Əyyub Kərim: Hacı Məmmədov nazir xanımını oğurlamalı idi


”Cahangir Hacıyev ilk dəfə Məhərrəm Əliyevə zəng edib”



Ötən ilin sentyabrında Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən çıxarılması ilə Azərbaycanda “MTN işi” başladı. Nazirliyin yüksək rütbəli zabitləri həbs olundu, qurum iki xidmətə bölünməklə tarixin arxivinə gömüldü. Hətta nazirliyin yüksək rütbəli zabitlərindən biri İlqar Əliyev həbsxanada müəmmalı şəkildə öldü.



Ötən müddətdə Eldar Mahmudov və komandası ilə bağlı müxtəlif fikirlər səsləndi. Bunlardan daha çox müzakirə olunanlardan biri keçmiş nazirdə 2 mindən çox seks-video kasetlərin olması xəbəridir. Çəkilişlərin daha çox nazir, məmur və deputatları əhatə etdiyi bildirilir.  Hüquqşünas, “Femida” qəzetinin baş redaktoru Əyyub Kərimlə söhbətimizdə gündəmin sual doğuran məqamlarına aydınlıq gətirməyə çalışdıq. Söhbət uzun çəkdi. Buna məcbur idik. Özünün dediyi kimi, “bu xəmir hələ çox su aparacaq”…



Əyyub müəllim, siz DİN və keçmiş MTN-lə bağlı məsələlərdə həmişə üzdə olan, media diliylə desək, sensasiya yaradacaq açıqlama verən hüquqşünas və  jurnalist hesab edilirsiniz. Ona görə də söhbətimizi ötən həftənin müzakirə olunan xəbərindən başlayacam. Sualım ənənəvidir-siyasi şərhçi Ərəstun Oruclunun “keçmiş nazir Eldar Mahmudovda 2800 seks videosu olub və bunların əksəriyyəti nazirlər, deputatlar və onlara yaxın adamlar barədədir”-  açıqlaması haqda nə deyə bilərsiniz?

– Çox maraqlı açıqlamadır və bu barədə məlumatlar 4-5 ay əvvəl məndə də olub. Ancaq məndə olan məlumata görə, disklərin sayı 2800-dən də çoxdur. Hesab edin ki, bu haqda bir sıra hakimiyyət mənsubları artıq məlumatlıdırlar. Bu üsul 2004-cü ildən – Eldar Mahmudov nazir təyin olunandan sonra istifadə olunub. Amma onun qrupu bu cür videoların çəkilişində hakimiyyətin də sifarişlərini yerinə yetirib.



Yuxarı təbəqənin…?

– Bəli.



Yəni yalnız öz təşəbbüsü olmayıb?

– Xeyr. Hesab edək ki, 3 sifariş yuxarının olubsa, biri özünün təşəbbüsü ilə olub. Ümumiyyətlə, bu üsul əvvəllər də olub.


” Bu, “verbovka” olunmaq üsulu sayılır”



Sabiq MTN zabiti İlham İsmayıl da seks şantajının tarixən xüsusi xidmət orqanlarının populyar metodlarından biri olduğunu deyib…

– SSRİ kimi imperiyanın DTK-sı bu üsuldan Qərb diplomatlarına qarşı istifadə edib və bu, “verbovka” olunmaq üsulu sayılır. Rusiyanın Yeltsin dövrünü xatırlayın, ədliyyə naziri Kovalyov və baş prokuror Skuratov bu üsulla şantaj olundu. Bu haqda Rusiyanın məşhur “Soverşenno sekretno” qəzeti Larisa Kisniskinin yazısını verdi. Məqalə dərc olunan zaman Yeltsin səfərdəydi və baş prokuror istefa ərizəsini verdi. Düzdür, sonra müqavimət göstərməyə başladı. Həmin dövrdə o qədər tanınmayan indiki prezident Putinin də bu hadisədə böyük rolu olmuşdu.



