Brejnevi öldürmək cəhdi

Öz növbəsində ekspertiza onun psixi cəhətdən sağlam olmaması barədə rəy verir.

Foto: Meydan Tv


İlyin sayılı saniyələr ərzində iki tapançadakı 16 güllədən 11-ni ata bilir

1969-cu il yanvarın 22-də sovet vətəndaşları Mərkəzi televiziya yayımlanan canlı reportaja baxırdılar. Moskvada iki kosmik gəminin – “Soyuz-4” və “Soyuz-5” heyətlərinin təntənəli qarşılanması mərasimi keçirilirdi. Həmin gəmilərin uçuşunun uğurla başa çatmasına xüsusi önəm verilməsi səbəbsiz deyildi.

Həmin ərəfədə sovet kosmonavtikası müəyyən durğunluq yaşayırdı. 1965-ci ilin martında kosmonavt Aleksey Leonov (“Vosxod-2”) dünyada ilk dəfə açıq kosmosa çıxdı. Amma müəyyən texniki nöqsanlarını və planlaşdırılan işlərlə bağlı perspektivsizliyini nəzərə alaraq “Vosxod” gəmilərindən imtina etmək, “Soyuz” gəmilərinin hazırlanmasını gözləmək qərara alındı.

Nəticədə pilotlu uçuşlarda iki ildən çox fasilə yarandı. Həmin dövrdə isə amerikalılar “Gemini” proqramı çərçivəsində 10 pilotlu uçuş həyata keçirdilər və o vaxta qədər sovet kosmonavtlarına məxsus olan bir sıra rekordları təzələdilər. 1967-ci il başlayanda ABŞ astronavtlarının sayı sovet kosmonavtlarından artıq iki dəfə çox idi.

Sovetlərin ən uzunmüddətli uçuşu (“Vostok-5“, Valeri Bıkovski) 4 sutka 22 saat 56 dəqiqə sürmüşdü. Amerikalılar bunu əvvəlcə 7 gün 22 saat 55 dəqiqəyə (“Gemini-5”, Qordon Kuper və Çarlz Konrad”, daha sonra isə 13 gün 18 saat 35 dəqiqəyə (“Gemini-7” Frenk Borman, Ceyms Lovell) qədər artırdılar.

Əgər Leonov cəmi 12 dəqiqə açıq kosmosda olmuşdusa, Yucin Sernan (“Gemini-9A”, Tomas Stafford ilə birikdə) 2 saat 8 dəqiqə oldu. Amerikalıların bir nailiyyəti xüsusilə önəmli idi: 1966-cı il martın 16-da iki kosmik aparatın – pilotlu “Gemini-8” (heyət: Nil Armstronq və Devid Skott) və pilotsuz “Agena-VIII” aparatlarının kosmosda birləşməsini həyata keçirdilər. Cəmi dörd ay sonra “Gemini-10” (Con Yanq və Maykl Kollinz) bu nailiyyəti yenidən təkrar etdi.

Kosmik uçuşlar lap əvvəldən SSRİ və Amerika arasında rəqabətə çevrildiyindən və prestij məsələsi olduğundan, sovet rəhbərliyi, əlbəttə, bu baş verənlərdən məmnun deyildi və pilotlu uçuşların bərpasını tələb edirdi. Bu tələsdirmənin rolu var idi, ya yox, amma “Soyuz” modelli kosmik gəminin ilk uçuşu faciə ilə yekunlaşdı.

1967-ci ilin aprelində nəzərdə tutulan plana görə, “Soyuz-1” (Vladimir Komarov) və “Soyuz-2” (Valeri Bıkovski, Aleksey Yeliseyev və Yevgeni Xrunov) gəmiləri bir-birinin ardınca kosmosa uçmalı və orada dünyada ilk dəfə olaraq iki pilotlu gəminin birləşməsini həyata keçirilməli idilər. Bundan sonra Yeliseyev və Xrunov öz gəmilərini tərk edərək birincisinə keçəcək və onunla Yerə qayıdacaqdılar.

