Elçin Şıxlı: Mətbuatın hədəfi olmur, funksiyası olur

“Biz Kütləvi İnformasiya Vasitəsiyik, Kütləvi İnformasiya Silahı deyilik”

Source:


“Biz Kütləvi İnformasiya Vasitəsiyik, Kütləvi İnformasiya Silahı deyilik”


İki illik fasilədən sonra “Ayna” yenidən fəaliyyətə başladı. Bu dəfə qəzet kimi yox, internet portalı şəklində. Amma bu portalda yalnız müəllif yazıları var. Bəs “Ayna” əvvəlki kimi müxtəlif janrlarda hazırlanmış jurnalist məhsullarına yer ayıracaqmı? Meydan TV-nin bu və digər suallarına qəzetin baş redaktoru Elçin Şıxlı cavab verib.


– Ayna qəzetinin ümumi fəaliyyəti necə olacaq? Günlük xəbərlərə yer veriləcək, yoxsa ancaq fikir mübadiləsinə üstünlük veriləcək?

– Sayt olacaq, amma ənənəvi olmayacaq, çünki gündəlik xəbərlər olmayacaq. Üstünlük müəllif yazılarına veriləcək və beş aparıcı müəllif olacaq – İbrahim Nəbioğlu, Qulu Məhərrəmli, Arif Əliyev, Rauf Mirqədirov və mən.


– Elçin müəllim, Azərbaycan mətbuatında son iki ildə nə baş verdi ki, siz yenidən geri qayıtmağı qərarlaşdırdınız?

– Əslində heç nə. Elə buna görə də qayıtdım.


– Hal-hazırda Azərbaycan mətbuatının vəziyyətini, hökumətin mətbuata olan münasibətini necə dəyərləndirirsiniz?

– Bu sualın cavabını qismən əvvəlki cavabımda verdim. Mətbuatın vəziyyəti heç cürdür, hökümətin münasibəti də məhz elə bu vəziyyətdən irəli gəlir.


– Sizcə, “Ayna” qəzetinin keçmişi ilə indiki vəziyyəti və ya hədəfləri arasında nə fərqlər var?

– Keçmiş keçmişdə qaldı. Hədəfə gəldikdə, mətbuatın hədəfi olmur, funksiyası olur. Çünki hədəfə çatmaq mümkündür, funksiya isə əbədidir. Hədəfə çatanda bitirsən, lap elə bizim mətbuat kimi. Biz bu məfhumları qarışdırdığımız üçün inkişafdan dayanmışıq. Görünür bir çoxu qarşısına qoyduğu hədəf – məqsədlərə artıq çatıb.


– Böyük kütlələrə çıxmaq, yoxsa müəyyən dairəni əhatə edib, fikirlərin dəyişikliyinə nail olmaqdır məqsədiniz?

– Bizim ümumi adımız Kütləvi İnformasiya Vasitəsidir. Yəni, kütləvilik jurnalistikanın mayasındadır. O ki qaldı fikirlərin dəyişikliyinə nail olmaq məsələsinə, jurnalistikanın funksiyaları arasında beləsinə rast gəlməmişəm. Biz Kütləvi İnformasiya Vasitəsiyik, Kütləvi İnformasiya Silahı deyilik.


– Elçin müəllim, gördüyümüz qədəri ilə “Ayna”nın indiki kollektivinə peşəkarları dəvət edibsiniz, gənclərə də yer verəcəksiniz, yoxsa maksimum peşəkarlığa üz tutmaq istəyirsiniz?

– Mən kollektiv yox, həmdərd deyərdim. Zarafat olsa da, həqiqətdir. Bu şəxslərə kollektiv deməyə dilim çönmür, çünki hərəsi bir dünyadır. Xoşbəxtəm ki, mənimlə çiyin-çiyinədirlər. O ki qaldı maksimum peşəkarlığa, necə deyərlər, ağıl yaşda deyil, başdadır.


– Televiziya formatına keçməyi yaxın gələcəkdə planlaşdırırsınız?

– Bəli. Artıq işləməyə başlayırıq.


– Azərbaycan mətbuatı haqqında arzularınız nədir? Və bir peşəkar jurnalist və müəllim kimi gənc jurnalistlərə nə tövsiyələriniz var?

– Funksiya ilə hədəf və məqsədi qarışdırmamaq. Peşəni sevmirsənsə, ondan hədəf və məqsədlərinə çatmaq üçün vasitə kimi istifadə etməmək və ən əsası, özünə hörmət qoymaq.

– Təşəkkürlər Elçin bəy, uğurlar sizə…

Ana səhifəXəbərlərElçin Şıxlı: Mətbuatın hədəfi olmur, funksiyası olur