Elvin Məmmədov

Source: Foto: arxiv

Caption: Elvin Məmmədov

Əli Kərimliyə şeir yazan gənc: Dedilər ki, işdən çıxmaq üçün ərizə yazım

AXCP fəalları siyasi baxışlarına görə işdən çıxarıldıqlarını deyirlər

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalları, hər biri 30 sutka inzibati həbs cəzası alan Elvin Məmmədov və Arif Babayev siyasi baxışlarına görə işdən uzaqlaşdırıldıqlarını bildirir. Bu barədə Meydan TV-yə danışan AXCP üzvlərinin sözlərinə görə, inzibati həbsdən buraxıldıqdan sonra onlara çalışdıqları iş yerlərində deyiblər ki, ərizəni yazıb işdən çıxmalıdır.

E.Məmmədov “Sədərək” Ticarət Mərkəzinin Mühafizə Xidmətində işləyirdi. Deyir ki, iyunun 5-də işə gedəndə ona kadrlar şöbəsinə getməsinin lazım olduğunu bildiriblər. Kadrlar şöbəsində isə deyiblər ki, AXCP üzvü olduğuna görə işdə qala bilməz: “Təklif elədilər ki, işdən çıxmaq barədə ərizə yazım. Mən imtina elədim”.

Dörd aydır orada işlədiyini deyən E.Məmmədovun sözlərinə görə, heç işə götürüləndə onunla əmək müqaviləsi bağlamamışdılar: “İndi isə deyirlər ki, ərizə yazmalısan”.

AXCP-nin Qaradağ şöbəsinin fəalı olan E.Məmmədov həm də şairdir. O, aprelin 28-də AXCP sədri Əli Kərimlinin 55 yaşı tamam olmasına həsr olunmuş şeir yazıb, sosial şəbəkələrdə paylaşmışdı. Bundan az sonra – mayın 2-də tutularaq, karantin rejimini pozmaq ittihamıyla 30 günlük inzibati həbs cəzası verilmişdi.

Partiyanın Suraxanı rayon şöbəsinin üzvü Arif Babayev isə Meydan TV-yə 6 ildir aşpaz işlədiyi “Qafqaz Point Hotel”dən çıxarılmaq təhlükəsilə üz-üzə qaldığını bildirib. Onun sözlərinə görə, həbsdən buraxılandan sonra əvvəlcə iki ay öz hesabına məzuniyyətə getməsi barədə ərizə yazdırıblar: “Ərizədə yazılıb ki, guya mayın 1-dən iki aylıq məzuniyyət götürürəm. Amma mən mayın 1-də həbsdə idim. Onda çağıranda otelin rəhbərliyi açıq dedi ki, mənə görə təzyiq olunur, işdən çıxarılmağımı tələb edirlər, vergi məsələsilə hədələyirlər. Üç gün əvvəl də kadrlar şöbəsindən zəng eləyib çağırdılar ki, işdən çıxmaq haqda ərizə yazım. İmtina elədim”.

A.Babayev isə aprelin 22-də həbs olunub. Suraxanı Rayon Məhkəməsi onun haqqında İnzibati Xətalar Məcəlləsinin 388-1.1 (internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi ) maddəsilə 30 sutkalıq həbs qərarı çıxarıb. A.Babayev “Facebook” səhifəsində Əli Kərimli haqda paylaşımlarına görə həbs olunduğunu, işgəncəyə məruz qaldığını bildirib.

Hoteldən isə bildirilib ki, A.Babayevin işdən çıxarılması barədə məlumat həqiqətəuyğun deyil.

Ölkədə pandemiya ilə əlaqədar sərt karantin rejimi tətbiq olunduğuna görə “Sədərək” Ticarət Mərkəzinin də fəaliyyətinə ara verilib. Bu üzdən E.Məmmədovun işdən çıxarılması məsələsinə qarşı tərəfin mövqeyini öyrənmək mümkün olmayıb.

Son iki ayda AXCP-nin 30-dan artıq fəalı həbs olunub. Onların əksəriyyətinə 30 sutkalıq inzibati həbs cəzası verilsə də, üç nəfərin barəsində cinayət işi başlanıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/p305or

Most Viewed