Ancaq keçmiş DTK zabiti Kaluqin demişdi ki, həmin şantaj saxta idi…

– Ola bilsin elədir. Ancaq bir daha deyirəm, sovet illərində bu üsuldan istifadə edilirdi, çünki məmurlar, siyasilər çarpayıda hər şeyi danışırlar. Məsələn, yuqoslaviyalı siyasətçi Jozef Pol-Bankur əlaqəda olduğu qadına demişdi ki, sənin qolların arasında olmaq üçün  Yuqoslaviyaya tüpürərdim də. Yaxud siyasətçi Qambetta “kiçik kraliçamı Fransadan da çox istəyirəm” – deyə bildirmiş və bunlar onların karyerasına son qoymuşdu. Çünki məmur, siyasətçi bir içkili, bir də qadınla əlaqədə olanda istər-istəməz hər şeyi danışır.  Demək istəyirəm ki, bu üsulla məmurun, siyasi xadimin karyerasına ya son qoyulur, ya da həmin adam verbovka olunur. Qayıdaq Azərbaycana, seks-video disk yalnız Eldar Mahmudovun şəxsən özünə lazım olub, amma say daha çoxdur və 4-5 ay əvvəl mənə də bu barədə məlumat vermişdilər ki, sabiq nazir təkcə qorxutma ilə yox, seks videolarla da insanları şantaj edirmiş. Və yaddan çıxarmayaq ki, sayı tam məlum olmayan həmin kasetlərin bir hissəsi Hacı Məmmədovdan qalma idi, hansı ki, onları Qara Bulaqda çəkmişdi.


“Bir nazirin xanımı oğurlanmalıydı”



Güman ki, həmin disklər etibarlı əllərdədir və o, bununla müqavimət göstərir…?

– Dəqiq fikir söyləmək çətindir. Ancaq real yanaşaq, doğrudanmı Eldar Mahmudov Elşad Abdullayev qədər də deyil? Axı keçmiş rektor özünə studiya qurub çəkdiyi kasetləri Fransaya aparıb ordan yayırdı. Belə götürdükdə, 11 il ölkənin xüsusi xidmət orqanına rəhbərlik edən Eldar Mahmudov qəfildən hər şeyin dəyişə biləcəyini düşünərdi. Bir məsəl var, şaha yaxın olmaq ölümə yaxın olmaq kimi bir şeydir.



Çox maraqlıdır, bu informasiya Eldar Mahmudovun qudası Zamirə Hacıyevanın həbs olunması barədə məhkəmə qərarının gündəmə gəlməsi, ardınca onun bankdan 18 milyon avro çıxarması və Böyük Britaniya vətəndaşı olması barədə xəbərlərdən sonra yayıldı. Bir əlaqə görmürsünüzmü?

– Sözsüz ki, müəyyən əlaqə var. Məsələ ondadır ki, Eldar Mahmudov “Qara kəmər” əməliyyatından sonra istənilən prosesdə üstün roldaydı. Daxili İşlər Nazirliyi nüfuzdan düşmüşdü, Respublika Prokurorluğu müqavimət göstərmək iqtidarında deyildi və birdən-birə MTN 2005-ci ilin martın 10-da “Qara kəmər” əməliyyatıyla önə çıxdı.



Martın 2-də isə jurnalist Elmar Hüseynov qətlə yetirilmişdi…

– Bəli. Bu hadisədən sonra Hacı Məmmədov əməliyyatın bir az da ləngiyəcəyini düşünürdü. Çünki əməliyyat daha tez keçirilməliydi.



Bir məqam da var, Hacı Məmmədov Zamirə Hacıyevanın azad olunması üçün əvvəl 15 milyon, sonra isə 2 milyon avro tələb edib…

