Yunis Səfərov

Source: Meydan TV

Caption: Yunis Səfərov

“Bu, Elmara görə qisas idi, qardaşımı başından vurmuşdular...”

Gəncədə icra başçısına qarşı sui-qəsdə görə təqsirləndirilən, amma öldürülənlərin yaxınları danışır

Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevə qarşı sui-qəsdə görə həbs olunan şəxslərdən yalnız Yunis Səfərov bu əməli törətdiyini etiraf edir. Digərləri günahsız olduqlarını, sadəcə, Y.Səfərovu tanıdıqlarına görə həbs olduğunu bildirir. Həbs olunanlardan Cəfər Zalov və Ceyhun Qubadov oktyabrın 27-də məhkəmədə ifadələrində bu barədə danışıblar.

Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyilə baxılır. Budəfəki məhkəmə iclasında əvvəlcə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı İftixar Rüstəmov şahid qismində dindirilib. O, bu cinayət işində təqsirləndirilən şəxs qismində tanınsa da, özü həyatda olmayan Ağa Sərxaninin öldürülməsi barədə ifadə verib. O, etiraf edib ki, özü atəş açaraq, A.Sərxanini öldürüb.

İ.Rüstəmovun sözlərinə görə, iki gün A.Sərxanini axtarandan sonra onun qaldığı evi tapıblar. Həmin evə də üç nəfər gediblər. Mülki geyimdə olsalar da, üçü də silahlı gedib. Onun sözlərinə görə, A.Sərxani polislərin gəldiyini biləndə evdə heç kimin olmadığı görüntüsünü yaratmaq istəyib, işığı, televizoru söndürüb: “Biz bunu gördük. Əvvəlcə onu çağırdıq, qapını açanda bizi söydü. “Yezidin balaları” deyib qışqırırdı. Silahla bizə iki dəfə atəş açdı...”

İ.Rüstəmovun sözlərinə görə, A.Sərxani silahlı müqavimət göstərdiyinə görə onu zərərsizləşdirmək üçün üç dəfə atəş açıb. Onu da əlavə edib ki, hadisə vaxtı evdə A.Sərxanidən başqa heç kim olmayıb.

A.Sərxaninin həyat yoldaşı Sevinc Sərxani isə şahid polisin yalan danışdığını bildirib. Onun sözlərinə görə, həyat yoldaşının silahı olmayıb: “Siz neçə-neçə günahsız adamın üzünə durub, yalan danışanlarsız. Daha bir yalanı da burada danışmaq sizə görə heç nəyi dəyişmir. Onun silahı olmayıb. Siz onu öldürməyə getmişdiniz elə...”

Daha sonra təqsirləndirilən Cəfər Zalov və Ceyhun Qubadov ifadə verib.

C.Zalov bildirib ki, Yunisi hazırda təqsirləndirilən şəxslər arasında olan Hamlet Abdullayevin yanında görüb tanış olub. Usta olduğunu bildirən C.Zalovun sözlərinə görə, günlərin birində şəhərdə təsadüfən qarşılaşıblar: “Yunis dedi ki, ev axtarıram, kömək eləyə bilərsən? Fikirləşdim ki, namaz qılan adamdır, həm də Hamletin tanışıdır. Dedim, eləyərəm. Firudinin evi vardı, özü həbsdə idi deyə, açar məndə idi. Bir neçə gün orada qaldı, sonra Əhmədlidə ev tapdıq, ora köçdü”.

C.Zalov həbs olunduqdan sonra Baş Mütəşəkkil Cinayətklarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qalmasından da danışıb: “On gün orada zülm elədilər. Sonradan istintaq təcridxanasına köçürülsəm də, arada yenə aparıb-gətirirdilər. Mənə orada dəhşətli işgəncə verirdilər. Əsas işgəncə verən hündür, dolu bir adam idi. Döyürdülər, bədənimə tok verirdilər. Huşumu itirirdim. Ancaq hazır ifadələri imzalamağı tələb edirdilər. Elə vəziyyətdə idim ki, deyirdim, nə varsa, verin qol çəkim. Müstəntiq Orxan Hacıyev mənə dedi ki, nəsə düşün, yazaq ki, silah sənə hardandır? Mənim qardaşım şəhid olub. Ağlıma gəldi deyim ki, onun silahı idi, Yunisə vermişəm. Yəni yazılanların hamısı uydurmadır. Vəkilim də olmayıb. Bir dəfə döyüləndə bir nəfər gəldi ki, sənin vəkilinəm, ondan sonra həmin adamı görmədim. Adını da bilmirəm”.

Digər təqsirləndirilən C.Qubadov da Yunisi uzun illərdir tanıdığını, amma onun işlərindən xəbərsiz olduğunu söyləyib. C.Qubadov da işgəncəyə məruz qaldığını məhkəmənin nəzərinə çatdırıb.

Vəkil Zibeydə Sadıqova vəsatət qaldıraraq, məhkəmənin işgəncə şikayətlərini araşdırmasını istəyib. Hakim Əfqan Hacıyev bildirib ki, bütün təqsirləndirilən şəxslər dindiriləndən, onların hamısının şikayətləri eşidiləndən sonra məhkəmə prokurorluğa məktub göndərib, bu məsələnin araşdırılmasını tələb edəcək.

Təqsirləndirilən şəxs qismində tanınan, lakin saxlanılarkən öldürülənlərdən biri də Anar Bağırovdur. Onun bacısı Aynur Bağırova hüquqi varisi qismində məhkəmədə çıxış edərkən qardaşının təqsirsiz olduğunu bildirib: “2017-ci ildə Yunis polisin silahını götürüb qaçanda axtarışa verilmişdi. Həmin vaxt Yunisi tanıyanların hamısını tutub işgəncə vermişdilər. Mənim qardaşıma, Hamletə və başqalarına. Onda buraxılanda Anar anama dedi ki, məni bir də tutsalar, dözməyə canım yoxdur. Ona görə Elmar hadisəsindən sonra Bakıya gəldi. Fəhləlik eləyirdi. Kimsə demişdi ki, Binəqədidə iki manata gecələmək üçün yer var. Anar da onunla işləyən bir nəfərlə birlikdə gedib orada qalırdı. Gəliblər, həmin adamı çölə çıxarıblar, içəridə Anarı güllələyiblər. Birbaşa başından vurublar. Yıxılandan sonra da yerdə üç güllə vurublar. Bu, Elmara görə alınan qisas idi. Öldürəndən sonra da bizə heç nə deməyiblər. Biz də öldüyünü bilmədən Gəncədə Kəpəz Rayon Polis Şöbəsinə getmişik ki, xəbər bilək. Vüqar adlı rəis vardı, bizə çox pis davrandı, ağzına gələni danışırdı ki, cinayətkarın dalınca niyə gəlmisiz? Sonradan o adam Anarın meyitinin gətirilməsi üçün bizdən 500 manat pul istədi. Hətta atamın yanında dəfn eləməyə də icazə vermirdilər. Deyirdilər ki, bu cür tərbiyə verdiyinə görə anasını belə cəzalandırmaq lazımdır. Bizim xəbərimiz olmadan, gizlicə basdırdılar. Bu gün Azərbaycanda mənə elə bir hakim göstərin ki, bu işə ədalətli baxacaq. Elə bir hakim, məhkəmə yoxdur. Bu adamı cavan yaşında öldürdülər, cavabını kim verəcək?”

Məhkəmə prosesi oktyabrın 29-da davam edəcək.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/o506vl

Most Viewed