“Bir arzum var, oğlumun adı oxuduğu məktəbə verilsin”

“Gözlərindən, yanağından, alnından öpdüm, sağollaşdım”

Source: Specify Source


Şəhid ailəsi övladlarının adının əbədiləşdirilməsini istəyir

“İllərlə çox kiçik bir daxmada yaşamışıq. Böyük bir ev tikmək 20 ilimizi alıb. Kiçik idi, düzdür, amma 3 övladımla içində xoşbəxt günlərimiz olub. İndi onlardan biri, Mədətim artıq yoxdur. Arada anası ilə düşünürük ki, kaş elə o daxmada qalaydıq, amma balalarımıza heç nə olmazdı”.

İkinci Qarabağ Müharibəsində həyatını itirmiş 22 yaşlı Mədət Xankişiyevin atası Vəkil Xankişiyevin sözləridir. Cəlilabad rayonunun Çünzəli kənd sakini olan Vəkil Xankişiyev deyir, hərbçi, xüsusən də kəşfiyyatçı olmaq oğlunun öz istəyi, arzusu olub, ancaq yenə də üzülürlər, əllərində deyil:

“Anası illərdir onkoloji xəstəlikdən əziyyət çəkir. Daimi müalicələrdə, əməliyyatlardadır. Mən özüm də bir neçə dəfə əməliyyat keçirmişəm. Deməyim odur ki, xəstəliklər dözüm gücümüzü də qırıb. Mədətdən böyük oğlumuz da hərbçidir. Sevinirik ki, o, sağ-salamat qayıdıb döyüşdən. İki övladı da şəhid olan ailələr gördük, dəhşətlidir, faciədir”.

image_from_ios (3).jpg
Mədət Xankişiyev

Ailə deyir ki, müharibədə həyatını itirən 3 mindən artıq insanın ailəsi ağrılara çox çətinliklə dözürlər:

“Bunun müqabilində kaş şəhidlərin xatirələri əbədiləşə, biz də bununla təsəlli tapaq. Adın harasa – küçəyə, məktəbə, bağçaya verilməsi dövlət üçün çətin olmaz yəqin, amma bizə çətin, çıxılmaz durumda bir ümid işığı olar”.

Ata deyir ki, Mədət əsgərliyini bitirib evə gələndə artıq hərbçi olmaq istəyirmiş. Ailəsi əvvəlcə razı olmayıb, çünki iki oğuldan biri hərbçi imiş və Mədətin kənddə qalıb onlara kömək etməsini istəyiblər:

“Xətrimizə dəymədi. Bir-iki ay kənddə, yanımızda qaldı. Üçüncü ay “yox, mən bacarmıram, hərbçi olmaqdır arzum”, – dedi. Bizə ona mane olmayaq deyə yalvardı və daha nəsə deyə bilmədik. İmtahan verib qəbul oldu. Artıq 3 il idi hərbçiydi və son bir ili xüsusi təyinatlı kimi fəaliyyət göstərmişdi. Qardaşı “çətindir, öz işində, Mingəçevirdə qal”, – desə də, dinləməyib, xüsusi təyinatlı olmaq üçün imtahan vermişdi”.

image_from_ios (7).jpg
Ata deyir ki, Mədət əsgərliyini bitirib evə gələndə artıq hərbçi olmaq istəyirmiş

Vəkil Xankişiyev deyir ki, müharibənin başladığını eşitdiyi gün oğlanlarına zəng edib. Ancaq heç biri döyüşdə olduğunu deməyib:

“Mədət də sirr verməzdi. Müharibədə ola-ola bizə “Bakıdayam”, – söyləyirdi. Qardaşı sonradan deyir ki, müharibənin ilk günü Murov dağı istiqamətində döyüşə qatılıblar. Oradakı bəzi yüksəklikləri azad edib, Şəmkir korpusuna təhvil verəndən sonra Xocavənd istiqamətində döyüşə qatılıblar. Tuğ kəndində isə snayper gülləsinə tuş gəlib”.

Ailəsinə oktyabrın 18-də Mədət Xankişiyevin yaralanması xəbəri gəlib:

“Halbuki oktyabrın 16-da şəhid olub. Bildim ki, yaralı məsələsi deyil, günlərdir xəbər yoxdur, zəng etmir. Axşamçağı qayınım zəng etdi ki, əlimi kəsmişəm, gəl bizə. Getdim, içəri girəndə gördüm evlərində çoxlu adam var. Başa düşdüm, ağlım başımdan çıxdı. Ürəyim gedib, yıxılmışam. Nə qədər huşsuz qalmışam, daha bilmirəm. Ayılan kimi yola çıxdıq”, – ata xatırlayır.

image_from_ios (2).jpg
“Prezidentdən xahişim var”

Vəkil Xankişiyev Beyləqana qədər necə gedib çıxdığını unudub. Deyir, yolda da dəfələrlə huşu başından çıxıb:

“Dedilər Beyləqan Xəstəxanasındadır. Gedib gördüm. Gözlərindən, yanağından, alnından öpdüm, sağollaşdım. Ayrıla bilmirdim. Güclə qucaqlayıb çəkdilər kənara. Sonra bəzi sənədləşdirmə işləri apardılar. Beləcə uşağın meyitini götürüb, gəldik kəndə. Belindən vurulmuşdu, yarası ağır idi. 19-da kəndimizdə dəfn etdik”.

Ailəsi Mədətə bir otaq ayırıb. Otağı onun şəkilləri, hərbi geyimləri, əşyaları ilə bəzəyiblər, ancaq yenə də ürəkləri soyumur:

“Bir neçə gün sonra ayaqqabılarını, paltarlarını gətirdilər. Anası ilə öpüb, bağrımıza basdıq, iylədik, doymadıq. Günlərlə paltarları ilə yatıb durduq. Axırda da ürəyim dözmədi, dəfndən 1 həftə sonra infarkt keçirdim”.

image_from_ios (4).jpg
“Bir neçə gün sonra ayaqqabılarını, paltarlarını gətirdilər”

Yenicə özünə gəlmiş Vəkil Xankişiyev deyir ki, həyat onlar üçün çox mənasızlaşıb:

“Prezidentdən xahişim var. Mənim yeməyə, geyimə ehtiyacım yoxdur, heç nə istəmirəm. Tək istəyim oğlumun adının yaşadılmasıdır. Oxuduğu Çünzəli kənd orta məktəbinə adını vermək olar. Bununla bağlı bir neçə quruma yazmışam, ancaq bir cavab gəlməyib. Nolar, adını yaşadaq, ölməsin mənim oğlum”.

22 yaşlı Mədət Xankişiyev ölümündən sonra bir neçə medalla təltif edilib.

image_from_ios (10).jpg
Mənim yeməyə, geyimə ehtiyacım yoxdur, heç nə istəmirəm
image_from_ios (5).jpg
“Tək istəyim oğlumun adının yaşadılmasıdır”
image_from_ios (6).jpg
“Bununla bağlı bir neçə quruma yazmışam, ancaq bir cavab gəlməyib”
image_from_ios (9).jpg
“Gözlərindən, yanağından, alnından öpdüm, sağollaşdım”
Ana səhifəBölgə“Bir arzum var, oğlumun adı oxuduğu məktəbə verilsin”