Cəmil Həsənli ilə Əli Kərimli Baş prokurora müraciət edib

““Pandorra sənədləri” ilə bağlı cinayət işi açılsın”

Source: Azadlıq Radiosu


"“Pandorra sənədləri” ilə bağlı cinayət işi açılsın"

"Azərbaycan Cinayət –Prosessual Məcəlləsinin 206-cı maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayətlər haqqında kütləvi informasiya vasitələrinin məlumatları cinayət işi başlamaq üçün əsaslardan biridir. Həmin Məcəllənin 215-ci maddəsinə əsasən, perzident Əliyev və ailəsinin “Pandorra sənədləri”ndə iddia edilən korrupsiya əməllərinin araşdırılması üzrə istintaq aidyyəti prokurorluğa aiddir".

Bu fikirlər Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənlinin və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin Baş prokuror Kamran Əliyevə müraciətində yer alıb.

Oktyabrın 18-də yayılan müraciətdə Korrupsiyaya və Mütəşəkkil Cinayətkarlığa qarşı Jurnalist Layihəsinin (OCCRP), BBC və “The Guardian” qəzetinin “Pandorra sənədləri” adlı araşdırmasına toxunulub.

Qeyd olunub ki, Azərbaycan prezidenti İlham Əliyevin ailəsi Britaniyada 429 milyon funt sterlinqdən (694 milyon dollar) çox dəyəri olan daşınmaz əmlak alqı-satqısında iştirak edib: "Sənədlərdə göstərilir ki, prezident Əliyev və ailəsi ofşor şirkətlərdən istifadə edərək Böyük Britaniyada 17 mülk əldə edib, o, cümlədən ölkə başçısının oğlu Heydər Əliyev hələ 11 yaşı olanda Londonun zənginlər yaşayan Mayfair məhələsində dörd binaya sahiblənib. 44.7 milyon dollarlıq blok 2009-cu ildə prezidentin ailə dostuna məxsus şirkət tərəfindən alınıb və bir ay sonra Heydər Əliyevin adına keçirilib. Sənədlərə əsasən həmçinin Əliyev ailəsi növbədənkənar president seçkiləri keçirilmiş 2018-ci ildə həmin binaya yaxın bir yerdə 67 milyon funt sterlinq dəyərində başqa bir binanı da kral ailəsinə satıb. Cənab Baş prokuror! Nəzərinizə çatdırırıq ki, əvvvəllər də vaxtaşırı olaraq Azərbaycan hakimiyyətində təmsil olunan yüksək vəzifəli şəxslərin “çirkli pulların yuyulması”, ölkədən böyük məbləğlərdə pul vəsaitlərinin ofşor firmalar vasitəsilə xarici ölkələrə çıxarılaraq mənimsənilməsi ilə bağlı həm OCCRP-nin araşdırmalarında, həm də bir çox nüfuzlu beynəlxalq nəşrlərdə məlumatlar dərc olunmuşdur. Sonuncu dəfə 2017-ci ildə Milli Şura hakimiyyətin yüksək eşolununda yer tutan vəzifəli şəxslərin beynəlxalq araşdırmaçı jurnalsitlərin konkret bank sənədləri ilə aşkarlayıb yaydığı 3 milyardlıq oğurluq faktı ilə bağlı Baş Prokurorluğa müraciət etmiş, sözügedən korrupsiya faktlarının araşdırılmasını istəmişdir. Ancaq, təəssüf ki, Baş Prokurorluq bu vaxtadək nəinki həmin və digər oxşar müraciətlərin hər hansı birinə qanunvericiliyin tələb etdiyi tərzdə reaksiya verib, araşdırmalara başlamış, hətta əksinə ümumiyyətlə bizim bu müraciətlərimizə cavab belə verilməyib".

