“Əli Həsənov demişdi ki, icra başçısının vurulması adi kriminal hadisədi…”

Vəkil çıxışını belə tamamlayıb: “Ədalət topaldır, asta-asta da olsa, yeriyir və gec-tez gedəcəyi yerə çatır”.

Yunis Səfərov, Foto: Meydan TV


Vəkillərin çıxışı başlayıb

Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyev və onu mühafizə edən polis əməkdaşı Qasım Aşpazova qarşı sui-qəsdlə bağlı məhkəmə prosesində vəkillərin çıxışları mərhələsidir. Vəkillər isə Bakı Ağır Cinayətlər Məhkəməsində bir ilə yaxın davam edən prosesdən narazıdır.

Aprelin 15-də hakim Əfqan Hacıyevin sədrliyilə keçirilən məhkəmə prosesində çıxış edən vəkillər bildirib ki, müdafiə tərəfinin qaldırdığı vəsatətlərin heç biri təmin olunmayıb.

Təqsirləndirilən şəxslərdən Ceyhun Qurbanovun vəkili Vamiq Şükürov deyib ki, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı ittihamları təsdiqləyən heç bir dəlil-sübut yoxdur: “İstintaq dövründə dəfələrlə müraciət etdik ki, Yunis Səfərovlaz üzləşdirsinlər. Lakin eləmədilər. Məhkəmənin audio və video yazı ilə keçirilməsini istədik. Bunu da eləmədiniz. Vəkillərin bu vəsatətinin təmin olunmaması sonradan protokollarda ifadələrin saxtalaşdırılmasıyla nəticələnir”.

Vəkil çıxışında Ceyhun Qurbanovun sağlıq durumundan da danışıb: “Dəfələrlə onun xəstəliyi, müayinə və müalicəsinin təmin olunması barədə vəsatətlər verdik. Heç bir təmin olunmadı. Vəziyyətinə görə ev dustaqlığına buraxılması barədə vəsatətlərimiz də nəticəsiz qaldı”.

Ceyhun Qurbanov epilepsiya xəstəliyindən əziyyət çəkir.

Təqsirləndirilən şəxslərdən Anar Bağırovun (o, 2018-ci ilin iyulunda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qətlə yetirilib) vəkili Cavad Cavadov bildirib ki, məhkəmə müdafiə tərəfinin vəsatətlərinin niyə təmin olunmadığını heç əsaslandırmadı, sadəcə, “yox” deməklə kifayətləndi. Bu isə qanuna ziddir.

Vəkil Elmar Vəliyevə qarşı sui-qəsdin “dövlət çevrilişi məqsədilə mütəşəkkil dəstə tərəfindən əvvəlcədən planlaşdırılmış terror aktı” kimi təqdim olunması, təqsirləndirilən şəxslərə bununla bağlı ittihamların verilməsinin də əsassız olduğunu vurğulayıb: “Elmar Vəliyev vurulanda Əli Həsənov jurnalistlər qarşısında dedi ki, “bu, adi kriminal hadisədir, niyə şişiririb başqa mənalar axtarırsınız?” Sonradan elə özləri başqa məna verdilər. Bunlar bir dəstə olubsa, hər birindən də ittihamda yazıldığı kimi, o qədər silah-sursat çıxıbsa, Yunis niyə “Kapital bank”ın mühafizəçisinin silahını götürürdü?

Anar Bağırovun silahlı müqavimət göstərdiyini təsdiqləyən bircə mötəbər sübut, fakt yoxdur. Anar Bağırov qəsdən öldürülüb. Onun öldürülməsilə bağlı burada ifadə verən şahidin dediklərində nə qədər ziddiyyət vardı. İstintaqdakı ifadə ilə məhkəmədə dedikləri üst-üstə düşmürdü. Biz nə qədər istəyirik ki, bu məsələ ölkə daxilində həll olunsun, alınmır. Anar Bağırovun evində axtarış aparılarkən guya zirzəmidən silah tapılıb. Hətta tapılıbsa belə, necə əminliklə demək olar ki, o silah Anara məxsusdur? Dəfələrlə müraciət elədik ki, o silahdan əl izləri götürülsün, amma götürülmədi…”

Vəkil çıxışını belə tamamlayıb: “Ədalət topaldır, asta-asta da olsa, yeriyir və gec-tez gedəcəyi yerə çatır”.

Təqsirləndirilən Mahir Əzizovun vəkili Babək Həmidov da məhkəmənin gedişindən, hakimlərin mövqeyindən narazılığını bildirib. O deyib ki, hakimlər açıq-aşkar ittiham tərəfinin mövqeyini müdafiə edirdi: “Mahir Əzizova bu qədər ağır ittihamlar verilib. Amma bircə sübut yoxdur. Onunla bağlı heç bir şahid dindirilmədi. Əlavə şahidlərlə bağlı vəsatətlərimiz təmin olunmadı. Əslində, heç müdafiə tərəfinin vəsatətləri olmadan məhkəmə özü obyektiv, hərtərəfli araşdırmada maraqlı olmalıdır. Amma biz bunu görmədik. Əgər prokurorluğun dediyini eləyəcəksinizsə, daha məhkəməyə nə ehtiyac var? Elə hökmü də prokurorluq versin…”

Vəkil əlavə edib, məhkəmə prosesinin gedişinə baxmayaraq, yenə də ümid etmək istəyir ki, hakimlər bu dəfə bəlkə ədalətli davranır. Babək Həmidov iki alpinistlə bağlı lətifəni də çıxışına əlavə edib: “İki dost çovğunlu havada dağa qalxmağa çalışan alpinist haqqında filmə baxır və mərc gəlirlər. Biri deyir ki, alpinist dağa qalxa biləcək, o biri deyir ki, yox. Filmin sonunda alpinist yarımçıq yıxılır. Mərci uduzan tərəf pulu götürməkdən imtina edir və deyir ki, götürməyim doğru olmaz, çünki mən bu filmə baxmışdım və nəticənin belə olacağını bilirdim. O biri dost cavab verir ki, mən də bu filmə baxmışdım, bilirdim ki, yıxılacaq, amma ümid eləyirdim ki, bəlkə bu dəfə qalxdı…”

Təqsirləndirilən Rasim Mustafayevin vəkili bildirib ki, məhkəmənin ədalətsizliyi təkcə bir və ya bir neçə nəfərin yox, bütövlükdə ölkənin, toplumun faciəsidir: “Roma imperiyasında kilsələrdə bir zəng vurulanda adamlar bilirdi ki, kimsə öldü. İki zəngdə şahın ətrafından kiminsə öldüyü xəbər verilirdi. Üç zəng şahın özünün ölməsi anlamına gəlirdi. Bir dəfə dörd zəng vurulur, adamlar təəccüblənir ki, nə baş verib? Deyirlər ki, bu gün məhkəmə günahsız bir adama cəza kəsdi və ədalət öldü…”

“Gəncə işi” üzrə məhkəmə prosesi aprelin 20-də davam edəcək.

Ana səhifəSiyasət“Əli Həsənov demişdi ki, icra başçısının vurulması adi kriminal hadisədi…”