Amma “Soyuz-1” uçuşa başlayandan problemlə üzləşdi. Günəş batareyaları panellərinin ikisindən biri açılmadı və aparat elektrik enerjisi ilə tam təchiz olunmadı. Dünyada kosmosa ikinci dəfə uçan ilk adam olan Vladimir Komarovun cəhdləri nəticə vermədikdə, uçuşu erkən yekunlaşdırmaq və “Soyuz-2”-ni göndərməmək qərara alındı. Amma geri qayıdan zaman naməlum səbəblərdən əsas paraşüt açılmadığından eniş aparatı böyük sürətlə yerə çırpıldı və Komarov həlak oldu.

Bundan sonra pilotlu uçuşlar daha ilyarım təxirə salındı. 1968-ci ilin oktyabrında bərpa edilən uçuşun məqsədi bir qədər dəyişdirildi. “Soyuz-2” gəmisi pilotsuz uçacaqdı, bir gün sonra qalxacaq pilotlu (Georgi Bereqovoy) “Soyuz-3” gəmisi isə kosmosda ona birləşəcəkdi. Amma həm texniki nöqsanlar, həm də kosmonavtın səhvi ucbatından birləşmə alınmadı.

Əvəzində üç ay sonra hər şey istənilən kimi baş tutdu, həm də daha əvvəlki plana qayıtmaqla. Yanvarın 14-də “Soyuz-4” (Vladimir Şatalov), ertəsi gün isə “Soyuz-5” gəmiləri (Boris Volınov Aleksey Yeliseyev və Yevgeni Xrunov) kosmosa qalxdılar. Yanvarın 16-da UTC vaxtı ilə 08.20-də iki gəminin birləşməsi baş verdi. Yeliseyev və Xrunov açıq kosmos vasitəsilə “Soyuz-4”-ə keçdilər. Bir gün sonra “Soyuz-4”, ertəsi gün isə “Soyuz-5” yerə qayıtdı.

Bununla da dünyada bir neçə ilkə imza atıldı. İlk dəfə iki pilotlu aparat kosmosda birləşdi, ilk dəfə 4 kosmonavtın olduğu orbital stansiya yaradıldı, ilk dəfə kosmosa bir aparatda qalxıb, başqa aparatda enmək baş verdi. Leonovun uçuşundan sonrakı 4 ilə yaxın müddətdə yalnız amerikalıların nailiyyətlərini izləyən SSRİ, nəhayət, daha bir yeniliyə imza atmışdı.

Təsadüfi deyildi ki, sovet rəhbərliyi bu uğuru layiqincə qeyd etmək qərarına gəldi. Yanvarın 22-də Moskvada təntənəli keçid və qəbul mərasimi planlaşdırılırdı, Kremlin qurultaylar sarayında böyük toplantı keçiriləcək, kosmonavtlara ali dövlət təltifləri verləcəkdi. Mərkəzi televiziya da kosmonavtların təntənəli keçidini canlı göstərirdi.

Amma qəfildən yayın kəsildi. Nəsə ciddi hadisənin baş verdiyi şübhəsiz idi və bunu tam gizlətmək mümkün deyildi. Çünki canlı yayından əlavə, küçələrdə də xeyli adam kosmonavtların pişvazına çıxmışdı. Ertəsi gün TASS agentliyi məlumat yayaraq kosmonavtlara atəş açıldığını bildirdi. Qərb mətbuatı isə hədəfinin sovet rəhbəri Brejnev olduğunu iddia edirdi. Əslində TASS da, Qərb mətbuatı da haqlı idi. Hədəf Brejnev idi, amma səhvən kosmonavtlara atəş açılmışdı. Atəş açan ordu leytenantı Viktor İlyin idi.

***

Viktor İvanoviç İlyin 1947-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərində anadan olmuşdu. Onun valideynləri alkoqolik idilər və Viktoru uşaq evinə tərk etmişdilər. Uşağı olmayan bir ailə onu övladlığa götürüb və böyüdüb.