– Aydındır, amma məndə olan məlumatlar tamam başqa cür idi və sonra Hacı Məmmədov etiraf etdi ki, o, məhkəmədə bəzi şeyləri olduğu kimi deməyib. Əslində, Hacı Məmmədov Zamirə Hacıyevanı oğurlamaq istəmirdi. Ancaq həmin vaxt Zamirə Hacıyeva ilə bərabər indi də yüksək postda olan bir nazirin xanımı oğurlanmalıydı. Hər iki xanım rəfiqə olduqlarından eyni salona gedirdilər, Hacı Məmmədovun dəstəsi isə onları daim izləyirdi. Son anda Hacı Məmmədov əməliyyat planını dəyişib, yəni iki xanımın birdən oğurlanmasının böyük hay-küy salacağını bildirib. Zamirə Hacıyevanın oğurlanması o qədər ajiotaj yaratmasa da, adını çəkmək istəmədiyim nazirin xanımının oğurlanması hay-küy yaradacaqdı. Ona görə də xanımlar salondan çıxıb bir-birindən ayrılandan sonra onlar Zamirə Hacıyevanı oğurlayırlar. Bir daha deyirəm, əvvəlki planda hər iki xanımı bir yerdə götürmək olub. Hacı Məmmədov düz qərar qəbul etmişdi, çünki o, cinayətin açılmayacağına ümidli idi, yəni pulla məsələ qapanacaq. Məndə olan məlumata görə, Hacı Məmmədova Zamirə Hacıyevaya görə pul almaq sərf etmirdi, o, Cahangir Hacıyevin prezidentə birbaşa çıxışını bildiyindən elə kobud səhvə yol verməzdi. Sadəcə, pul məsələsi şişmişdi, çeçenlər öz pullarını tələb edirdi.


“Məhərrəm Əliyev məsləhət görür ki…”



Bəs nədən əvvəl 15, sonra 2 milyon avro səslənir?

– Bilirsiniz ki, Hacı Məmmədovanın dəstəsində xeyli sayda çeçenlər vardı və Beynəlxalq Banka xaricdən onların adına pul gəlmişdi. Bankın rəhbərliyindən çeçenlər pulu istəsələr də, vermirdi, xəbərdarlıq edilsə də, Cahangir Hacıyev bundan imtina edirdi, elə dediyiniz məbləğ odur. Məhz ona görə Hacı Məmmədov Zamirə Hacıyevanı oğurladı.



Bir az detallara gedək, Zamirə Hacıyevanın azad olunması əməliyyatını Eldar Mahmudovun  rəhbərlik etdiyi MTN həyata keçirdi. Ancaq sonradan yayılan xəbərlərə görə, bu barədə ilk məlumat Məhərrəm Əliyevdə olub. Onda niyə əməliyyatı DİN yox, MTN keçirib?

– Yox, sizin məlumat müəyyən qədərdir. Mən bildiyim qədər Məhərrəm Əliyevlə Cahangir Hacıyevin tanışlığı olub. Hadisə baş verəndə Məhərrəm Əliyev Cavadağa Sultanovla toyda imiş. Cahangir Hacıyev ona zəng edib baş verənləri danışır, bir az sonra Əliyevlə Sultanov Beynəlxalq Banka gedir. Bildiyimə görə, Cavadağa Sultanov aşağıda onu gözləyib, içəri keçmir. Söhbət zamanı Məhərrəm Əliyev Cahangir Hacıyevə məsləhət görür ki, ölkə başçısına xəbər versin. Elə bir yerdə prezidentin qəbuluna gedirlər. Cahangir Hacıyev müəyyən məsələləri bilməsə də, Məhərrəm Əliyev adam oğurluğu ilə bağlı prosesləri “beş barmağı” kimi bilirdi. Ancaq o zaman Məhərrəm Əliyevlə nazir Ramil Usubov və Cinayət-axtarış İdarəsinin rəisi Zakir Nəsirov arasında ziddiyyətlər var idi. Nəzərə alın ki, sonuncular Məhərrəm Əliyev paytaxt polisinin rəisi olduğu son dövrlərdə bir dəfə də olsun ora gəlməmişdilər. Heydər Əliyevin sağlığında şəhər polisi adam oğurluğuyla bağlı müəyyən işləri araşdırmışdı. Sonradan nazirlə paytaxt polisinin rəhbəri arasındakı fikir ayrılıqları yarandığından prezident göstəriş verir ki, bu məsələləri şəhər polisi araşdırmayacaq. Ondan sonra bu işlə sırf DİN məşğul olurdu. Əgər o zaman Məhərrəm Əliyevlə nazir Usubov və Zakir Nəsirov arasında ziddiyyətlər olmasaydı, Hacı Məmmədovun dəstəsi daha tez ifşa olunacaqdı.



