Elmin Bədəlov: Mədəniyyət Nazirliyi bütün teatrlara zəng edib, bircə bizdən başqa

Məktubu iki yüz mədəniyyət və incəsənət nümayəndələri imzalamışdı.

Source: Foto: Meydan TV


“İstəyərəm ki, müstəqil teatrlara qarşı atılmış bu müsbət addım davamlı olsun”

“Mədəniyyət Nazirliyi tərəfindən bütün müstəqil teatrlara zəng olunub. Onlara 6 ay ərzində digər dövlət teatrlarında yer ayırıblar ki, biletlərini satıb, tamaşalarını oynasınlar. Bu çox müsbət haldır, gözəl addımdır. Lakin nədənsə bu təklif bir bizim teatra edilməyib”.

Bu sözləri Meydan TV-yə ADO teatrının (Azərbaycan Dağınıq Oda Teatrı) qurucusu, baş rejissor və aktyoru Elmin Bədəlov deyib. O, teatrın məkan probleminin hələ də həll olunmadığını bildirib:

“Bizdən başqa bütün müstəqil teatrlara zəng olunub. Bu işin davamlı olacağı və səmimiyyəti sual altındadır. Nazirlik tərəfindən indiyədək belə bir addım olmamışdı. Əgər bu səmimi idisə, hər zaman olmalı idi. ADO teatrı illəridir nazirliyə məkan məsələsi ilə bağlı müraciətlər edir. Hər dəfə bəhanələr gətiridilər ki, Akademik Milli Dram Teatrının, Gənc Tamaşaçılar Teatrının balaca səhnəsində yer yoxdur. Hamısında tamaşalar oynanılır. Amma təbii ki, istəyərəm ki, müstəqil teatrlara qarşı atılmış bu müsbət addım davamlı olsun”.

ADO teatrının kollektivi bir il öncə bina məsələsi ilə bağlı açıq məktubla Prezident İlham Əliyevə və Mədəniyyət Nazirliyinə müraciət etmişdi. Məktubu iki yüz mədəniyyət və incəsənət nümayəndələri imzalamışdı.

Bundan sonra nazirlik teatra Mərdəkanda məkan verməyi təklif etmişdi. Üstəlik, kollektivə oynanılan tamaşaların nazirlik tərəfindən sifariş edilməsi tələbi qoyulmuşdu. Teatrın rəhbəri Elmin Bədəlov isə bununla razılaşmamışdı. Bildirmişdi ki, onsuz da nazirliyin sifarişi ilə dövlət teatrları tamaşalar səhnələşdirir. Müstəqil teatr isə tamaşaların seçimində, səhnələşdirilməsində və nümayişində sərbəst olmalıdır.

“Bizim tamaşalara Mərdəkanda kim baxacaqdı? Bizə orada yer ayırmaqla, teatrı paytaxdan uzaqlaşdırmaq istəyirdilər”, – Elmin Bədəlov əlavə edib.

Mədəniyyət Nazirliyi məsələyə münasibət bildirməyib.

ado_yeni_logo.jpg
ADO
Ana səhifəMədəniyyətElmin Bədəlov: Mədəniyyət Nazirliyi bütün teatrlara zəng edib, bircə bizdən başqa