Çin fəlsəfəsi

Əcdadlarımız bilirdilər ki, hər məxluq bir gün doğulur və bir gün öləcək

Source:

Çin fəlsəfəsi öz çiçəklənmə dönəmini “Müharibə edənlər dövlətlər dövrü”ndə (戰國時代) yaşayıb. Bu dövrdə hələ Çində mərkəzləşmiş bir imperiya yaranmamışdı və kiçik dövlətlər bir-biri ilə müharibə edirdi. Müharibələr dövlətləri zəiflətdiyi kimi azad düşüncəli şəxslərin rahat gedib-gəliş imkanını da artırırdı. Filosoflar azad şəkildə görüşüb müzakirə edir, fikirlərini bölüşürdülər. Təsadüfi deyil ki, Sun Çu qərbdə “Müharibə sənəti” kimi məşhurlaşan “Ustad Sunun hərb metodları” kitabını bu dövrdə yazmışdı. Bu dövrdə “100 Düşüncə Məktəbi” adlanan fəlsəfi məktəblər yaradılmışdı. Bunlardan əsaslarını qeyd etmək yerinə düşər:

• Özünüinkişaf düşüncə məktəbi – insanın özünü əxlaqi olaraq inkişaf etdirə biləcəyinə inanan düşüncə axımı idi. Bu fəlsəfə məktəbinin əsas nümayəndələri Konfutsi (hansı ki, bu fəlsəfəni sonra onun adı ilə Konfutsiçilik olaraq xatırlayacağıq) və Menqçi idilər.

• Qanunçu düşüncə məktəbi – daha sonra Leqalizm olaraq tanınacaq bu fəlsəfə dövlətçiliyin daha da güclənməsini, hökmdarın mütləq gücə sahib olmasını, hamıya əmr edə biləcək biri olmasını, bütün dünyanı ələ keçirməsini öyüdləyirdi. Qanunçulara görə hamı qanunun qarşısında bərabərdir – nazir də, kəndli də. Amma hökmdar qanundan üstündür.

• Yolçular məktəbi – adını “Yol” mənasına gələn Daodan (道) alan bu fəlsəfə daha sonra dinə çevriləcəkdi. Bu fəlsəfə daha çox insan sağlamlığı və ruhi rahatlığı ilə məşğul olurdu.

Bütün bunlardan əlavə Moistlər kimi fanatik sülhpərvərlər vardı – bu düşüncəyə görə başqasına ziyan verdinsə öldürülməliydin. Yinqyanqçılar, Məntiqçilər, İttifaqçılar kimi onlarla məktəbin olduğu bu dövrdə rəngarəng ideyaların arasında Yanq Çunun təlimi kəskin fərqlənirdi. Yanq Çu (杨朱) və ya Ustad Yanq kimi tanınan çinli filosof eramızdan əvvəl V-IV əsrlərdə yaşayıb. Ondan sonrakı davamçıları isə Yanq Çu düşüncə məktəbini (楊朱學派) və fəlsəfi axımını başladıb. Ondan və tələbələrindən bizə nəsə gəlib çatmayıb. Bizə çatanların çoxu rəqiblərinin çatdırdıqlarıdır. Yanq Çunun düşüncəsinə görə insan sadəcə özünü düşünməlidir. Başqası üçün əziyyət çəkib çalışarsa, sadəcə özünə qarşı cinayət işləmiş olar. Onu ən çox tənqid edənlər biri də Konfutsinin tələbəsi Menq Ke (孟軻) idi. O Yanq Çunu bu sözlərlə tənqid edirdi – “O dünya dağılsa belə qurtarmaq üçün saçından bir tük qurban verməz!”

Bununla belə Yanq Çunun fəlsəfəsi təkcə eqoizm və vecsizlik üzərinə qurulmamışdı. Bu fəlsəfəyə görə insan vəzifə dalınca qaçmamalı, var-dövlət yığmamalı, pulgir olmamalı, uzun həyat arzusunda olmamalıdır. İnsanın üzünə sərt şilləni vururdu – bədxah kəslər adətən yaxşı insanlardan daha zövqlü və uzun bir həyat yaşayır. Bu düşüncəyə görə “hamı sonda öləcək – elə isə bu qədər əziyyət nəyə lazım? Ən yaxşısı həyatdan zövq almaqdır”.