Məgər, Hacı Məmmədov daha yuxarılara arxalanmırdımı?

– O, haralara arxalansa da, Məhərrəm Əliyevin əlindən qurtula bilməyəcəkdi. Amma bu istiqamətdə işlər şəhər polsindən alınanda, Hacı Məmmədov bir az da cəsarətləndi.



Bu mənada kriminalist Rövşən Əliyevin də qətli sıradan bir hadisə sayılmaya bilər?

– Bəli, Rövşən Əliyevin qətli də sıradan deyil. Nazir Ramil Usubov 2005-ci ilin martında dedi ki, dağıstanlı Maqomedovu Heydər Əliyevin göstərişiylə buraxıb, sonuncu şəhər polisinin əməliyyatı nəticəsində saxlanmışdı. Demək istəyirəm ki, Məhərrəm Əliyev Bakı Şəhər Baş Polisinin rəisi kimi adam oğurluğu haqda olduqca məlumatlıydı. Sözsüz ki, o, Cahangir Hacıyevlə prezidentin qəbulunda olanda onu inandıra bilib. Bildiyimə görə, o, deyib ki, əməliyyatı DİN aparsa, ya Hacı Məmmədov, ya da Zamirə Hacıyeva sağ qaytarılmayacaq. Zamira Hacıyeva fevralda oğurlanmışdı və jurnalist Elmar Hüseynov da bunu bilib. Onun azad olunması əməliyyatına türklər də qoşulmuşdu, ancaq Hacı Məmmədovun dəstəsi düşünürdü ki, Elmar Hüseynovun qətli onunla bağlı əməliyyatı bir az da geri çəkəcək. Və Elmar Hüseynovun ölümü ilə bağlı prezidentin yanında keçirilən Təhlükəsizlik Şurasının toplantısından Hacı Məmmədovun dəqiq məlumatı vardı. Onun məhkəmədə verdiyi ifadələrdə də bu sezilirdi.


Cahangir Hacıyevin mükafatı



Ümumiyyətlə,Cahangir Hacıyev necə oldu ki, Beynəlxalq Bankın prezidenti təyin edildi?

– Beynəlxalq Bankla bağlı apardığım bir işdə bu barədə məlumat əldə etdim. Bilirsiniz ki, Beynəlxalq Bankın açılışında sabiq prezident Heydər Əliyev özü iştirak etmişdi, bankın ilk rəhbəri başqa şəxs idi, Moskvadan gəlmişdi, Moskvanın meri Luşkova bağlıydı.  Həmin şəxs Cahangir Hacıyevi ordan uzaqlaşdırsa da, onun bankda əlaqələri qalırdı. Bank sistemi qapalı olduğundan iş vaxtı bitəndə hamı ordan getməlidir. İlk rəhbərlik isə bankın pul kodlarını bildiyindən gecələr birjalarda oynadırdılar, məsələn, Nyu-York birjasında. Nə qazanırdılarsa, ofşor zonalara ötürürdülər, qalanı isə yerinə qoyulurdu. Elə olur ki, rəhbərlik bankın pulunun yarısını uduzur, ofşordan nə qədər pul gətirsələr də, itkiləri örtməyə yetmir və fors-major yaranır. Cahangir Hacıyev də hakimiyyətdəki yaxınları vasitəsilə olayı Heydər Əliyevə çatdırır. Bundan sonra həmin adama məsləhət görülür ki, zərəri qəpiyinə qədər ödəmək şərtilə ölkəni tərk edə bilər. Beləliklə, Cahangir Hacıyev Beynəlxalq Bankın rəhbəri təyin olunmaqla mükafatlandırılır.


“İş adamını incidirdilər”



Eldar Mahmudovun nazir işlədiyi dövrdə sahibkarlar daha çox hədəfdə idi. Bu mənada sizin də müdafiə etdiyiniz şəxslər arasında belələri olubmu və bununla bağlı nazirliyə yolunuz düşübmü?

– Bəli, 2005-ci ilin yay fəslində belə hadisə baş verib. İndi həmin adam həbsdə olduğundan adını çəkmək istəmirəm. Mən bir iş adamının nümayəndəsiydim, onu şahid qismində çağırmışdılar. Cənub bölgəsindən deputatlığa namizədliyini irəli sürmüşdü və qeydə alınmışdı da.

