Əliyevin nüfuz şərikləri

Ona görə iştirak etmək istəyir ki, bu müzakirələrdən kənarda qalmaq Vaşinqtonla biryolluq üzülüşmək deməkdir.

Seymur Həzi, Foto:: Meydan TV


Vaşinqtona getmək və getməmək nə verir?

İlham Əliyev BMT-nin növbəti sessiyasına getmədi və bu qərarı yenidən onun ya sağlamlıq, ya da siyasi anlamda çətinliklər içərisində olduğunu göstərdi. Əvvəlcədən diplomatik dairələrdən sızan özəl məlumatlarda deyilirdi ki, Azərbaycan dövlət başçısı öz xanımı ilə Vaşinqtonda yüksək ranqlı siyasilər və nüfuzlu xadimlərlə görüşlər planlaşdırır. Hakimiyyətin yaxın çevrələrindən də bildirilirdi ki, bu görüş ölkədə uzun aylardır davam edən qeyri-müəyyən vəziyyət yaratmış nüfuz bölgüsü məsələsinə son qoymaq və gələcəyə dair müzakirələr aparmaq üçün olmalı idi. Fəqət, bir neçə gün qalmış bu görüşlərdən imtina edilib və əsas səbəb kimi Azərbaycandaki hazırkı vəziyyətin növbəti siyasi eranı müzakirə etmək üçün standartlara cavab verməməsi göstərilib. Söhbət hansı nüfuz savaşlarından və hansı gələcəkdən gedir?

İlham Əliyevin səhhətində yaranan vəziyyət onun ölkə həyatına nəzarətinə mane olan yeganə faktor deyil. Ölkədə ciddi siyasi iddiaçıya çevrilən ikinci hakimiyyətdaxili qruplaşma da var ki, onların da əsas təşkilatçı fiquru kimi dövlət başçısının xanımı Mehriban Əliyevanın əmisi Azərbaycanın ABŞ-daki sabiq səfiri Hafiz Paşayevdir. Bu qruplaşma brinci xanımın liderliyini təbliğ etməklə hakimiyyətin irsi varisliyi prinsipini göstərir, üstəlik özlərinin peyki qismində yaratdıqları guya müstəqil, ya da müxalif siyasi qruplar vasitəsiylə cəmiyyətə belə mesaj vermək istəyirlər ki, əslində hakimiyyətin İlham Əliyevdən Mehriban Əliyevaya keçməsi respublika dəyərlərinin tam məhv olmasının qarşısını alacaq. Hərçənd bu qaranlıq at gedişində Mehriban Əliyevanın proqressiv imici ətrafında disskussiyaların başladılmasına və onun ictimai fikirdə siyasi fiqur kimi özünə yer tapmasına nail olmaqdır. Bu cəhdlər isə İlham Əliyevin birləşdirici fiqur kimi mərkəzində dayandığı klanlarda özünümüdafiə instinkti və anti-Paşayevlər qıcığı yaradır. Bu qarşıdurma təkcə ölkə daxilində deyil və hətta belə görünür ki, bəzi maraqlı xarici dairələrin qarşıdurmasının yerli proyeksiyasıdır. Bu dairələrin böyük siyasi ciddiyyəti olmasa da lobbi təşkilatları vasitəsiylə müəyyən bir imic yaradırlar. Belə vəziyyət isə yalnız saray çevrilişi ssenarisinə inanan hakimiyyətdaxili qrupları qarşı-qarşıya qoyur və ölkənin idarə olunmasında ikimərkəzliliyə yol açır. Bunun ən bariz nümunəsi isə bu ilin avqust ayının əvvəlindən başlayaraq sentyabr ayının birinci ongünlüyünün sonuna kimi Mehriban Əliyevanın ölkə həyatının əsas siyasi füquru kimi müxtəlif foks qrupları ilə görüşünün təşkil edilməsi idi.


Rusiya bu duruma hazır deyil

Rusiyanın hakimiyyətin ikinci eşalonundakı birinci şəxslərin qismində dayaqları demək olar ki, sarsılmaqdaydı. Azərbaycanın təhlükəsizlik katibindən fərqli olaraq Rusiyada hakimiyyət sükanına bir əli ilə daima yaxın olan təhlükəsizlik şurasının katibi Azərbaycana gələrkən bu məsələdə öz mövqeyini siyasətə məxsus “bədən dili” ilə nümayiş etdirdi. Birincisi, uzun fasilədən sonra Əliyevi özü səhnəyə çıxardı. İkincisi, protokolda Ramil Usubovdan başqa heç kimə yer verməyərək kremlin fikrinə istinad edə biləcəyi ikinci şəxsi göstərdi. Bununla həm də güc orqanlarındakı nəzarətin də Usubov tərəfindən həyata keçirilməsinin davam etməsini məqsədəuyğun saydığını bəyan etmiş oldu.


Vaşinqton bu demarşı qəbul etmir, amma… ?

Aydın məsələdir ki, hakimiyyətdaxilindəki ikiləşmə Vaşinqtonun maraqlarından elə də uzaq məsələ deyil. ABŞ-ın SSRİ-dəki məşhur səfiri Corc Kennandan miras qalan soyuq müharibə nəzəriyyəsinə uyğun olaraq qapalı sistemlərdə hər zaman fərqli fikr vasitəsilə yeni çatlar yaratmaq işə yarayır. Bu isə konkret olaraq fikirdən başqa həm də nüfuz bölgüsüdür. İlham Əliyev isə bu bölgüdə həm iştirak etmək, həm də ondan boyun qaçırmaq istəyir. Ona görə iştirak etmək istəyir ki, bu müzakirələrdən kənarda qalmaq Vaşinqtonla biryolluq üzülüşmək deməkdir. Ona görə bu iştirakı arzulamır ki, ikinci halda faktiki olaraq rəsmi itkilərini tanımış olacaq- vits eprezident postunu rəsmi ikinci vəzifədən öz paralelinə qaldırmış olacaq.


Saray çevrilişi mümkündürmü?

Bundan əvvəl də belə fikirlər olub ki, saray hakimiyyət dəyişikliyi üçün ən əlverişli məkandır. Ancaq bu fikrin yaratdığı şübhə bir neçə məmurun illərlə azadlığını itiriməsi və sair addımlarla yadda qalıb. Hakimiyyətin isə hazırda öz repressiv maşınını daha çox ictimai siyasi fəallara yönəltməklə və kütləvi fəallığın problemlərin həllində çıxış yolu olmadığını, küçələrdə heç nəyin həll olunmadığını beyinlərə yeritməyə çalışmaqla diqqəti yayındırdığı ortadadır. Yəni “Saray çevrilişi” əslində nüfuz bölgüsündən o tərəfə keçməyən bir ssenaridir və onun bu cür müzakirəyə açıq saxlanması diqqəti meydanlardan yayındırmağa hesablanıb.


Vaşinqton nə tələb edib?

Vaşinqton isə növbəti siyasi eranın başlanğıc şərtləri kimi demokratik təsisatların bərkiməsi üçün addımların vacibliyini irəli sürüb. Toplaşmaq və ifadə azadlığı kimi təməl hüquqların tanınması və imitasiyalarla müşahidə olunmayan islahatlara başlanması. Əliyev isə hazırkı zəif vəziyyətində bu təklifi özü üçün böyük təhlükə hesab edir və status kvonu qorumağa israr edir. İndi hər kəs bir-birinin gözünə baxmaqdadır, əsas odur ki, gözünü birinci kim qırpacaq.

Ana səhifəXəbərlərƏliyevin nüfuz şərikləri