Yanq Çu dini və dövləti bir tuturdu – bunları önəmsiz sayırdı. Ölümdən sonrakı həyat barədə düşünməyə dəyməz, dövlət isə bir qurum kimi mövcud olmamalıdır deyirdi. Hərbi xidmətə qarşı idi. Konfutsinin tələbəsi bu dinsizliyə çox qəzəblənmişdi

“Bu aralar dünya Yanq Çu və Mo Ti-nin sözləriylə dolub-daşır. İnsanlarla azca söhbət edən kimi görürsən ki, ya birinin, ya da o birinin düşüncəsini qəbul ediblər. Yanqın prinsipi budur – “Hərə özünü düşünsün”. Yəni hökmdara itaətsizliyi təbliğ edir. Monun prinsipi “Hamını bərabər şəkildə sev”dir – bu da ataya olan məhəbbəti inkar edir. Hökmdarı və ya atanı vecinə almamaq vəhşi heyvan olmaqla eyni şeydir. Əgər onların düşüncələri dayandırılmasa… onların əxlaqsız sözləri insanları yoldan çıxaracaq… mən onların fahişəsayağı ifadələrini susdurmağa çalışıram ki, bu əxlaqsız şəxslər özlərini üzə çıxara bilməsinlər”.

Mənim fikrimcə isə Yanq Çu hər şeydən öncə bir fərdiyyətçi idi. O, spiritualist deyildi, ruhun enerji vasitəsilə bədəndən ayrılıb özümüzdən daha üstün canlı yaradacağımıza inanmırdı. O, bədənini olduğu kimi qəbul edirdi. Gəncliyi doya-doya yaşamalısan, ölüm axır-əvvəl səni tapacaq. O, sadə narsist kimi demirdi ki, “qoy mən sağ olum, cümlə cahan batsa da, batsın!” Əksinə, o, hamı öz həyatından zövq alsın və rahat yaşasın ki, mən də rahat olum deyirdi. Yanq Çu indiyəcən öz fərdiyyətinin mənasına enməmiş və özünü imperator yolunda ölümə həsr etmiş kəndli çinliyə öz şəxsiyyətini xatırlatmışdı.

Yanq Çunun haqqında bu qədər məlumat yetər. Onsuz da çox geniş bilgimiz də yoxdur. Amma yazılarından sitat gətirmək olar:

Həyatımızın limiti 100 ildir. Hər 1000 adamdan 1-i heç bu qədər yaşamır. Bir adam təsəvvür edin. Uşaqlıq və qocalıq onun demək olar ki, həyatının yarısını alacaq. Bir hissəsi yatmaq, bir hissəsi oyanmaqdan ibarət olan vaxt da o yarının yarısını alacaq. Ağrı və xəstəlik, kədər və əzab, qohumların ölümü, qorxu və narahatlıq da yarının digər yarısını alacaq. 10, yaxud bir çox il qalır, nədənsə narahat olmadan tam xoşbəxt keçirdiyimiz bir an olmur.

Bu halda həyat nə üçündür? Bunda nə hikmət var? Gözəllik və bol yemək, təkcə bu. Musiqi və seks, təkcə bu. Amma gözəllik və bol yemək həmişə mümkün olmur və musiqi ilə seks də hər zaman zövq vermir. Üstəgəl biz cəzalar tərəfindən təhdid edilirik və mükafatlarla aldadılırıq. Biz daima kiçik bir tərif üçün çalışırıq – hansı ki, müvəqqətidir – və şöhrət istəyirik, hansı ki, öləndən sonra gələcək. Biz təkik, qulaqlarımızın nə eşitdiyinə, gözlərimizin nə gördüyünə önəm veririk, bədənimiz və düşüncəmiz üçün nəyin yaxşı, yaxud pis olduğuna baş sındırırıq. Buna görə də indiki anın zövqünü dada bilmirik və özümüzə vaxt ayırmırıq. Bütün bunların zəncir və ikiqat həbsxanadan nə fərqi var?

