Əfqanıstanda tibb işçiləri maaşlarının ödənməməsinə etiraz edib

Şəhərin 10 dövlət xəstəxanasında test cihazları və qoruyucu vasitələtin çatışmazlığı qeyd edilir.

Source: Foto: Reuters


200-dən çox tibb işçisi aksiya keçirib

Çərşənbə axşamı Əfqanıstanın qərbində yerləşən Herat şəhərində 200-dən çox həkim və tibb işçisi bir araya gələrək etiraz ediblər. “Reuters” xəbər verir ki, onlar koronavirus xəstələrini müalicə etmək üçün canlarını təhlükəyə atmaqlarına baxmayaraq, üç aydır maaş almadıqlarını dilə gətiriblər.

Əfqanıstanın üçüncü ən böyük şəhəri olan Heratda mart ayından etibarən çox sayda COVID-19 yoluxma halları qeydə alınıb. Şəhərin 10 dövlət xəstəxanasında test cihazları və qoruyucu vasitələtin çatışmazlığı qeyd edilir.

“İnsanları xilas etmək üçün canımızı riskə atırıq, bir çox həkim bu xəstəliyə yoluxub. Hökumət ən azından bizə hörmət etməli və maaşlarımızı vaxtında verməlidir”,- COVID-19 yoluxma halları üçün ayrılmış reanimasiya şöbəsinin həkimi Abdul Rauf Rəhimi deyib.

Rəhimi işə qayıtmazdan əvvəl altı saat davam edən etiraz aksiyasında iştirak edən 78 həkim və 110-dan çox tibb işçisindən biridir və deyir ki, işə qayıtmaqda məqsədi xəstələrin daha artıq əziyyət çəkmələrini istəməməsidir.

Səhiyyə Nazirliyinin mətbuat katibinin müavini Əhməd Tovhid Şukohmand həkimlərin əmək haqqının ödənilməməsini təsdiqləyib. “Biz həkimlərə və tibb işçilərinə çox ehtiyac duyuruq və bir neçə gündən sonra maaşlar ödəniləcək. Biz bunun üzərində ciddi işləyirik”,- o deyib. Şukohmand ödənişlərin gecikməsinə səbəb göstərməyib.

Etiraz yüzlərlə həkim və səhiyyə işçisinin paytaxt Kabildə koronavirus testlərindən müsbət keçməsindən bir neçə həftə sonra baş tutub və Əfqanıstanın zəif tibbi infrastrukturuna təzyiq olaraq qiymətləndirilib.

Çərşənbə axşamı Əfqanıstanda 7,653 yoluxma və tənəffüs çatışmazlığından 178 ölüm halı qeydə alınıb.

Pandemiya Əfqanıstan təhlükəsizlik qüvvələri və Taliban yaraqlıları arasında davam edən müharibə ilə birlikdə Əfqanıstandakı sağlamlıq böhranını daha da dərinləşdirib.

Keçən həftə naməlum silahlı şəxslər Kabildəki xəstəxananın doğum şöbəsinə hücum edərək yeni doğulan körpələr, analar və tibb bacıları da daxil olmaqla ən az 24 nəfəri öldürüb.

Ana səhifəDünyaƏfqanıstanda tibb işçiləri maaşlarının ödənməməsinə etiraz edib