İlyin peşəkar hərbçi deyildi. O, Leninqrad Topoqrafiya İnstitutunu bitirdikdən sonra çağırışçı olaraq həqiqi hərbi xidmətə aparılmışdı. İnstitutda hərbi kafedra olduğuna görə xidmətini əsgər kimi deyil, zabit kimi (kiçik leytenant), elə Leninqrad yaxınlığındakı Lomonosov şəhərində keçirdi.

Yanvarın 20-də axşam İlyin hərbi hissənin növbətçisinin köməkçisi kimi bir günlük növbəyə başlayır. Ertəsi gün hərbçilərin səhər yeməyi zamanı növbətçinin yeməkxanaya getməsindən sonra silah otağının açarı İlyinin əlinə keçir. O, bundan istifadə edərək iki “Makarov” tapançası və dörd güllə darağı götürərərk hərbi hissəni tərk edir.

Leninqrad hava limanına gələn İlyin Moskvaya bilet alır. O zaman dünya təyyarə terroru ilə təzə-təzə tanış olurdu, İsrail və Qərb ölkələrində bir sıra təhlükəsizlik tədbirləri görülməyə başlanılırdı. SSRİ-də isə belə tədbirlər hələ mövcud deyildi. Xüsusən də hərbi formada olan adam üçün iki tapançanı təyyarəyə keçirmək çətin olmadı.

original.jpg
Viktor İvanoviç İlyin

Bir versiyaya görə, kosmonavtların qarşılanması əvvəlcə yanvarın 21-nə təyin olunub, amma Leninin ölüm günü olduğundan bir gün təxirə salınıb. Başqa versiyaya görə isə qarşılanma elə yanvarın 22-də olacaqdı. Hər halda, İlyinə gecələmək üçün yer lazım olur və o, bir tanışının (və ya qohumunun) evinə gedir. O, ev sahiblərinə qəfil gəlişinin səbəbini kosmonavtları canlı görmək istəməsi ilə izah edir.

Hərbi hissədə isə İlyinin özü ilə silah da götürdüyünü bilmədiklərindan, onu öz qüvvələri ilə tapmağa çalışırlar. Hərbçinin xidmət yerini özbaşına, xüsusən də növbə vaxtı tərk etməsi ciddi pozuntu sayılırdı və hərbi hissə komandiri üçün ciddi başağrısı ola bilərdi. Buna görə də komandanlıq belə halları ört-basdır etməyə çalışırdı.

Yalnız axşam növbənin təhvil-təslim vaxtı iki tapança və dörd güllə darağının yoxa çıxdığı aşkar edildi və bundan sonra həm daha yüksək hərbi instansiyalar, həm də hüquq-mühafizə orqanları məlumatlandırıldı. Araşdırmalardan sonra İlyinin Moskvaya uçduğu ortaya çıxdı.

***

Viktor İlyinin qaldığı evin sahibi milis nəfəri idi. Həmin gün xidmətdə olmayan ev sahibi mülki formada evdən çıxdıqda, İlyin onun formasını geyinmək qərarına gəlir. Bu, onun işini xeyli asanlaşdırır. Çünki Dövlət Təhlükəsizlik Xidmətinin (KQB) əməkdaşları hərbi formada birini axtarırdılar, digər tərəfdən isə milis forması ona istədiyi yerdə mövqe tutmağa imkan verir.

Kosmonavtları gətirən kortejdə isə bir neçə avtomobil vardı. Tədbirin qəhrəmanları – Şatalov, Volınov, Yeliseyev və Xrunov birinci avtomobildə idilər. Hava şaxtalı olduğundan yolun xeyli hissəsi üstüörtülü maşında hərəkət etdilər. Yalnız “Udarnik” kinoteatrının yanında üstüaçıq avtomobilə keçdilər və onlar qarşılayan moskvalıları salamlaya-salamlaya Kremlə doğru irəlilədilər.

Kortejdəki digər maşınlar üstüörtülü idilər. İkinci maşında da kosmonavtlar vardı – daha əvvəl kosmosa uçan Valentina Tereşkova, Aleksey Leonov, Georgi Bereqovoy və Andriyan Nikolayev. Leonid Brejnev isə yalnız dördüncü avtomobildə idi.

