolunda bu qədər bacarıqlı olduğunu bilirdiniz? Adam az qalırdı desin ki, “az çörəyivi verir? Sus otur da”.

Belə gördüm ki, bu cəbhə bütünü ilə ikiüzlü, iyrənc bir yerdir. Əli Kərimli evdə necə bir vəhşilik etdiyini hərfi hərfinə bildiyi adamı, sağ yanında saxlayır, -bunu başa düşdüm, kadr yoxdur- amma adam canini yox, qurbanı qınayır ki, “siz düz etmirsiniz”. Qalanlar üzvlər də, anama necə “yaxşı at özünı qamçı vurdurmaz”, onu öyrədir, sonra da yığışıb hakimiyyətin insanları əzməyindən, ədalətdən danışırlar; hələ bütün bunları bilən adamlar niyə uşaqlar “Yağmur” soyadını istifadə edir deyə gileylənir, müavinlərinin qəzəbini itiləyib, “hamı deyir ki o evdə Fuadı saymırlar” başlıqlı motivasiya çıxışı edərək, növbəti zorakılıq dalğası üçün Qəhrəmanlını evimizə göndərir, həyatımızı bir gün daha qorxu filminə çevirirlər. Impressive. Adam bu qədər necə iyrənc olar axı? Siz bir partiyada necə bir araya gəlibsiniz? Ortadaki bu əxlaqsızlıq potensialı gözümü yaşardır, vallah”. 

“Hər gün şiddət, qan, təhdidlər, sınan sümüklər... Bütün bunlar ona görə idi ki, anam bu adamın iki kateqoriyadaki iyrənc əməllərinə göz yumsun və boşanmasın. Amma indi durum dəyişib, ikimiz də elə yaşdayıq ki, “uşaqları səndən alacam” mövzusu işləmir, adam də elə vəziyyətdədir ki, unikal təhdidləri bu dəqiqə işə yaramır. Boşanma ərizəsi də verilib, bir neçə aya boşanma baş tutacaq,“- deyə Selcan Yağmur yazıb. 

Onun yazdıqlarını bacısı Sanay Yağmur da dəstəkləyib. Baş verənlər haqqında hələ ətraflı danışmaq istəmədiyini deyən Zümrüd Yağmur Meydan TV-yə hazırda qızlarının durumundan narahatlıq keçirdiyini, onlarla məşğul olmaq istədiyini söyləyib.

Fuad Qəhrəmanlının müdafiəçiləri Selcan Yağmurun məsələni məhz indi, 28 sentyabr mitinqi öncəsi gündəmə gətirməsini “hakimiyyətin oyunu” kimi qələmə verməyə çalışmaqla, “niyə məhz indi yazdı?“-deyə sual ediblər. Meydan TV-nin əldə etdiyi məlumata görəsə, buna səbəb ata və qızı arasında yaşanmış münaqişədir, mitinqlə hər hansı əlaqəsi yoxdur. Belə ki, Selcan Yağmur partiya sədri Əli Kərimlinin qadın haqları ilə bağlı tədbirdən yayımlanmış şəklinə ironiya ilə yanaşıb, Fuad Qəhrəmanlı isə ondan həmin şərhi silməsini tələb edib. 

Əli Kərimlinin adını açıqlamasa da, Fuad Qəhrəmanlı da deyilənləri Azadlıq Radiosuna müsahibəsində etiraf edib. Ancaq F.Qəhrəmanlı həmin müsahibəsində boşanma ilə bağlı deyilənləri yalanlayıb. 

Meydan TV-nin əldə etdiyi məlumat isə Selcan Yağmurun dediklərini təsdiqləyir. Zümrüd Yağmurun boşanmaq üçün məhkəməyə müraciət etdiyi bildirilir.  

Fuad Qəhrəmanlı istefası ilə bağlı açıqlamasında ona qarşı ittihamların təhrif olunduğunu söyləyir:

“Barəmdə deyilən ittihamlar təhrif olunub və mən həbs olunmazdan öncə 4- 5 il öncə konfliktli situasiya zəminində qısamüddətli ailədaxil münaqişə yaşamışam. Bu baş verənlərə görə də peşmanam. Bu zaman yaşanan gərginlik övladlarımda mənəvi travma yaradıb və Selcanın açıqlaması da bu travmadan doğan emosional reaksiya olub. 

Ancaq bundan sonra Zümrüdlə 5 illik birgə həyat sürməklə, biz əslində o dönəmin yaralarını sarmışdıq. Selcanın statusunda qeyd etdiyi fikirlərlə bağlı polemikaya girməyi mənəvi baxımdan özümə uyğun görmədiyimdən, onunla bağlı gerçək motivləri də aydınlaşıdırmağı doğru saymıram. 

Bütün bunlara rəğmən mən indiki halda öz haqlılığımı deyil, AXCP-nin nüfuzunu və ona qara yaxmaq istəyənlərin məkrli niyyətlərinin qarşısını almağı əsas götürərək, AXCP sədrinin müavini postundan istefa verirəm. 

15 yaşımdan ömrümü ancaq rejimə qarşı mübarizəyə sərf etdiyimdən, bu qərarı vermək heç də asan deyil. 30 illik bir siyasi prosesin yetisdirdiyi siyasətçinin getməsi, heç də demokratik mübarizənin xeyrinə deyil. Biz hər zaman statusa deyil, mübarizyə, prinsiplərə sadiq olmuşuq”.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/u976xm

Most Viewed