Tərəflər təqdim etdikləri faktların çox ciddi araşdırmaların aparılmasını tələb edir: "Həmin faktlar Azərbaycan dövlətini ölkənin daxilində və xaricində təmsil edən bir şəxsdən – prezident və onun ailəsindən getdiyindən, o cümlədən milyonlarla məbləğə alqı-satqı edilən daşınmaz əmlakların qanuni yolla əldə edilmiş vəsait hesabına alınması kifayət qədər şübhə doğurduğundan, eləcə də prezindent və ailə üzvlərinin mənbəyini, növünü və məbləğini göstərməklə hər il öz gəlirləri barədə hər hansı bir məlumat təqdim etmədiyi şəraitdə sözügedən faktlarla bağlı Baş Prokurorluq tərəfindən cinayət işi başlanmalı, tam, hərtərəfli və obyektiv istintaq aparılaraq, təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin edilməlidir. Azərbaycan Respublikasının müvafiq daxili qanunvericiliyi də məhz bunu tələb edir. "Prokurorluq haqqında” Qanunun 5-ci maddəsinə əsasən prokurorluq öz fəaliyyətini qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi, obyektivlik, qərəzsizlik və faktlara əsaslanma və ən nəhayət, siyasi bitərflik prinsipləri üzərində qurur. Həmin qanunun 17-ci maddəsində deyilir ki, prokurorluq cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş qaydada və hallarda cinayət işləri başlayır və ibtidai istintaq aparır. "Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 11-1.1-ci maddəsinə əsasən korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat hər bir şəxs tərəfindən yazılı (o cümlədən elektron) və ya şifahi formada verilə bilər.Cinayət –Prosessula Məcəlləsinin 207.1.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki və ya hüquqi şəxs tərəfindən daxil olmuş, habelə onun səlahiyyətlərinə aid olan və kütləvi informasiya vasitələrində əks etdirilmiş və təsdiq edən sənədlərlə birgə təqdim edilmiş məlumatı dərhal qeydə almaq və ona baxmaq istintaq orqanının vəzifələri sırasına aiddir".

Sonda Baş Prokurorluğun cinayət işi başlaması, Prezident və ailə üzvlərinin Londondakı mülklərinin hansı vəsait hesabına əldə olunmasının müəyyən edilməsini və təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilərərk, cəzalandırılması, araşdırmanın gedişi və nəticələri barədə Azərbaycan xalqının ətraflı məlumatlandırılması tələb olunur.

Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu (The International Consortium of Investigative Journalists – ICIJ) oktyabrın 3-də "Pandora Sənədləri" araşdırmasını yayıb.

Araşdırma 35 indiki və keçmiş dövlət başçısının, eləcə də 300-dən çox məmurun adlarını əhatə edir.

"Pandora Sənədləri" məxfiliyini qorumaq istəyən hər bir kəsə uzaq yurisdiksiyalarda gizli şirkətlər qurmağa kömək edən 14 ofşor xidmət təminatçısından – sızdırılmış milyonlarla faylın araşdırılmasının nəticəsində ortaya çıxıb.

Dünyanın hər yerindən olan media tərəfdaşları, aralarında 30-dan çox dünya liderinin olduğu çox zəngin və güclü şəxslərin məlumatlarını təhlil etmək və onların hekayələrini üzə çıxarmaq üçün aylarla əməkdaşlıq edib.

Araşdırmada Azərbaycan Prezidenti İlham Əliyev və yaxınlarının ofşor şirkətlər vasitəsilə Böyük Britaniyada, əsasən də Londonda təxminən 700 milyon dollarlıq əmlak əldə edildiyi iddia olunur.

Bir sıra şirkət İlham Əliyevin 2003-cü ildə ilk prezidentlik dövrünün başladığı müddətdə qeydiyyata alınıb.

Dövlət başçısı İlham Əliyev oktyabrın 13-də “La Repubblica” qəzetinə müsahibəsində “Pandora Sənədləri” barədə suala cavab verib.

O bildirib ki, siyasi konyunkturadan asılı olaraq Qərbdə bəzi qüvvələr vaxtaşırı Azərbaycanı gözdən salmaq, onun mövqeyini zəiflətmək üçün bu cür iftiralardan və böhtanlardan istifadə etməyə çalışır: “Aydındır ki, bu, jurnalist araşdırması deyil. Məlumdur ki, bunun arxasında kim dayanır. Aydındır ki, nəyə görə Azərbaycanın da adı çıxır. Mən başqaları haqqında bilmirəm".

İlham Əliyev bütün biznesini övladlarına ötürdüyünü

deyib

: "Onlar isə səylər göstərib biznesi davam etdirirlər. Onların əsasən Azərbaycanda sərmayələri var. Onların Azərbaycandan kənarda sərmayələri var. Onların bütün biznes fəaliyyəti şəffafdır və beynəlxalq səviyyədə auditdən keçir və heç kəs burada bir şeyin səhv olması iddiası ilə çıxış edə bilməz”.

Ana səhifəXəbərlərCəmil Həsənli ilə Əli Kərimli Baş prokurora müraciət edib