Təbii ki, İlyinin hansı avtomobildə kimin olması barədə dəqiq məlumatı yoxdu. O, təxmin edir ki, ilk avtomobildə kosmonavtlar, ikincisində isə Brejnev olacaq və ikinci avtomobilə atəş açmağı planlaşdırır. Bunun üçün o, Kremlin Borovitski darvazası yaxınlığındaki mövqe tutur. Burada kortejin sürəti daha az olacağından atəş açmaq üçün əlverişli yerdir.

Saat 14.00-dan bir qədər keçəndən sonra İlyin kortejin yaxınlaşdığını görür. Birinci avtomobilin üstüaçıq olması onun üçün gözlənilməz olsa da, orada kosmonavtların gəlməsi öz təxmininin düzgünlüyünə inamını artırır. Artıq bir müddətdir ki, tapançaların qoruyucusunu qaldırıb, əllərində hazır tutub, amma kənardan görünməsin deyə, əllərini şinelin qollarına çəkərək saxlayıb. Soyuq havada belə poza təbii görünür.

İkinci avtomobil yaxınlaşdıqda İlyin hər iki əlini yuxarı qaldıraraq cəmi bir neçə metrdən atəş açmağa başlayır. Sayılı saniyələr ərzində iki tapançadakı 16 güllədən 11-ni ata bilir. Bundan sonra eskortdakılardan biri motosikletini onun üzərinə sürərək yerə yıxır və təhlükəsizlik əməkdaşları tərəfindən həbs olunur.

Atəş nəticəsində kosmonavtlara ciddi xəsarət toxunmadı. Ön oturacaqda oturan Bereqovoyu sınan şüşələr yüngül yaraladı, arxada oturan Leonovun isə güllə şinelinə sürtülür. Onlar az sonra Qurultaylar sarayında baş tutan təntənəli toplantıda iştirak etdilər. Əvəzində avtomobilin sürücüsü İlya Jarkov ağır yaralandı və 8 gün sonra vəfat etdi.

Elə həmin gün İlyinin ilk dindirməsi baş tutur. KQB sədri Yuri Andropovun da iştirak etdiyi sorğu-sualda İlyin Brejnevin xalqa zidd siyasət yürütdüyünü, onun əvəzinə bir başqasının, məsələn Mixail Suslovun rəhbər olmasının ölkə üçün daha faydalı olacağına inandığını söyləyir. O, ilk cavablarından etibərən müstəntiq Aleksandr Zaqvozdində qeyri-adekvat təsir oyadır.

Bir il davam edən istintaq Viktor İlyinə heç kəsin kömək etməməsi, terror aktını təkbaşına düşünüb həyata keçirməsi qənaətinə gəlir. Öz növbəsində ekspertiza onun psixi cəhətdən sağlam olmaması barədə rəy verir. 1970-ci ilin martında hərbi məhkəmə İlyini cinayət məsuliyyətindən azad edərək məcburi müalicəsi barədə hökm çıxarır.

Bu hadisədən sonra Leonid Brejnevin təmkinli davanışı diqqət çəkir. Əgər belə bir iş Stalinin başına gəlsəydi, xeyli həbs edilən və güllələnən olacağı şübhəsizdir. Xüsusən də nəzərə alsaq ki, İlyin Stalinin heç sevmədiyi, iki dəfə kütləvi “təmizləmə” apardığı Leninqraddan idi. Brejnev isə öz sələfi kimi paranoyaya uğramır, nə müdafiə, nə daxili işlər nazirlərini, nə KQB sədrini, nə də Leninqrad rəhbərliyindən kimsəni cəzalandırmır.

İlyin psixiatriya müəssisəsələrində 20 il keçirdikdən sonra 1990-cı ildə azadlığa buraxıldı. Mətbuatda, internetdə rast gəlinən son məlumatlara görə, indi də Sankt-Peterburqda (keçmiş Leninqrad) yaşayır.

Ana səhifəXəbərlərBrejnevi öldürmək cəhdi