Əcdadlarımız bilirdilər ki, hər məxluq bir gün doğulur və bir gün öləcək. Ona görə də onlar öz ürəklərini dinlədilər və zövq aldıqları şeyləri etdilər. Həyatları boyu şöhrəti axtarmadılar, ancaq öz təbiətlərini izlədilər. Onlar ölümdən sonrakı titullar üçün çalışmadılar. Onlar başqalarının gözlərində düşməkdən qorxmurdular, onlar şöhrət, vəzifə və rüşvət üçün də çalışmırdılar. (列子 – Lie Çu, fəsil 7)

Bu Yanq Çu tələbəsinə baxın! Onun prinsipi təhlükəli şəhərlərə getməmək, orduda xidmət etməmək, dünyanın xeyri üçün bir tükünü belə tərpətməməkdir. Hökmdarlar isə onu izləyir və ona yer verir. Onlar onun bilgisinə dəyər verir və ona hörmət edir, çünki, o, sadə şeylərə önəm vermir və həyatı sevir (韓非子 – Han Fei Çu, fəsil 50)

Yanq Çu, Lu-da səyahət edərkən Menq Sunq Yanq ilə görüşdü. Menq ona dedi:

⸺ İnsan insandır, elə isə niyə insanlar hələ də şan və şöhrət haqda düşünürlər?

⸺ Onlar bunu varlı olmaq üçün edirlər.

⸺ Bəs onlar varlı olduqdan sonra niyə dayanmırlar?

⸺ Onlar şərəf və rütbə almaq istəyirlər.

⸺ Bəs onlar buna çatdıqdan sonra niyə yorulmurlar?

⸺ Onlar ölümü düşünürlər.

⸺ Necə ola bilər ki, onlar öləndən sonrasını da düşünsünlər?

⸺ Onlar sonrakı nəsillərini də düşünürlər.

⸺ Axı onun şöhrətindən onun nəslinə nə?

⸺ Şöhrətdən ötrü onlar hər cürə maddi və mənəvi əzaba dözürlər. Öz görkəmlərindən ailələrinə sərf edirlər, hətta vətəndaşları belə bundan faydalanır.

Gör hələ onun davamçıları nə qədər istifadə edir! Şan və şöhrətlə maraqlanmayan kasıbçılığa üz tutur və özünü camaata göstərməyən də təvazökar olmalıdır. Axmaq şöhrətə çatmaq üçün həqiqəti qurban verir. Amma daim şöhrət üçün çalışan biri sonda heç nəyin onu ölüm və təhlükədən qurtara bilməyəcəyini başa düşəndə dəhşətə düşür, həmçinin rahatlıqla zövq və kədərlə yas arasındakı fərqi öyrənə bilmir. (列子 – Lie Çu, fəsil 7)

Tsin Ku Li, Yanq Çudan soruşdu:

– Əgər bədənindəki bir tükün əskik olmasıyla dünyaya xeyir versəydin, bunu edərdinmi?

– Dünya heç vaxt bir tüklə düzəlməz.

– Fərz edək ki, düzələcək. Bunu edərdinmi?

Yanq Çu ona cavab vermədi.

Menq Sunq Yanq dedi:

– Sən Ustadın qəlbinin dərinliklərinə vara bilmədin. Qoy mən onun yerinə deyim. Əgər dərinin bir hissəsinə görə sənə 1000 qızıl təklif etsəydilər, verərdin?

– Verərdim.

– Əgər bir orqanının əvəzində sənə dövlət bəxş etsəydilər necə? Tsin Ku Li bir müddət susdu.

Menq Sunq davam etdi:

– Bir tük bir dəri parçasından daha əhəmiyyətsizdir. Bir dəri parçası bir orqandan daha əhəmiyyətsizdir. İndi gəl düşünək ki, o qədər tük verdin ki, bir dəri parçasına bərabər oldu, o qədər dəri verdin ki, bir orqana bərabər oldu. Elə isə bir tükü necə önəmsiz saymaq olar? (列子 – Lie Çu, fəsil 7)

Hər bir canlı fərqli yaşayır amma eyni ölür. Bəziləri ağıllı, bəzilər axmaq yaşayır, bəziləri şərəfli, bəziləri şərəfsiz yaşayır. Amma ölümdə çürümə və iylənmə eynidir. Bəziləri 10 yaşında ölür, bəziləri 100 yaşında. Müdriklər və xeyirxahlar ölür, axmaqlar və qəddarlar da ölür. Onlar yaşayarkən Yao və Şun idilər, ya da Çie və Çou. Öləndə onlar fərqsiz sümüklərdirlər. Amma biz öz həyatımızdan zövq alaraq yaşasaq, ölümdən sonra bizi nəyin gözləyəcəyi barədə düşünməyə ehtiyacımız olmaz. (列子 – Lie Çu, fəsil 7)

Ana səhifəMənim FikrimcəÇin fəlsəfəsi