Bolqarıstan AB-ni Türkiyəyə miqrantlara görə ödəniş etməməkdə günahlandırıb

“Pulun niyə verilmədiyini başa düşə bilmirəm”

Source: Google

Bolqarıstanın Baş naziri Boyko Borisov Suriyadakı gərginliyin ardından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qatılaraq Avropa Birliyini (AB) 2016-cı ildə imzalanmış qaçqın müqaviləsinin pozulmasında günahlandırıb, – RFE/RL xəbər verir.

Hər iki lider martın 2-də Türkiyənin AB-yə yollarını açdığı yeni qaçqın dalğasını müzakirə etdikdən sonra jurnalistlərin suallarını cavablandırıblar.

Ərdoğan minlərlə qaçqın üçün “qapıları açmağa” haqq qazandırıb və AB-ni Türkiyəyə təxminən 4 milyon suriyalı qaçqının yerləşdirilməsi üçün 6 milyard avro (6,68 milyard dollar) ödəməməkdə ittiham edib.

“Biz 40 milyard avro (44,56 milyard dollar) xərcləmişik. Söz verilmiş 6 milyard avronu isə onlar [Brüssel] ödəmədilər”,- o deyib: “İndi deyirlər ki, 1 milyard [avro] ayıracaqlar. Kimə yalan danışırsınız? Biz artıq bu pulu istəmirik. Bu pulu özümüz tapacağıq”.

Borisov deyib ki, AB bu pulu Türkiyəyə verəcəyinə səs verib: “Pulun niyə verilmədiyini başa düşə bilmirəm”.

Avropa Komissiyası pulun tam şəkildə verildiyini deyir və qeyd edir ki, pul Türkiyə dövlətinə deyil, qaçqın yardım təşkilatlarına ödənib.

AB həmçinin yaxın illərdə daha bir neçə milyard avro ayırmağa hazır olduğunu bildirib. Almaniya kansleri Angela Merkel Almaniyanın Suriyanın daxilində Türkiyənin nəzarətində olan ərazilərdə qaçqın evləri tikməyə hazır olduğunu bildirib.

Martın 2-də Türkiyə hakimiyyəti 18 min miqrantın AB-yə keçməsi barədə məlumat verib.

“1,5 milyona yaxın insan İdlibdəki evlərini tərk edib və Türkiyə sərhəddinə yaxın ərazidədir. Təəssüf ki, AB ölkələri Türkiyənin doqquz ildir daşıdığı yükü başa düşə bilmirlər”,- Ərdoğan deyib.

Merkel Türkiyənin bu hərəkətini “qəbuledilməz” adlandırıb. AB-nin Miqrasiya Komissarı Margaritis Şinas (Schinas) heç kim “AB-ni şantaj edə və ya qorxuda bilməz”,- deyib.

Ərdoğanın administrasiyası martın 2-də deyib ki, prezient Merkel ilə telefonla danışıb və bildirib ki, Avropa da miqrantlarla münasibətdə “yükün ədalətli payını” almalıdır.

Ərdoğanın əsasən Əfqanıstan, Suriya və İraqdan olan qaçqınların AB-yə doğru getmələri barədə xəbərdarlıq etdiyi bildirilir.

“Onlar daha çox olacaq. Tezliklə bu say milyonlarla ifadə ediləcək”,- Ərdoğan deyib.

Ana səhifəDünyaBolqarıstan AB-ni Türkiyəyə miqrantlara görə ödəniş etməməkdə günahlandırıb