Cəlilabadda həbs olunan Qarabağ qazisi azadlığa buraxıldı

Apelyasiya məhkəməsi əvvəlki qərarı ləğv edib

Source: Meydan Tv


Apelyasiya məhkəməsi əvvəlki qərarı ləğv edib

Həbs olunan Qarabağ qazisi Aydın Ağazadə martın 5-də azadlığa buraxılıb. Şirvan Apelyasiya Məhkəməsində Rafiq Cəfərovun sədrlik etdiyi hakimlər kollegiyası bu barədə qərar çıxarıb.

Cəlilabad Rayon Məhkəməsi fevralın 2-də Aydın Ağazadəni Cinayət Məcəlləsinin 177.2.1 (əlbir olan bir qrup şəxs tərəfindən oğurluq), 177.2.3 (yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq) və 234.2 (satış məqsədilə narkotik maddə daşıma) maddələrilə təqsirli bilmişdi. Söhbət 2019-cu ilin iyununda elə Cəlilabadda baş vermiş ev oğurluğundan gedir. Evdən 3600 manatlıq qızıl-zinət əşyaları oğurlanıb. Aydın Ağazadə bu cinayətdə üç nəfər təqsirləndirilən şəxsdən biri olub. O, istintaq və məhkəmə dövründə həbsdə olmayıb, barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib. İstintaq altında olduğu müddətdə onun barəsində narkotik saxlama ilə bağlı yeni cinayət işi başlanıb və əvvəlki işə birləşdirilib.

Sentyabrın 28-də müharibəyə yollanan 30 yaşlı Aydın Ağazadə Füzuli, Cəbrayıl və Qubadlı uğrunda döyüşlərdə iştirak edib. Oktyabrın 24-də elə Qubadlıda da yaralanıb. Bir müddət hospitalda müalicə olunan Aydın Ağazadənin bədənində hələ də qəlpə var.

O, müharibədən sonra “Cəsur döyüşçü“, “Cərayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına” görə medalları ilə təltif edilib.

Qarabağ qazisinin həbsi barədə məlumat mediada yayılandan sonra prokurorluq onun xidmətlərinin nəzərə alınması və cəzasının yüngülləşdirilməsi üçün apelyasiya protesti vermişdi. Protestə baxan Şirvan Apelyasiya Məhkəməsi də onu eyni maddələrlə təqsirli bilib. Lakin ona həbslə bağlı olmayan cəzanın verilməsi qərara alınıb.

Qarabağ qazisinin atası Nəbi Ağayev Meydan TV-yə bildirib ki, oğlunun müalicəyə ehtiyacı var, hələ də bədənində qəlpə gəzdirir: “Ayağından yaralanıb. Sağ budunda, çanağa yaxın yerdə hazırda da qəlpə var. Əməliyyat olunanda həkimlər çıxarmayıblar. Deyiblər ki, qəlpə sinirlərin arasındadır. Bəlkə bir müddət keçəndən sonra yerini dəyişər, onda çıxararıq. Sol bazu nahiyəsindən də xəsarət alıb. Qolu çıxır. Bir müddət sonra yenidən əməliyyat olunmalıdır”.

Aydın Ağazadənin iki azyaşlı qızı var.

Ana səhifəXəbərlərCəlilabadda həbs olunan Qarabağ qazisi azadlığa buraxıldı