Bu il öldürülən 33 qadından biri- Əvvəlcə döyülüb, sonra 7 bıçaqla öldürülüb

Bu il öldürülən 33 qadından biri- Əvvəlcə döyülüb, sonra 7 bıçaqla öldürülüb

Fəridə Qasımova ailə həyatı quranda 17 yaşı vardı. Məktəbdə yaxşı oxuyurdu və təhsilini davam etdirmək istəyirdi. Valideynləri deyir ki, qohumları elçi gəldi deyə, qızlarına yaxşı baxacaqlarını düşünüb evliliyə razılıq verdilər. Qız isə bu evliliyə razı deyildi.

Fəridə istəməsə də, 2009-cu ildə nikah baş tutur və 12 il sonra bu evlilik qətl ilə bitir.

Hadisə bu il 1 fevralda baş verib. F.Qasımovanın yoldaşı Etibar Qasımov onu əvvəlcə döydüyünü, daha sonra 7 bıçaq zərbəsi ilə qətlə yetirdiyini məhkəmədə etiraf edib.

Valideyn deyir, qızı öldürüləndən sonra öyrənib ki, yoldaşı onu tez-tez döyürmüş. Qızı isə bu haqda ona heç nə demirmiş.

İş ilə bağlı Ağır Cinayətlər Məhkəməsində proses bitmək üzrədir. Valideyn öncə istintaqdan, daha sonra məhkəmə hakimindən narazıdır. O deyir ki, qızının işinə Cinayət Məcəlləsinin amansızlıqla qətlə yetirmə maddəsi ilə baxılmalı olduğunu, amma istintaqın “qəsdən adam öldürmə maddəsi” ilə cinayət işi açdığını deyir. Onlar məhkəmədə vəsatət verib işin yenidən istintaqa qaytarılmasını istəsələr də, hakim vəsatəti təmin etməyib. Prokuror təqsirləndirilən şəxs Qasımov Ehtibara 14 il azadlıqdan məhrumetmə cəzası istəyib.

İstintaqdan narazı qalan valideynlər Bakı şəhər Baş Prokurorluğunda qəbula gəliblər. Onlar Kamran Əliyevlə görüşmək istəsələr də, özünü təqdim etməyən müstəntiq onlarla dəhlizdə görüşüb, bu işin onların səlahiyyətində olmadığını bildirib.

Tərgül Əcəmova deyir ki, qızı qətlə yetirilən zaman orada qaynanası və qaynının yoldaşı olub. Onlar məhkəməyə şahid qismində çağırılsalar da, gəlməyiblər.

Mərhum Fəridə Qasımovanın qaynanası Sevda Qasımova sualımızı eşidəndən sonra dəstəyi asıb. Məhkəməyə təqsirləndirilən şəxs qismində cəlb olunan Qasımov Ehtibarın vəkili İkram Seyidov suallarımıza cavab verməkdən imtina edib.

Məhkəmə prosesi 22 sentyabra təxirə salınıb. Hakim bildirib ki, gələn prosesdə hökm oxunacaq.

Baş Prokurorluğun məlumatına görə bu ilin 6 ayı ərzində 33 qadın qəsdən öldürülüb. Məlumatda qeyd olunur ki, qadına qarşı zorakılıq halları ilə üzləşdikdə vətəndaşlar dərhal Baş Prokurorluğun “961" Çağrı Mərkəzinə müraciət etsinlər.

Ana səhifəVideoBu il öldürülən 33 qadından biri- Əvvəlcə döyülüb, sonra 7 bıçaqla öldürülüb