Ənnağı Hacıbəyli

Source: Facebook

Caption: Ənnağı Hacıbəyli

Erkin Qədirli: mif və gerçəklik

Article was updated on :  24 September 2020

O, öz mifini özü yaradıb, özü də dağıdan şəxsiyyətdir

Bir neçə il öncə, 2017-ci il noyabrın 3-də ona olan hücumlarla bağlı yazmışdım: “Erkin Qədirli Azərbaycan hüququnun yetirdiyi azsaylı böyük simalardan biridir. Mübahisəsiz siyasi mövqe yoxdur. Razılaşmadığın bir fikri bəhanə edib adamı nüfuzdan salmağa çalışmaq yolverilməzdir və etik normalara ziddir”.

Fikrimdə qalıram və son cümlə hamı üçün keçərlidir.

Düşünürdüm ki, belə dərin zəkalı, böyük bir hüquqçu ordusunun simpatiyasını qazanmış adam gənclərə həmişə örnək olaraq qalacaq. O zaman artıq, o, siyasətin içində idi. “Siçan dərmanı” hadisəsi baş versə də, bunun bir anlaşılmazlıq olduğunu düşünürdüm. Elə bilirdim bu, təsadüfdür. Belə təfəkkürlü adam üçün bu sözləri yalnız təsadüf və anlaşılmazlıq saymaq olardı. Ancaq təəssüf, sonrakı hadisələr göstərdi ki, onun düşüncələrində dərin və daha anlaşılmaz təbəddülatlar baş verir.

***

Mikayıl Cabbarov onun nitqini, o isə Mikayılın həyat yolunu təkrarlamağa başladı. Partiyası onu siyasi perspektivinə qurban verdi və o, bu qurbanlığı qəbul elədi. Onu zəhməti və Tanrının verdiyi böyük istedadı ilə ucaldığı zirvədən endirib məclis kreslosunda yerdə oturtdular. Razinin yanında.

Bu, mənim bəlkə də ən ağrılı qənaətim olacaq.

Mandatverənlər darqursaq və qisascıl olurlar. Onlar hətta qələbəyə də bir az haram qatırlar ki, necə “seçildiyini” heç vaxt unutmayasan. Sən o haramı halala çevirmək istəsən də, imkan verməyəcəklər. Götürdüyün mandatın mayasında haram olduğunu bilməlisən. Bildin və götürdünsə, sən artıq o sən deyilsən.

Beləcə şəxsiyyətin ikiləşməsi başlanır. İkiləşmənin isə sonu şəxsiyyətin deqradasiyasıdır. Amma hələ gec deyil. “Tənqidçilərimizə eşq olsun” bir ümid işığıdır sevənlərin üçün.

***

Bu yazıda ondan başqa heç bir hüquq filosofundan sitat gətirməyəcəm. Onun həyat və yaradıcılığı heç bir filosofun fəlsəfəsinə sığmır. Özündən başqa.

“Anlayışları qarışdırmayın”.

Anlayışları onun qədər dəqiq seçib ayıran və qarışdıran ikinci adam yoxdur. Seçdirilməyini belə izah elədi: “Mənə mane olmadılar”. Mane olmasalar ölkədə seçilə bilən onlarla şəxsiyyət var...

“Lukaşenkonu dəstəkləmədiyim kimi, Tofiq Yaqublunu da dəstəkləmədim. Hər iki halda dövlətimizi dəstəkləmişəm. Amerikanların sözü olmasın, öncə ölkə. Anlayışları qarışdırmayın”.

Bu, anlayışların bəlkə də ən müdhiş, ən allahsız qarışdırılması idi. Tofiq Yaqublunun ölkəsi niyə onun ölkəsinə bu qədər yaddır? Babəklə Afşin, Rəsulzadə ilə Nərimanov, Cavidlə Səməd Vurğun da ölkələrini ayırmışdılar. Xidmətinə başladığı ölkənin gerçəkləri məhz Lukaşrnkonu dəstəkləməyi tələb edir. Niyə heç olmasa onu dəstəkləmədi? Deyə bilərəm - indiyədək təbliğ etdiyi ideallar onu dəstəkləməyi inkar edir, ona görə.

Gerçəklər qəliz və amansız olur.

Bu gün onun dəstəklədiyi ölkə filosof-administratorun və onun öndərinin keyfiyyətsiz rus xammalından qayırıb dövriyyəyə buraxdığı məhsuldan başqa nə ilə öyünə bilər?

***

İnadkarlığı prinsiplərlə yaşamağa dəyişməkdə pis bir şey yoxdur. Amma siyasi inadkarlıq siyasi prinsiplərdən və prinsipiallıqdan qaynaqlanırsa, o, diktə olunan prinsiplərlə yaşamaqdan daha şərəfli deyilmi?

“ReAL-ın kiminləsə qarşılıqlı öhdəliyi olmadığından, o, kimisə sata bilməz”. Hər bir siyasi partiyanın toplum qarşısında öhdəliyi var. Cümhuriyyəti bərpa etmək iddiasında olmaq özü toplum qarşısında öhdəlik götürmək deməkdir. Sənin bərpa edəcəyin cümhuriyyət bugünkü davranışlarından görünməlidir. O davranışları isə hamının dartışmaq haqqı var. “Bu mövzunu da burda bağlayaq” hökmü cümhuriyyət dəyəri deyil.

“ReAL-dan başqa hökumətlə siyasi həbslər barədə danışan yoxdur”. Bəs hökumət necə, ReAL-dan başqa kiminləsə danışmaq istəyirmi? Ümumiyyətlə, siyasi həbslər hökumət üçün daxili danışıqmövzusudurmu? Sizcə, sizdən qabaq siyasi danışıqlar, ümumiyyətlə, ölkədə siyasi fəaliyyət olmayıbmı? Tarix sizdən başlanmır, bir az realçı olun. Acı həqiqətləri nə qədər şirin dillə desən də, şəkərin çatmayacaq. Ölkə həqiqətlərinin nə qədər acı olduğunu müəllifi hamıdan gözəl bilir.

***

O, bir örnək idi və arxasında möhtəşəm bir gənclik dayanırdı. İndi o gəncliyin pərəstiş mərəzindən xilas ola bilmiş şəxsiyyətləri onu acı təəssüf hissi ilə xatırlayırlar. Bu, maddi rahatlıq və karyera uğuru qazanmış bir insanın acı gerçəkliyidir.

Azərbaycanın hüquq fəlsəfəsinə görə mahiyyətcə avtoritar olan rejimlə əməkdaşlıq ya siyasi düşmənçiliyə, ya da cib müxalifətinə çevrilməklə sonuclanır. Ölkədə siyasi mühitin pozulmaz qanunu budur.

“Yaxşı işlər yavaş-yavaş görülür”. Amma bu cür və bu qədər yavaş görülmür.

***

O, öz mifini özü yaradıb, özü də dağıdan şəxsiyyətdir.

Bu yazını məndən yaxşı tək bir nəfər yaza bilərdi: Erkin Qədirli.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  24 September 2020
Featured in:  
Shortlink:   http://mtv.re/udtlmb

Most Viewed