BŞBPİ aksiyanı işıqlandıran jurnalistləri qınayıb

Təkbaşına aksiya keçirən ictimai fəalla birgə jurnalist də polis təzyiqi ilə üzləşib

Polis. Foto: DİN


Təkbaşına aksiya keçirən ictimai fəalla birgə jurnalist də polis təzyiqi ilə üzləşib

İyunun 2-də ictimai fəal Gülnarə Mehdiyeva Təhsil Nazirliyi qarşısında təkbaşına aksiya keçirib.

Gülnarə Mehdiyeva bir gün əvvəl nazirliyin qarşısında aksiya keçirən tələbələrin saxlanılmasına etirazını bildirib.

O deyib ki, Təhsil Nazirliyinin tələbələrin aksiyasından qorxması və tələbələri polisə təslim etmələri rəzalətdir:

“Mən Azərbaycan vətəndaşı kimi Təhsil Nazirliyinin yerinə xəcalət çəkirəm. Əgər bir xalq tələbəsinə sahib çıxa bilmirsə, utanmalıdır. Təhsil Nazirliyi 3-5 tələbənin etirazından qorxursa, ləğv olunmalıdır. Belə nazirliyin varlığı məsxərədir. Təhsil Nazirliyi tələbəyə xidmət etmək üçün olmalıdır, tələbənin həbs etdirmək üçün yox. Ona görə nazirliyin qarşısına utandığımı ifadə etmək üçün gəlmişəm. Düşündüm ki, nazirliyin və polisin absurd hərəkətinə etiraz etmək mənim mənəvi borcumdur”.

G.Mehdiyeva 15 sutka inzibati cəza alan Rüstəm İsmayılbəylinin həbsini absurd sayıb:

“Məsələ ondadır ki, Rüstəm İsmayılbəyli öz xoşuyla nazirliyin binasına daxil olmuşdu və onu polisə təslim etdilər. Ona müqavimət ittihamı isə ayıbdır. Bütün bunlar tələbələri qorxutmaq məqsədi daşıyır. Məsələ ondadır ki, tələbələr keçirilməyən dərslərə ödəniş etməməlidir. Bu baxımdan nazirliyin tələbələrə dəstək verənləri polisə təslim etməsi böyük bir tərbiyəsizlikdir”.

101695567_568483430771323_6022539249964810240_n.jpg
Gülnarə Mehdiyeva

Sonra yaxınlıqdakı polislər jurnalistlərin Gülnarə Mehdiyevaya yaxınlaşmasına etirazlarını bildiriblər. Aksiyaçı məsafəli dayandığını bildirib. Ardınca 4-5 polis əməkdaşı yaxınlaşaraq aksiyanı yayan jurnalistləri ərazidən uzaqlaşdırıblar və onları karantin qaydalarını pozmaqda ittiham ediblər. Bundan sonra Gülnarə Mehdiyeva, Rəbiyyə Məmmədova və jurnalist Nərgiz Absalamovanı polis maşınında aparıblar. Onlar 18-ci Polis Bölməsində 3 saxlanılıblar, izahat alınandan sərbəst buraxılıblar.

Ardınca Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev hər iki aksiya ilə bağlı açıqlama yayıb.

O, xüsusi karantin rejim, sanitariya-gigiyenanın həssas dönəmində toplantıların, aksiyaların keçirilməsinə məhdudiyyət tətbiq olunduğunu deyib:

“Həmin aksiyaları işıqlandıran jurnalistlər, iştirakçılarla birgə xüsusi karantin rejimi qaydalarına zidd olaraq, COVID-19 infeksiyasının həssas dönəmində sanitar-epidemioloji normaların pozulmasına zəmin yaradıblar. Bununla ali məqsədi həqiqəti yaymaq, peşəkarlıq meyarı obyektivlik olan jurnalistlər tətbiq olunan xüsusi karantin rejim qaydalarına etinasızlıq nümayiş etdiriblər. Jurnalistlər əhalinin sağlamlığının effektiv qorunması naminə ictimai yerlərdə sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan hallardan çəkinməli, vətəndaşlıq mövqeyi nümayiş etdirərək mövcud qaydalara əməl etməlidir”.

E.Hacıyev jurnalistlərə xitabən bildirib ki, bu ərəfədə hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə riayət etməyə çağırır.

Ana səhifəXəbərlərBŞBPİ aksiyanı işıqlandıran jurnalistləri qınayıb