Fermer: İcra başçısı heyvandarlıq təsərrüfatımı məhv etmək istəyir

Göygöl sakini Goranboyun icra başçısından şikayətçidir

Source:

“Vitse-prezident Mehriban xanımın və daha bir neçə nazirin qəbulunda olmuşam. Sənədlərimi, fəaliyyətimi araşdırıb görüblər ki, qanun mənim tərəfimdədir. 9 dəfə məhkəmə olub, hamısı da mənim xeyrimə qətnamə çıxarıb. İcarəmdə olan sahədə qanunsuz tikilmiş ferma da məhkəmə icraçılarının nəzarəti altında sökülüb. Bununla belə, icra hakimiyyəti başçısı yenə məndən əl çəkmir. Deyir, onsuz da yayda müqavilənin müddəti bitəcək və səninlə təzə müqavilə bağlanmayacaq”.

Göygölün Pənahlılar kənd sakini Eldar Həsənov Göranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevdən şikayətçidir. Onun sözlərinə görə, 15 ildir icarəsində olan, Goranboy ərazisində yerləşən qış və yay otlaq sahələrini icra başçısı əlindən alıb başqasına verməyə cəhd edir. Hətta həmin sahələrlə bağlı Yalçın Qarayev adlı şəxsin adına sərəncam da verilib:

 9 məhkəmə oldu, hamısı da mənim xeyrimə…

“Yalçın Qarayev icra başçısının öz adamıdır. Başçı mənim icarəmdə olan 1355 hektarlıq otlaq sahəsini həmin adama saxta sənədlə icarəyə vermişdi. O da gəlib sahənin bir hissəsində özünə ferma tikmişdi. Məhkəməyə müraciət elədim, 9 məhkəmə oldu, hamısı da sərəncamı ləğv eləyib mənim xeyrimə qərar verdi. Məhkəmə icraçıları gəldi, həmin tikililər söküldü. O tikililər sökülüncə, döymədiyim nazir qapısı qalmadı. Ancaq icra başçısı yenə əl çəkmir. Mənə vermədiyi əziyyət qalmadı. Fermerlik fəaliyyətimə vurmadığı zərər, törətmədiyi əngəl qalmadı. Onunla döyüşə-döyüşə, haqq yerini tapınca, mən də xəstəlik tapdım”.

İcra başçısı bir fermeri məhv etmək istəyir

Eldar Həsənovla icarə müqaviləsi əvvəlki İcra Hakimiyyəti başçısının vaxtında – 2004-cü ilin yayında 15 illiyə bağlanıb. Bu ilin yayında müqavilənin müddəti başa çatır. Eldar Həsənova bildirilib ki, özünə başqa yer tapsın, onunla növbəti icarə müqaviləsi bağlanmayacaq:

“Bunlar gördülər ki, qanun mənim tərəfimdədir, ümidləri müqaviləmin müddətinin bitməsini gözləməyə qaldı. Mən bu torpağın üzərində illərlə əziyyət çəkib, köhnə tikililəri söküb, yerində yenilərini tikmişəm, heyvandarlıqla məşğul olmaq üçün hər cür şərait yaratmışam. İndi hazırın naziri kimi başımın üstünü kəsdiriblər ki, ver bizə… 2500 qoyunum var, intizamlı icarə və vergi ödəyicisiyəm. Hökumətin pulunu bircə gün də gecikdirməmişəm. Dövlətin büdcəsinə xeyir vermişəm. İcarəmdə olan torpaq sahəsinin bir qarışına da zərər vurmamışam. Mənə maraqlıdır ki, belə olan halda mənimlə növbəti dəfə icarə müqaviləsi hansı əsasla bağlanmamalıdır? Müqavilənin bağlanmaması üçün ciddi səbəblər olmalıdır. İcra başçısının hərəkətləri dövlətə xeyir verən bir fermeri məhv etməyə, müflisləşdirməyə yönəlib”.

Goranboy Rayon İcra Hakimiyyətindən isə fermerin dedikləri ilə razılaşmırlar. Qurumdan bildirilib ki, Eldar Həsənovla bağlanmış icarə müqaviləsinin bitməsinə 4 ay var. Onunla gələcəkdə müqavilə bağlanıb-bağlanmayacağını isə indidən demək tezdir: “Nə bilir onunla müqavilə bağlanmayacaq? Bu barədə danışmaq çox tezdir. Vaxtı çatanda lazımi qərarlar veriləcək”.

Fermersə əgər hazırda icarəsində olan otlaq sahəsi əlindən alınarsa, 2500 baş qoyun və quzunu harada otaracağını bilmir. Bu isə onun illərlə qurub yaratdığı təsərrüfatın məhv olması deməkdir.

Ana səhifəBölgəFermer: İcra başçısı heyvandarlıq təsərrüfatımı məhv etmək istəyir