– K

eçmiş AMİP-çi Vaqif Musayev deyildi ki?

– Ad çəkməyəcəm. Bizi bir neçə saat MTN-nin qarşısında saxladılar, sonra yuxarı apardılar. Dindirmədən əvvəl məni istintaq rəisinin otağına çağırıb “bəlkə müdafiədən imtina edəsiniz” desələr də, razılaşmadım. O zaman Eldar Mahmudovun nüfuzunun yüksək dövrüydü, təsəvvür edin, bu dindirmə “Qara kəmər” əməliyyatından sonra idi. İşin mahiyyəti o idi ki, nümayəndəsi olduğum adamın 70-ci illərdə bir “Jiquli”si olub, ondan sonra 11 dəfə həmin maşın satılıb və nəhayət, Hacı Məmmədovun dəstəsinin cinayətlərində istifadə olunub. Bunlar DYP-dən aldıqları sənədləri araşdıranda məlum olur ki, avtomobil vaxtilə filan iş adamında da olub. Biz maşının 70-ci illərin sonunda satıldığını və ondan sonra da 11 dəfə alqı-satqıda olduğunu söyləsək də, onlar sorğu-sualı davam etdirirdilər. Bir daha deyirəm, o zaman MTN favorit idi, məlum əməliyyatdan sonra mükafatlandırılmışdı, hələ qarşıda 2005-ci ilin nazir həbsləri var idi. Onlar siyahıya baxırdılar, görəndə ki, maşını alan hansısa göyərti satandırsa, kənara qoyurdular, yox, tanınmış iş adamıdırsa, onda çağırırdılar. Mənim müdafiə etdiyim adam da ürək xəstəsi olduğundan müstəntiqdən soruşdu ki, dindirmə nə qədər davam edəcək, cavab “müəllim, bəlkə bu gün burdan getmədiniz” deyiləndə narahatlığı artdı. İndi adamın halını təsəvvür edin də, mən etiraz edib təzyiq olduğunu bildirdim.



Bəs nə istəyirdilər?

– Əlbəttə ki, pul istəyirdilər. Amma məbləği birbaşa demirdilər. Bununla belə, dindirmə sona qədər getmədi, o, 70-ci illərdə “Jiquli”si olduğunu dedi, amma qardaşına etbarnamə verib və maşın satılıb. Hətta maşının harda olduğunu soruşurdular, siz 20 il əvvəl satılan maşının harda olduğunu bilərsinizmi?! Bəlkə heç maşın yox idi, əsas məqsədləri pul almaq idi. Sonradan müstəntiq bir neçə dəfə rəhbərliyin yanına qalxdı, qayıdıb anlaşılmazlıq olduğunu deyib üzr istədi və lazım olsa, bir daha çağıracaqlarını söylədi.


“Namiq Abbasovun Eldar Mahmudovla əvəzlənməsi yanlış addım idi”

 –

Milli Təhlükəsizlik Nazirliyinə Eldar Mahmudovdan əvvəl rəhbərlik etmiş şəxslərin zamanında bu cür hallar baş verməmişdi. Yəni iş adamlarından, məmurlardan hədə-qorxuyla pul almaq, adam oğurlamaq, seks videoları və s. Bu barədə nə deyə bilərsiniz?

– Bir hüquqşünas kimi düşünürəm ki, Namiq Abbasovun Eldar Mahmudovla əvəzlənməsi prezident tərəfindən buraxılmış ən kobud səhvlərdən biri idi. Sözsüz ki, mən kadr məsələlərinə müdaxilə edə bilmərəm, amma vətəndaş kimi belə düşünürəm. Namiq Abbasovdan sonra MTN-ə “OBXSS” işçisi yox, xüsusi xidmət orqanında çalışan, yetkin və peşəkar şəxs gətirilməliydi. Kənardan da gətirib ətrafına peşəkarları yığmaq olardı. Bu qurumun tarixində belə hadisələr olub, Namiq Abbasov jurnalistikadan gəlib, yaxud Vaqif Hüseynov partiya orqanlarından gətirilmişdi. Amma Vaqif Hüseynovla çalışanlar onu bacarıqlı və peşəkarları irəli çəkdiyini deyirlər.



