Böyük Britaniya Azərbaycana minatəmizləmədə kömək edəcək

Rəsmi məlumatlara görə, 2020-ci il noyabrın 10-da döyüşlərin dayandırılması barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı bəyanatdan sonra mina partlayışı nəticəsində Azərbaycanın 24 vətəndaşı həlak olub, 100 nəfər yaralanıb

Source: Specify Source


Mütəxəssis işğaldan azad olunmuş ərazidə olub

Böyük Britaniyanın Azərbaycana humanitar minatəmizləmədə kömək edəcəyi deyilir.

"Turan" məlumatı Böyük Britaniya Krallığının Azərbaycandakı səfirliyinə istinadən yayıb.

Bildirilib ki, bu həftə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Müdafiə Nazirliyinin Partlayıcı Maddələrə qarşı Mübarizə İdarəsinin (CEDE) mütəxəssisi və Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları Füzuli rayonu ərazisində minalardan zərər çəkmiş hissələri araşdırıb.

"Səfərin məqsədi Britaniyanın bu ölümcül cihazlardan gələn təhlükəni aradan qaldırmaq üçün Azərbaycanla necə işləyə biləcəyini müəyyən etməkdir".

Rəsmi məlumatlara görə, 2020-ci il noyabrın 10-da döyüşlərin dayandırılması barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı bəyanatdan sonra mina partlayışı nəticəsində Azərbaycanın 24 vətəndaşı həlak olub, 100 nəfər yaralanıb:

"Ümumilikdə 2020-ci il də daxil olmaqla, Azərbaycanda 2439 nəfər müharibənin təhlükəli partlayıcı qalıqlarından zərər çəkib, onlardan 383 nəfər ölüb və 2056 nəfər yaralanıb".

Dağlıq Qarabağda Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Münaqişənin nizamlanması üzrə vasitəçilik missiyasını həyata keçirmək məqsədi ilə 1992-ci ildə ATƏT-in Minsk Qrupu yaradılıb. Minsk Qrupu 28 illik vasitəçiliyi dövründə tərəflər arasında barışıq üçün əhəmiyyətli tərəqqiyə nail ola bilməyib.

BMT 1993-cü ildə Azərbaycan ərazilərinin erməni qüvvələri tərəfindən işğal olunmasını tanıyan dörd qətnamə qəbul edib, amma bu qətnamələr icra olunmayıb.

2020-ci il sentyabrın 27-də isə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində növbəti dəfə ağır döyüşlər başladı.

44 günlük bu müharibə (İkinci Qarabağ Müharibəsi) və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ aldı.

10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Ana səhifəSiyasətBöyük Britaniya Azərbaycana minatəmizləmədə kömək edəcək