Elmar Məmmədyarov: Azərbaycan Avropanın ən böyük humanitar fəlakətini yaşayıb

“Həmsədrlərin fəaliyyətinin nəticəsi yoxdur”

Mənbə: arxiv
Elmar Məmmədyarov
Elmar Məmmədyarov


“Həmsədrlərin fəaliyyətinin nəticəsi yoxdur”

Aqressiv separatizmin vaxtında qarşısının alınmaması, ikili münasibətlərin göstərilməsi nəticə etibarilə bu gün yaşadığımız faciəyə yol açdı.

Meydan TV xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Fransaya səfəri çərçivəsində bu ölkənin parlamentinin “Le Journal Du Parlement” jurnalında müsahibəsində, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri barədə danışarkən

deyib

.

Nazir qeyd edib ki, ona görə də bu gün Avropada da baş qaldıran separatizm meyllərinə qarşı ciddi tədbirlər görülməli və onların qarşısı alınmalıdır.

E.Məmmədyarov bildirib ki, Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi və fiziki baxımdan Ermənistan silahlı qüvvələrinin ölkəmizin işğal olunmuş ərazilərində mövcudluğu Azərbaycanın və regionun sülh və təhlükəsizliyi üçün ən ciddi təhdiddir.

O, vurğulayıb ki, münaqişənin siyasi həllində irəliləyişə nail olmaq üçün Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması təmin olunmalı və hərbi risk amili aradan qaldırılmalıdır.

“Bəzən Avropadan olan tərəfdaşlarımız insan hüquqları məsələsini müzakirələrdə ön sıraya çəkirlər. Amma onlar tərəfindən Ermənistanda öz tarixi torpaqlarından didərgin salınmış 250 min azərbaycanlı, 1989-cu ilin statistikasına görə Dağlıq Qarabağın ümumi əhalisinin 20 faizini təşkil edən 40 mindən artıq Azərbaycanlı və həmçinin Dağlıq Qarabağ ətrafında işğal olunmuş 7 rayondan qovulmuş 700 min nəfərdən artıq Azərbaycanlının hüquqlarına laqeyd münasibət bəslənilir. Onların sülh və təhlükəsizlik şəraitində yaşamaq, öz evlərinə, kəndlərinə və şəhərlərinə qayıtmaq hüququ Avropa İttifaqından olan tərəfdaşlarımız və insan hüquqları təşkilatlarının tam diqqətində olmalıdır”, – E.Məmmədyarov deyib.

Nazir bəyan edib ki, işğal olunmuş ərazilərdə mülki azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə siyasətinin nəticəsində Azərbaycan II Dünya müharibəsindən sonra Avropanın ən böyük humanitar fəlakətini yaşamışdır.

“Ermənistan tərəfindən işğal siyasətinin tərkib hissəsi olaraq çoxsaylı müharibə cinayətləri, insanlıq əleyhinə cinayət, habelə soyqırımı əməlləri törədilib. 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində yer üzərindən silinən, 600-dən artıq dinc sakini, o cümlədən uşaq, qadın və yaşlılar amansızcasına öldürülən Xocalı soyqırımı münaqişənin ən qanlı səhnələrindən biridir”.

Nazir qeyd edib ki, bir neçə il əvvəl işğal olunmuş Kəlbəcər rayonunda ata-analarının qəbirlərini ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən iki nəfər soydaşımız Dilqəm Əsgərov və Şahbaz Quliyev girov götürülüb.

“Onlar hələ də Ermənistan tərəfindən girovluqda saxlanırlar. Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri olaraq, münaqişənin humanitar aspektlərinə, o cümlədən itkin düşmüş şəxslər məsələsinə göstərdiyi diqqəti təqdir edirik və bu bunlar münaqişənin həllinə töhfə verən bilən məqamlardır”.

Münaqişənin həlli variantlarına toxunan nazir bildirib ki, Ermənistan gücdən istifadə edərək Azərbaycanın ərazi bütövlüyü və suverenliyini pozmaqda davam edir və beynəlxalq ictimaiyyətin iradəsinə və mövqeyinə zidd olaraq danışıqları pozmaq siyasəti yürüdür.

“Münaqişənin həlli üçün danışıqlar prosesinin resursları tükənməyib. Münaqişənin həlli regional əməkdaşlığın tam şəkildə formalaşmasına, regionda davamlı sülh və təhlükəsizliyin təmin olunmasına xidmət edə bilər. İlk növbədə Ermənistan əhalisi regionda yaranacaq əməkdaşlıq imkanlarından faydalana biləcəkdir.

Bunun üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrində təsbit olunduğu kimi işğal faktına son qoyulmalı və Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı və azərbaycanlı məcburi köçkünlərin geri qayıtması təmin olunmalıdır. Ermənistanın bu gün bir tərəfdən işğalçılıq siyasətini davam etdirməsi, digər tərəfdən sülhdən danışması qeyri-ciddidir. Nəhayət Ermənistan rəhbərliyi başa düşməlidir ki, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdləri qəbuledilməz və yolverilməzdir”.

Minsk qrupunun həmsədrlərinin fəaliyyətinə toxunan E.Məmmədyarov bəyan edib ki, onların fəaliyyətinin nəticəsi yoxdur.

“Minsk Qrupunun həmsədr ölkələrinin münaqişənin həlli istiqamətində səylərini dəstəkləyirik, amma daha qəti və təsirli addımların atılmasına ehtiyac vardır. ATƏT-in Minsk Qrupunun həmsədrləri mövqelərində davamlılıq göstərərək Ermənistanın danışıqları pozmasına imkan verməməli, siyasi-diplomatik təzyiqlər vasitəsilə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını təmin etməlidirlər. Bu halda danışıqların gedişində irəliləyişə nail olmaq mümkündür”.

Ana səhifəXəbərlərElmar Məmmədyarov: Azərbaycan Avropanın ən böyük humanitar fəlakətini yaşayıb