Ancaq Eldar Mahmudov təkcə MTN-də yox, hakimiyyətin başqa qollarında da kök salmışdı. Və belə bir adamı prezidentə kim təqdim etmişdi sualı gündəmə çıxır..

.

– Əvvəla, 1994-cü ildə Vaqif Novruzov vəzifəsindən azad olunduqdan sonra onu Ramil Usubov əvəz etdi və onun ilk işdən kənarlaşdırdığı adamlardan biri Eldar Mahmudov idi. Vaxtında atılmış addım idi…



Nəyə görə azad etmişdi?

– Yəqin ki, tanıyıb. Ramil Usubov nazir vəzifəsinə kənardan gətirilməyib, DİN-də bir çox vəzifələrdə çalışıb, iki dəfə Naxçıvanın naziri olub, Cinayət-axtarış İdarəsinin rəisi işləyib. Ona görə Mahmudovun kim olduğunu yaxşı bilirdi. Vaqif Novruzovu isə Heydər Əliyevə Bakı şəhərinin sabiq icra başçısı Rəfael Allahverdiyev təqdim etmişdi. Vaqif Novruzovun YAP qarşısında müəyyən xidmətləri vardı, Nərimanov rayonun polis rəisi işləyirdi, bunlar haqqında Heydər Əliyevə məlumatları Rafael Allahverdiyev vermişdi. Vaqif Novruzov nazir təyin olunandan sonra iqtisadi-cinayətkarlığa qarşı idarənin rəhbərliyinə çox namizədlər olub, amma o deyib ki, Eldar Mahmudov olacaq, çünki onun namizədliyini Cəlal Əliyev irəli sürüb. Güman ki, Mahmudovun təyinatında AMEA üzvü olan atasının Cəlal Əliyevlə münasibətlərinin də rolu olub. Bir daha deyirəm, Usubovun nazir təyin olunan  kimi Mahmudovu işdən uzaqlaşdırması cəsarətli addım idi.



Bəs necə oldu ki, 1997-ci ildə yenidən onu qəbul edib, işə götürdü?

– Bəli, qəbul edib vəzifə verdi, amma 1 ay sonra yenə çıxardı.



Niyə?

– Çünki tanıyırdı. Bilirsiniz, nazir olmaq rahat deyil, siyasi konyuktura da var, kimsə rəhbərliyə deyir ki, bərpa etməlisən. Amma Eldar Mahmudovun səsi 1998-ci ildən 2004-cü ilə qədər gəlmədi.


Zakir Nəsirovun ömürlük həbsinin səbəbi…



Bildiyimə görə, nazir Usubov Mahmudovu Zakir Nəsirovla birgə qəbul edib və hətta hər ikisini danlayıb. Və vəziyyət elə gətirdi ki, Zakir Nəsirov MTN-nin əməliyyatından sonra həbs olundu və ömürlük azadlıqdan məhrum olundu. Nəhayət, Nəsirovun vəkili Adil İsmayılovun o zaman mübahisə və müzakirə olunan “Zakir Nəsirovdan bir nəfərin əleyhinə ifadə almaq istəyirlər” açılqmasını da xatırlayaq. Bu, o demək deyildimi Eldar Mahmudov Zakir Nəsirovu Ramil Usubova qarşı danışdırmaq istəyib?

– Müəyyən qədər dediklərinizi bölüşürəm. DİN-də tanıdığım insanlar olub ki, böyük vəzifələr tutub və onlardan biri bu barədə mənə danışıb. Tarixi dəqiq bilməsəm də, hadisə belə olub: nazir hər iki şəxsi kabinetinə çağırıb, Eldar Mahmudov içəri daxil olanda Usubov Zakir Nəsirovu danlayırmış və onu da tənqid edib. Amma Eldar Mahmudov Zakir Nəsirovdan fərqli olaraq özünü çox ərköyün aparıb, yəni “işləyirəm də, mənə nə irad tuta bilərsən, nə etməliyəm” deyə bildirib. Onlar kabinetdən bir yerdə çıxıblar və liftin qarşısında Nəsirov nazirdən narazılıq edib. Hətta Eldar Mahmudov “nələr bilirsən, aç da sandığı” – deyib. Bu hadisənin üstündən illər keçir, Mahmudov milli təhlükəsizlik naziridir, Nəsirov isə həbs olunub. Beləliklə, Mahmudov onu qəbul edib liftin qarşısındakı söhbəti xatırladır və bildiyimə görə, ondan Usubovun əleyhinə ifadə almağa cəhd göstərir, amma nail ola bilmir. Məlumatıma görə, Nəsirov ona belə cavab verib: “Mən Usubovla işlədiyim dövrdə də tənqidi fikirlərimi onun özünə demişəm”. Nəticədə Nəsirov ömürlük azadlıqdan məhrum olunur. Zaman elə gətirdi ki, Mahmudov sağına-soluna baxmadan istədiyini edirdi. Baxın, Hacı Məmmədov qanunsuz olaraq MTN-də saxlanılırdı. Ona görə ki, o, daim DİN üçün qorxu olsun, sanki Hacı Məmmədov MTN-dən Daxili İşlər Nazirliyinə baxırdı və nazirlik nüfuzdan salınmışdı. Respublika Prokurorluğunda da Eldar Mahmudovun qarşısına çıxmağa müəyyən xətlər yox idi. Nəhayət, 2005-ci ilin oktyabr hadisələri onu bir az şişirtdi. Bir daha deyirəm, “Qara kəmər” hazırlanmış əməliyyat idi, sadəcə, prokurorluq cəsarət göstərə bilmirdi.



Bəs kim mane olurdu?

– Əməliyyatın keçirilməsi üçün ciddi göstəriş, siyasi qərar lazım idi. Məhərrəm Əliyev də kənarlaşdırılmışdı…


“MTN-ə də bir Hacı Məmmədov lazım idi”




Belə çıxır ki, Zamirə Hacıyeva oğurlanmasaydı, heç əməliyyat da keçirilməyəcəkdi?

– Bəli, keçirilməyəcəkdi. Əgər Hacı Məmmədov Zamirə Hacıyevada səhvə yol verməsəydi… Hesab edin ki, Hacı Məmmədovun özünü ayrı yolla sıradan götürərdilər, amma bu məsələ açılmayacaqdı. Sadəcə, Hacı Məmmədov o səhvi özünə bağışlaya bilmirdi. DİN-də bir Hacı Məmmədov peyda olduğu kimi Eldar Mahmudova da bir Hacı Məmmədov lazım idi və o, Akif Çovdarovu tapdı. Müqayisə etsəniz, Hacı Məmmədov Akif Çovdarovdan qat-qat savadlıdır, Hacı 10 Çovdarov ağırlığında mütailəyə malik idi. Onunla söhbət edən müstəntiqlər bunu gizlətmirlər. Həm də yaradıcılığa meylliydi, onun şəkil çəkməsi havadan gəlməyib. Ona şəkil çəkməyə kim şərait yaradıb? Eldar Mahmudov bununla kimə işarə verirdi?! Şəkillərin biri belədir, qara eynəkli oğlan və arxa fonda Londondakı Biq-Ben saatı. O zaman da deyirdim ki, bunlar yalnız Hacı Məmmədovun beyninin məhsulu deyil, ideya Eldar Mahmudovdan gəlirdi. Yoxsa Hacı Məmmədovu “qara gözünə” görə orda saxlamırdılar. Deməli, Hacı Məmmədov şəkilləri çəkirdi, rəhmətlik Elçin Behbudov da gedib onunla görüşüb şəkilləri mətbuatda yayımlayırdı, hətta deyirdi ki, ona hədiyyə verib. Bunlar hamısı məqsədli şəkildə gerçəkləşirdi.



Nəhayət, MTN olaylarından sonra Elçin Behbudov vəfat edir…

(

Davamı var

)

Ana səhifəVideoƏyyub Kərim: Hacı Məmmədov nazir xanımını oğurlamalı idi